Ana səhifə
19 Noyabr 2018

“Son vaxtlar çəkilən komediya filmlərini izləmirəm” – Müsahibə

“Filmin afişasına baxmaqla onun maraqlı olub-olmayacağını bilirəm”

 

Bəhram Bağırzadə: “Ölüm, itki, müharibə, faciələr olan yox, insanları sevgi məhəbbətə çağıran film çəkmək istəyirəm”

 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bir neçə gün öncə Azərbaycanın incəsənət nümayəndələrindən bəzilərini bu yay keçiriləcək İlk Avropa Oyunları üçün "Ulduz Elçi" siması olaraq təqdim etdi. Tanınmış aktyor Bərham Bağırzadə çimərlik futbolu üzrə “Ulduz elçilik” vəzifəsini yerinə yetirəcək. Aktyor bizimlə söhbətində ona verilən bu missiyadan məmnun qaldığını bildirdi. Müsahibim olan aktyorla eyni zamanda yaradıcılıq işləri, komediya sahəsinin hazırkı durumu və s mövzularda söhbət apardıq. Həmin söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik.

 

- Çimərlik futbolu üzrə “Ulduz elçi”lik vəzifəsi sizə həvalə olundu. Necə qarşıladınız? Futbolla maraqlanırsınızmı?

- Belə bir məsələ ortaya çıxanda mən futbol üzrə “Ulduz elçi” olmaq istəyirdim. Əmin idim ki, futbol üzrə elçi olacağam. Sənətçi dostlarımızla müzakirə edəndə də demişdim ki, mənə futbol sahəsi düşsə çox yaxşı olar, özümü orada çox rahat hiss edəcəm. Futbola marağım var və oynamağı da sevirəm. Bu yarışlarda isə bir səfir kimi də qollarımı vuracam.

 

- Məşq edəcəksinizmi?

- Məşqi futbolçular etsə daha yaxşı olar. Çünki artıq özümü hazır hiss edirəm. Hər kəsə uğurlar arzulayıram. Bir azərbaycanlı olaraq bu cür gözəl hazırlıqları gedən tədbirin möhtəşəm keçməsini arzulayıram. Bu oyunlar vasitəsilə ölkəmizin dünyada daha da tanınmasını istəyirəm. Tədbirdən sonra ölkəmizə inşallah daha çox turist axını olar. Bizim dövləti daha yaxşı tərəfdən tanısınlar. Ona görə də həmin yarışlarda elçi kimi iştirak edirəm.

 

- Olimpiya oyunlarında səfir seçildiniz. Bəs siyasətə qatılmaq kimi arzunuz var?

- Ən böyük siyasətim yaradıcılığımdır. Məşğul olduğum sahədə uğur qazanmağı özümə borc bilirəm. Siyasətlə isə siyasətçilər məşğul olsunlar. Amma bu o demək deyil ki, mən siyasətlə maraqlanmıram. Belə bir fikir var ki, siyasətlə maraqlanmasan siyasət sənininlə maraqlanacaq. Amma gələcək filmlərimdə, tamaşalarımda hansısa siyasi bir kadrlar ola bilər. Ona görə də hər bir sahədən müəyyən qədər məlumatlı olmaq lazımdır.

 

- Yaradıcılığınızla bağlı hansı yeniliklər var?

- Hazırda kinoya, reklamlara çəkilirəm. Kino haqqında məlumat vermək istəmirəm. Amma onu deyə bilərəm ki, bu yaxınlarda “Bakının memarlığı-XXI əsr” adlı təzə kitabım işıq üzü görəcək. Kitabı Avropa Oyunlarından öncə təqdim etməyə çalışacam.

 

- Kinoya çəkiləcəyinizi dediniz. Bu komediya janrında olacaq?

- Yox, sırf dram janrında ciddi bir film olacaq. Bu yaxınlarda ilk dəfə prodüser kimi iştirak etdiyim “Ümid” adlı film beynəlxalq müsabiqədə birinci yer tutdu. Bu 6 dəqiqəlik filmdir. “Youtube”da izləmək mümkündür.

 

- Bu gün çəkilən komediya filmlərini və verilişlərini necə qiymətləndirirsiz?

- Bu filmləri, verilişləri hazırlayanların inciməsini istəmirəm. Amma həqiqətən o filmlərə, verilişlərə baxmıram. Birincisi, buna vaxtım yoxdur, ikincisi də istəmirəm.

 

- Sizi teatrda hər hansı tamaşada görə bilərik?

- Aprelin 25-26-da Heydər Əliyev Sarayında Planet Parni iz Baku KVN teatrının tamaşasıdır. Hər kəsi izləməyə dəvət edirəm.

