Küçədə arvadını və uşağını döyən kişi ilə bağlı rəsmi AÇIQLAMA

15:50 - 21 Fevral 2020 - HADİSƏ

Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) küçədə kişinin həyat yoldaşını və uşağını döyməsi ilə bağlı məlumat yayıb.

Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb.

“Bu barədə həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər. Avtomobil tərəfimizdən aşkarlanıb”.

İdarədən qeyd edilib ki, faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, jurnalist Günay Arda ötən gün sosial şəbəkədə “İnşaatçılar” metrostansiyasının yaxınlığında kişinin həyat yoldaşını və yanındakı azyaşlını döyməsi barədə məlumat paylaşıb. O bildirib ki, kişi uşağı və qadını üz-gözündən qan axa-axa maşına basıb aparıb.

 

Xəbər xətti