Hakimlər müstəqildir

18:23 - 4 Mart 2020 - KİVDF

Onlar işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar

Müasir dövrdə məhkəmələrin fəaliyyətinin ədalətliliyi və səmərəliliyi cəmiyyətin və dövlətin demokratikliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi və təmininin qiymətləndirilməsinin meyarlarından biri kimi qəbul edilir. Güclü, müstəqil və səmərəli məhkəmə hakimiyyəti həmin dəyərlərin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra öz fəaliyyətində qanunun aliliyinə, insan hüquqları və demokratiyanın müdafiəsinə xüsusi önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə–hüquq islahatlarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, məhkəmələrin fəaliyyətinin hüquqi əsasları yaradılmış, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilmiş, onların səlahiyyətləri genişləndirilmiş, sayı artırılmış, maddi təminatları yaxşılaşdırılmış, hakimlərin səffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yeniləşməsinə nail olunmuşdur.  Bu sözləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrii Ramiz Rzayev yazıb. Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, bu sahədə ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilərək tətbiq olunan yeniliklər, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.

Ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il fərmanının qəbul edilməsini şərtləndirmişdir. Bu fərmanda deyilir: “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”.

Göründüyü kimi bu sənəd məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. “Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr qarşıya qoyulmuşdur”.

Respublika Prezidentinin fərmanında müəyyən vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmaqla yanaşı, onların təminatı da müəyyənləşdirilmiş, həyata keçirilməsinin konkret müddətləri dəqiqləşdirilmişdir. Fərmanda qeyd olunur ki, “ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”.

Fərmanın 1-ci bəndində qeyd olunub ki, Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə müvafiq olaraq hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bu maddə ilə  hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri tənzimlənir Maddəyə əsasən, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Onlar işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.

İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcudluğunu müəyyən edir.

Maddəyə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Ədalət məhkəməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Məhkəmələrin ictimaiyyətlə işinin ən yaxşı forması məhkəmə proseslərinin qanuna müvafiq, yüksək peşəkarlıq səviyyəsində aparılmasıdır. Məhkəmə baxışı zamanı mövcud qanunlar əsasında, tərəflər tam dinlənilməklə, nə üçün məhz belə qərar qəbul edilməsinin tərəflərə və məhkəmə prosesini izləyənlərə çatdırmağa nail olunursa ictimaiyyətdə məhkəmə hakimiyyətinə inam artacaqdır.

(ardı var)

Xəbər xətti