 

- Teatr rejissoruğu ixtisasını bitirmisiniz. Amma hələ ki aktyor kimi fəaliyyət göstərirsiniz. Özünüzü rejissor kimi sınamağı düşünmürsünüz?

- Rejossor fakültəsini bitirsəm də, hələ ki özümü bu iş üçün tam hazır hiss etmirəm. Amma gələcəkdə özümü rejissor kimi də sınamaq istəyirəm.

 

- Fikrinizdə elə bir ssenari varmı ki, öz rejissor işiniz olaraq ərsəyə gətirmək istəyirsiniz?

- Sevgi və məhəbbətdən olan bir iş ərsəyə gətirmək istəyirəm. Söhbət təkcə kişi və qadın arasında olan sevgidən getmir. Ümumiyyətlə, məhəbbət, eşq, sevgi olan bir film çəkmək istəyirəm. Anaya, övlada, dövlətə, məmləkətə sevgi ola bilər. Fantastika, ölüm, atışma kimi mövzular mənlik deyil.

 

- Bu gün çəkilən filmlərdəki sevgi səhnələrini o qədər də uğurlu hesab etmirsiniz?

- Mən çəkmək istədiyim ssenari haqda danışıram və öz filmimi o cür görürəm. Kiminsə uğurlu və ya uğursuz iş təqdim etdiyini deyə bilmərəm. Hamı ayrı-ayrı rakurslardan baxır və işini öz gördüyü kimi çəkir. Ölüm, itki, müharibə, faciələr olan yox, insanları sevgi məhəbbətə çağıran film çəkmək istəyirəm.

 

- Komediya janrında film çəkmək haqqında düşünmüsünüz?

- Düşünə bilərəm, amma bu işlə məşğul olmaq istəmirəm. Aktyor kimi çəkilsəm də, komediya ilə bağlı film çəkməyə marağım yoxdur. Son vaxtlar çəkilən komediya filmlərini isə izləmirəm və onlara baxmaq kimi də fikrim yoxdur. Artıq filmin afişasına baxanda onun mənim üçün maraqlı olub-olmayacağını bilirəm.

 

- Sizi seriallarda niyə görmürük?

- Seriallara çəkilmək xoşuma gəlmir. Amma gündə iki dəfə serial təklifi alıram. Təkliflər çox olsa da, çəkilmək istəmirəm. Məni qane etməyən odur ki, hər gün işə getmək, çəkilişdə olmaq lazımdır. Məndə isə bu alınmır. Halbuki dostlar tərəfindən serial təklikləri gəlir və qəbul etmədiyim üçün inciyirlər. Serial çəkənləri dəstəkləyirəm, hər kəs orda çörək qazanır. Amma özüm çəkilmək istəmirəm. Vaxtım olanda ancaq kitab oxumağa sərf edirəm.

 

- İndiki zamanda insanları güldürmək asan deyil. Siz necə düşünürsünüz?

- Əslində insanları güldürmək asandır. Ziyalıları, elmli, savadlı insanları güldürmək çətindir. Amma ümumilikdə insanları güldürmək çətin deyil. Ona görə də 20 il bundan öncəki çıxışlarımdan həzz alıram. Ozamankı tamaşalarımıza intellektual tamaşaçılar gəlirdilər. Əfsuslar olsun ki, indi o tamaşaçılar yoxdur. Çoxları dünyasını dəyişib, bəziləri isə digər ölkələrə köçüb orada yaşayırlar.

 

- Ən böyük tənqidçiniz kimdi?

- Birinci anam, sonra özüm.

 

- Bəhram müəllim üçün uğurun sirri nədədir?

- Uğuru ilk növbədə Allah təala tərəfindən seçilən insanlar qazanırlar. Əgər Allah izin verirsə, uğurlu olur. İnsan bunu dərk edib, həmin uğur üzərində işləməlidir. Allah hər istəyən və çalışan insanın ruzisini, bərəkətini, uğurunu verir. Düzdü səhvlər, zəif işlər də ola bilər. Amma kim səhv etmir ki? O adam səhv etmir ki, heç nə etmir. Hərəkətdə olan, nə isə iş təqdim etməyə çalışan insan həmişə səhv edə bilər. Mənim də səhvlərim olur. Hərdən tamaşada, filmdə oynayıram. Sonra deyirəm ki, filan yerdə səhv buraxdım və ya zəif oynadım. Bu normaldır və yaradıcılıq üçün qaçılmazdır.

 

Aygün Asimqızı

Tarix
16 Yanvar 2015 [15:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin