İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi

21:10 - 24 Fevral 2020 - Xəbər

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssisəsinə yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, bunlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir: "Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bundan əvvəl Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yerləşdirilən 2 nəfərin bədəninin hərarəti normaya uyğundur: "Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Xəbər xətti