Ana səhifə
19 Sentyabr 2018

«Attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik»

Məleykə Abbaszadə: «Bu, oyektiv qiymətləndirilmə aparılarsa mümkündür»

 

 

 

Ötən il orta məktəbi "5"lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini doğrulda bilməyib. Bu göstərici ölkədə təhsilin sahəsindəki vəziyyəti göz önünə sərir. Məktəblərdə şişirdilmiş qiymətlərin yazıldığını təsdiq edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu sahədə ciddi araşdırmalar aparıb. Məlum olub ki, ötən il tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,47%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib. Yəni, məzunların 60%-a yaxın hissəsi ali məktəblərə imtahan zamanı aşağı göstəricilər qazanıb. 
Bu isə məktəblərdə verilən yüksək qiymətlərin şişirdildiyini göstərir. Bəzi təhsil ekspertləri obyektiv qiymətləndirilmə aparılmamasının xüsusilə, kənd və rayonlarda müşahidə olunmasını müəllimlərin qeyri-peşəkarlığında görürülər. Bəzi hallarda idman müəllimi kimyadan dərs keçir. Çünki, məktəbdə yetərli sayda müəllim yoxdur. Müəllim işləyənlər isə daha çox Bakı və ətraf rayonlarda işləməyə maraqlıdır. Uzaq kəndlərə və rayonlara isə hər müəllim getmək istəmir. Nəticədə, ucqar rayonlarda peşəkar müəllim çatışmazlığı yaranır. TQDK-nın açıqladığı rəsmi rəqəmlərə nəzər salmaq bölgələrədəki vəziyyəti müşahidə etməyə kifayət edir. Belə ki, ötən il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan MR-sı Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Bu rəqəmlər rayonlarda təhsil səviyyəsinin paytaxta nisbətdə çox aşağı olduğunu sübut edir.

“Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 50-76 faizini mənimsəmir. Bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməmələrindən irəli gəlir”,-deyə qeyd edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.

Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev qeyd edir ki,  əvvəlki tədris illərində də aşağı göstəricilər olub. Ekspert orta məktəbi əla qiymətlərlə bitirən şagirdlərin böyük kəsiminin TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərmədiyini deyir: “Yüksək bal toplaya bilməməyin səbəbi orta məktəbdə qiymətlərin şişirdilməsiylə sıx surətdə bağlıdır. Bu gün məktəb qiymətləndirilməsinə diqqət son dərəcə zəifdir və qiymət şişirdilməsi ötən illərdə olduğu kimi davam edir. Şübhəsiz ki, bu sahədə mütləq monitorinq aparılmalıdır və səbəblər öyrənilməlidir”. E.Əliyevin fikrincə, qiymət şişirdilməsi mənfi hal olmaqla yanaşı, bir saxtakarlıq nümunəsidir. Ekspert bu prosesə təkan verərək problemi olduğu kimi saxlayanların məktəb direktorları olduğu qənaətindədir. Yuxarı sinif şagirdlərinin böyük bir hissəsinin dərsdən yayınaraq repetitor yanında hazırlığa getdiyini deyən ekspert, bunun müqabilində qiymətlərin şişirdildiyini söyləyir: “Dəqiq monitorinq apararaq problemin kökünü tapıb ictimaiyyətə təqdim etmək gərəkdir. Keyfiyyət birinci növbədə təhsil işçilərindən asılıdır”

Göründüyü attestat qiymətləri reallığı əks etdirmir. Maraqlıdır ki, bu neqativ hala baxmayaraq son dövrlər istər mətbuatda, istərsə də yerli ekspertlər səviyyəsində attestat qiymətlərinin ali məktəblərə qəbul imtahanlarında nəzərə alınması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu cür təklifləri səsləndirənlər fikirlərini onunla əsaslandırırlar ki, bir çox ölkələrdə artıq bu praktika tətbiq olunur. Yəni universitet attestat qiymətləri ilə məzunu qəbul edir, təhsilinə şərait yaradır və s. Amma təhsilini başa vurduqdan sonra həmin şəxsi işə götürüb-götürməmək səlahiyyəti qalır işəgötürənin öhdəsinə. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çoxdandır müzakirə olunan bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. TQDK sədri deyib ki, attestat qiymətlərinin ali məktəblərə qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyil. Onun sözlərinə görə, orta məktəbi “5” qiymətlə bitirən məzunların yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib: “Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq, bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb, onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında uyğunsuzluq olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.

TQDK sədrinin söylədiyi həqiqəti ortaya qoyur. Attestat qiymətinin nəzərə alınması neqativ halların sayını artıra bilər. Bu məsələni gündəmə gətirməkdənsə peşəkar müəllimlərin bölgələrə göndərilməsi daha effektli olardı. Ekspertlərin fikrincə, peşəkar müəllimlərin bölgələrdə işləməsinə maraq yaratmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. Təkcə, Dağıstanda rayon yerində işləyəcək müəllimə 20 min dollar pul verilir. bununla yanaşı, həmin müəllimə təmannasız torpaq sahəsi ayrılır. Müəllimə yüksək maaş verilir və bütün maddi probləri həll olunur. Müəllim işləyəcək şəxs isə həyatını quracaq imkanları gördükdən sonra rayonda işləməyə daha maraqlı olur. Azərbaycanda isə bu vəziyyət tamam başqa cürdür. Bu təcrübə bizdə də tətbiq olunsada, təəssüf ki, yetərli səviyyədə deyil. Kəndlərdə bələdiyyə tərəfindən müəllimə torpaq ayrılır. Ancaq, müəllimə orada yaşamağa maraq yaratmaq üçün əlavə vəsait ödənilməlidir. Müəllim qazandığı maaşla ev tikə bilmədiyi üçün, rayonda işlədiyi müddətcə kirayədə qalmağa məcburdur. Əslində,  Azərbaycan Nazirlər Kabineti gənc müəllimlərin bölgərdəki məktəblərdə işləməsi üçün stimullaşdırıcı qərar imzalayıb. Sentyabrın 15-dən isə bu qərar qüvvəyə minib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində müəllim kadrlarına ciddi ehtiyac aradan qaldırılıb. Cari dərs ilində ölkənin ümumtəhsil məktəblərinə 1700-dən çox müəllim işə qəbul olunub ki, onların 85 faizi kənd məktəblərində fəaliyyətə başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, təkcə bu il 1400-dən çox müəllim bölgərə göndərilib. Nazirlik rəsmisinin sözlərinə görə, gənc müəllimlərin bölgələrdə işləməsinə maraq yaratmaq üçün müvafiq işlər görülür, həvəsləndirici müsabiqələr keçirilir. C. Valehovun sözlərinə görə, müəllimləri bölgələrə məcburi aparmaq olmaz, gərək müəllimlərin özlərində də maraq olsun:
"Məsələn, Lerikin hansısa ucqar kəndində boş vakant yer var. Elə müəllim var ki, ona gedib orda işləmək maraqlı deyil. Kənd mühiti, ora öyrəşmək və s. kimi məslələr həmin şəxsin fikrini dəyişir. Ancaq bu o demək deyil ki, heç kim rayonlarda işləmək istəmir. Biz bu il bölgə məktəblərinə xeyli sayda müəllim göndərmişik".

Tələbkarlığın zəifliyi

 

Tarix
13 Oktyabr 2014 [13:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin