Ana səhifə
22 Sentyabr 2018

«Mən bu taleyi seçməmişəm, tale məni seçib» - Müsahibə

Hacı İsmayılov: «Təssəvvür edə bilmirəm ki, aktyor sənəti qədər şərəfli sənət olsun»

 

«İnsanlar var ki, həyata gəlirlər, gedirlər, heç özləri də bilmirlər ki, nəyə gəldilər, niyə getdilər»

 

Teatrda və kinoda öz sözünü deyən sənətkarlardan biri də xalq artsiti Hacı İsmayılovdur. Müsahibim deyir ki, “teatrda və kino sahəsində uğura nail olmaq üçün uzun həyat keçməlisən, bir aktyor ömrü yaşamalısan. Mən o aktyor ömrünü yaşamışam”. Yaratdığı obrazlarla tamaşaçıların sevgisini qazanan xalq artisti Hacı İsmayılov “Şənbə qonağı”mızdır.

 

- Hacı müəllim, necəsiniz?

 

 - Pis deyiləm. Yeni 2015-ci ili yaşayırıq. Hər birimizə həyatda və yaradıcılığımızda uğurlar arzu edirəm.

 

- 2014-cü il sizin üçün necə keçdi?

 

 - 2014-cü ildə yaradıcılığımda əlamətdar hadislər baş verdi.  70 yaşım tamam oldu. Düzdür, 70 yaş tez gəldi, amma Allahıma bu yaşı mənə qismət etdiyinə görə şükr edirəm. Teatr Xadimləri İtiffaqında təsis edilmiş «Sənətkar» ordeninə layiq görüldüm. Teatr Xadimləri İttifaqının sədr müavini seçildim. “Zəfər” studiyasının nəzdində Mustafa Mərdənovun 120 illiyinə həsr edilmiş "Mənim müasirlərim, mənim xatirələrim" tamaşasında xalq artisti Rafiq Əzimovla oynadıq və orada Mustafa Mərdənovun səhnəsi açıldı. Bununla yanaşı, «Cəfər Cabbarlı» mükafatına layiq görüldüm. Teatrda və Teatr Xadimləri İttifaqında işləyirəm.

 

-Keçən il yaxşı keçib. Bəs 2015-ci ildən nə gözləyirsiniz?

 

 - Teatr Xadimləri İtiffaqında işim çoxdur. Burada yubileylər, tədbirlər keçiririk. İlyas Əfəndiyevin 120 illiyi qeyd edildi və «Ömrün səhifələri» kitabının təqdimatı oldu. Teatrda İlyas Əfəndiyevin əsərləri üzərində qurulan tamaşalar çoxdur. Hazırda "Mənim günahım" əsərini hazırlayırıq və fevralda təqdim edəcəyik. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşada Məleykə Əsədova, Əjdər Həmidov, Elşən Rüstəmov, mən və cavanlar iştirak edir. Eləcə də türk dramaturgiyasından "25-15 qatarı" əsasında Bəhram Osmanovun quruluşunda tamaşa hazırlanır. Orada Sənubər İsgəndərli, Nurəddin Quliyev, Elşən Rüstəmov, Firuz Xudaverdiyev və mən iştirak edirik. Ümüd edirik ki, uğurlu alınacaq.

 

- Həm teatr, həm də kino sahəsində öz sözünüzü demiş sənətkarsınız. Hər iki sahədə uğura nail olmağı necə bacardınız?

 

 - Hər ikisində uğura nail olmaq üçün uzun həyat keçməlisən, bir aktyor ömrü yaşamalısan. Mən o aktyor ömrünü yaşamışam və 1967-ci ildən indiyə qədər işimlə məşğul oluram. İşini sevirsənsə, o zaman nəyəsə nail olacaqsan. Sənətinə sevgi olmasa, uğura nail olmaq olmaz. Sevgi ilə yanaşı, əziyyət çəkməlisən. Mən deyərdim ki, istedad sonra gəlir. Düşünürəm ki, əsasən sevgi, zəhmət və sonra istedaddır. Bunlarla yanaşı, səbrli olmaq lazımdır. Mən hər zaman həyatda da, sənətdə də səbrli olmuşam. Dolça bürcündənəm. Bu bürcdən olan insanlar hadisələri qabaqlamağa tələsmirlər. Hadisələri vaxtında həll edəndə yaxşı olur. Sidq ürəkdən, təmiz qəlb və sevgi ilə bu sənətdə işləmişəm.

 

 - Sənətindən bəhrələndiyiniz aktyor olubmu?

 

- Azərbaycan teatrında çoxlu sənətkarlar olub və onların tamaşalarını, filmlərini izləmişəm. Onlardan da bir şey götürməyə çalışmışam. Amma heç kimə bənzəmək istəməmişəm.

 

 - Teatrı olan bu sevgi nə vaxtsa tükənə bilərmi?

 

 - Yox. Teatra olan sevgimin tükənməsinə inanmıram. Hələ məktəb illərində dram dərnəyinə getməklə yanaşı, idmanla məşğul olurdum. Əgər aktyor olmasaydım, yaxşı idmançı olardım. Amma teatr sənəti öz möcüzəsi, cazibəsi və qəribə aurası ilə özünə cəlb elədi. Buna görə də teatra olan məhəbbətimin sönəcəyinə heç vaxt inanmıram. Bu sevgi ömürlük olacaq. Həmişə deyirəm ki, aktyor dünyaya gəlir, səhnəyə üz tutur, həyatını səhnədə əridir və gedir. Bəziləri unudulur, bəziləri isə illərlə yaşayır. Bu isə taledən asılıdır. Deyim ki, mən bu taleyi seçməmişəm, tale məni seçib.

 

 -Necə düşünürsünüz, yaradıcı insanın yaşayıb-yaratmasına nə mane ola bilər?

 

 -Həyatdakı gözlənilməz hadisələr və dəyişikliklər mane ola bilər. Amma o hadislərə qalib gəlmək lazımdır. Gənclik illərindən qarşıma fransız ədibi Romen Rollanın “Həyat hər gün mübarizə meydanına atılan insanlara məxsusdur” fikrini məqsəd qoymuşdum. Yəni yaşadığımız hər gün mübarizədir. İstər yaradıcılıq, istər həyatda olsun. Sadəcə çətinliyə, ədalətsizliyə, haqsızlığa qalib gəlmək lazımdır. Qalib gəlmək üçün də səbrli olmalısan.

 

 -Hazırda aktyorluq sənətini necə qiymətləndirirsiniz?

 

- Aktyor sənəti çox ləyaqətli, şərəfli sənətdir. Əgər bir insan səhnəyə çıxıb onlarla, yüzlərlə tamaşaçı cəlb edib, onları qulaq asmağa, baxmağa vadar edirsə, deməli bu, böyük sənətdi. Mən təssəvvür edə bilmirəm ki, aktyor sənəti qədər şərəfli sənət olsun. Aktyor olmaq hər adamın işi deyil. Bu sənətə elə insanlar gəlib ki, aktyor olmaq istəyiblər, amma gediblər. Yaxud da, aktyor işləyirlər, amma o qədər də tanınmırlar, sevilmirlər. Hər insanın öz qisməti var. Aktyor sənətini qiymətləndirirəm. Normal insan bir həyatı yaşayır, amma aktyor yüzlərlə obraz yaradır və onları yaşayır. Çox insan elə bilir ki, aktyorlar obrazları oynayırlar. Yox, onlar obrazları oynamırlar, yaşayırlar. Rolu, obrazı oynamaq olmaz. Tamaşaçını inanıdırmaq üçün obrazı qəlbən yaşamaq lazımdır.

 

-Hacı müəllim, hər obrazı qəlbən yaşamaq çətin deyil ki?

 

- Əlbəttə çətindir. Biz obrazı yalnız məşq, tamaşa vaxtı yaşamırıq, eyni zamanda, evdə də o obraz yadımıza düşür və obrazın sözlərini deməyə başlayırıq. Obrazla yaşamaq mütləq lazımdır. Rol yaratmaq bina tikməyə bənzəyir. Hər şey pillə-pillə baş verəndə nəyəsə nail olmaq olar. Amma «birdən-birə aktyor olum, tanınım» kimi düşünmək yalnış fikirdir. Aktyor teatra canını, ürəyini qoyur. Bu, cavanlıq illərində hiss olunmur, amma yaşlandıqca hiss edirsən ki, bu iş nə qədər çətindir. Əsl sənət ciddi, məsuliyyətli, səmimi, təbii olmağı sevir. Bu sənətin həvəskarı deyil, peşəkarı olmalısan.

 

- Bəs, bu gün  həvəskar, yoxsa peşəkar aktyorlar çoxdur?

 

- Bizim teatrda peşəkar aktyorlar çox olub və var.  Bizim bəxtimiz onda gətirib ki, teata gələndə çox peşəkar aktyorlarla - Ələsgər Ələkbərov, Əjdər Sultanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Barat Şəkinskaya, Hökümə Qurbanova və Leyla Şıxlinskaya kimi sənətkarlar vardı. Onlar bizim üçün bünövrə olublar, aktyor  sənətinin yolu belə olmalıdır. Hazırda da Akademik Milli Dram Teatrında peşəkar aktyorlar var ki, məndə yaşımın bu vaxtında onlardan nəsə götürürəm. Öyrənmək heç vaxt gec deyil. Azərbaycan teatr sənətində çox görkəmli aktyorlar olub ki, biz onlardan götürmüşük, gələcək nəsillər də bizlərdən götürəcəklər.

 

 - Böyük aktyor olmaqla yanaşı, böyük aktyorlarla da filmlərə çəkilmisiniz, Səməndər Rzayev, Yaşar Nuri, Səyavuş Aslan, Telman Adgözəlov və başqaları ilə tərəf müqabili olmusunuz. Bu gün onları itirməklə, teatrda və kinoda nələri itirdik?

 

- Peşəkar aktyor olmaq hər aktyora nəsib olan bir şey deyil. Bunun üçün müəyyən yol keçməlisən. Mən o aktyorla işlədiyimə, bir yerdə çalışdığıma görə xoşbəxtəm. Onların dünyasını dəyişməsi mənə çox pis təsir etdi. İnsan sanki yalqızlaşır, təkləşir. Bir söz var; Deyirlər, əvəzolunmayan insan yoxdur. O fikirlə razıyam, amma təkrarolunmaz insanlar var. Bu sənətkarlarımız təkrarolunmaz sənətkarlardır. Ona görə itirdiyimiz aktyorların sənəti də, yeri də görsənir. Dünyasını dəyişmiş sənət dostlarımızın  filmlərdə, əsərlərdə, televiziya tamaşalarında olması adama bir az təsəlli verir. Çünki bununla bizim və tamaşaçıların qəlbində yaşayırlar.

 

- O aktyorlardan daha çox kiminlə dostluq edirsiniz?

 

- Telman Adgözəlov və Səməndər Rzayevlə dostluq etmişəm. Həyat qəribədir. Mənə hərdən elə gəlir ki, mən nə qədər yaşayıram, mənim dostlarım da yaşamalı idi. Amma çox erkən vaxtlarda ən yaxşı dostlarımı itirdim. Tələbəlik ilərindən və İrəvan, Sumqayıt Teatrlarında işləyəndə bir neçə dostumu itirdim. Sonra «Azdrama»da Səməndər Rzayev, Vəfa Fətullayev, Telman Adgözəlov, Yaşar Nuri dünyasını dəyişdi. Onları itirmək çox çətin idi. Daha çox yaşayıb yarada bilərdilər. Onların yaratdıqları obraza baxanda birgə keçirdiyimiz illər yadıma düşür, nostalji hisslər yaşayıram. O sənətkarlarla çox gözəl filmlərdə, tamaşalarda iştirak etmişəm. Onların yanımda olmamaları qəlbimi ağrıdır.

 

- Bu gün niyə yaxşı filmlər çəkilmir?

 

- Mən həmişə demişəm ki, insan yaşadığı dövrün məhsuludur. Bizim bəxtimiz onda gətirib ki, keçən əsrin 60-90-cı illərində yaxşı kinolar, tamaşalar oldu. O dövr Azərbaycan teatrı və kinosunu tarixində intibah dövrü olub. Sonra keçid dövrü başladı. İntibah dövründən sonra bir sükut olursa, sonra yaxşı filmlər, tamaşalar gəlir. Bu dövrü yaşamalıyıq ki, əldə etdiyimiz nailiyyətlərdən daha çox uğurlarımız olsun. Mən inanıram ki, kinoda və teatrda da güclü inkişaf olacaq. Başqa yol yoxdur.

 

- Bu gün Hacı müəllimin arzuladığı obraz varmı?

 

-Cavanlıq illərimdə olub. Cavan olanda qəhrəman rolları, Ovodu, Aydını, Hamleti oynamaq istəyirdim. Aktyor sənəti rejissordan asılı sənətdir və aktyoru müəyyən səmtə rejissor aparır. O mənada, mənim bəxtim gətirdi ki, kinoda görkəmli səntkar Rasim Ocaqov kimi rejissorla işlədim və sənət yolumu tapdım. Bu yol da mənə uğur gətirdi. Yəni, seçim aktyordan asılı olmur. Əsas odur ki, sənətdə də, həyatda da öz yerini tapasan və özündən sonra nəsə qoya biləsən. İnsanlar var ki, həyata gəlirlər, gedirlər, heç özləri də bilmirlər ki, nəyə gəldilər, niyə getdilər. Amma insan biləndə ki, gəlişinlə bu həyatda bir iş qoyursan, xalq qarşısında vəzifəni yerinə yetirirə bilirsənsə xoşbəxtlikdir.

 

- Hacı müəllim, arzularınızı eşitmək istərdik…

 

- 70 yaşımdan sonra bir arzum var. Allah bundan sonra da bir az ömür versin ki, arzularımız yerinə yetsin. İnsan arzusuz yaşaya bilməz. Amma bəzən yaşlı rejissorlar, aktyorlar deyirlər ki, mən hələ öz sözümü deməmişəm. Baxırsan ki, 60-70 yaşı var, amma öz sözünü deməyib. Nə vaxt sözünü deyəcək, özü də bilmir. İndi o dövr keçib axı. Mən sənətdə öz sözümü demişəm. Amma insan hər gün yeni bir şey istəyir. Aktyorun arzusu daha çox sənətlə bağlıdır, hansısa obrazları canlandırmaq istəyir. Eləcə də dünyanı gəzmək, görmək istəyirsən. Hər şey qismətdən asılıdır. Aktyor üçün insanların xoş rəftarı kifayətdir. Küçədə gedəndə insanların hörməti, salam verməsi böyük xoşbəxtçilikdi.

 

-Yaşadığınız illərə nəzər saldıqda istədiyiniz kimi ömrü yaşadığınızı düşünürsünüzmü?

 

- Vallah, hərdən öz-özümə deyirəm ki, mən 20-ci əsrin adamıyam. O illərdə çox dolğun yaradıcılıq yolu keçmişəm. İndi də o günləri yadıma salanda heyfsilənirəm. Filmlərə çəkilmişəm, tamaşalarda oynamışam. Mənə o dövr kifayət edər. Bir arzum vardı ki, 21 əsrin birinci gününü Allah qismət eləsin. 15 ildir ki, 21 əsrdə yaşamışam. Deməli, iki əsrin insanıyam.

 

 

 

Rəqsanə

Tarix
16 Yanvar 2015 [17:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin