İstirahət hüququ əsas hüquqlar və azadlıqlar sırasındadır

18:52 - 14 Fevral 2020 - KİVDF

Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ var

İstirahət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquqlar və azadlıqlar sırasındadır. Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ var. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən bildirilib ki, məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda  da öz əksini tapıb. «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixdən Azərbaycan Respublikasının qoşulduğu  Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.

Konstitusiya və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq istirahət vaxtı və məzuniyyət verilməsinin qayda və şərtləri də Azərbaycan Respublikasının Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır. İşçilərə əsas məzuniyyətlərlə yanaşı əməyin xarakterindən və əmək stajından asılı olaraq əlavə məzuniyyət müddətinin verilməsi bir tərəfdən əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar işçilərin səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət səmərəli işləmələrinə görə mükafatlandırılmasına yönəlib. Əmək Məcəlləsinin məzuniyyətin növlərini nəzərdə tutan 112-ci maddəsinin birinci hissəsinin «a» bəndinə görə əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir.

Bu Məcəllənin 113-cü maddəsinin ikinci hissəsində göstərilir ki, əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Maddənin üçüncü hissəsində isə qeyd edilir ki, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Həmin Məcəllənin 115-ci maddəsinin birinci hissəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Əmək Məcəlləsinin 116-cı maddəsinin birinci hissəsində qeyd olunur ki, əmək stajından asılı olaraq işçilərə, beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü,  on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.  O  da qeyd olunmalıdır ki, əmək stajına o cümlədən əmək şəraitinə görə əlavə məzuniyyətlər bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş işçilərə tətbiq edilmir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən qeyd edilib ki, əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənməsi qaydasını müəyyənləşdirən Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrlə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.

Həmin maddənin ikinci hissəsində isə qeyd olunur ki, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Qanunverici tərəfidən  Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərin mahiyyətləri müxtəlifdir. Belə ki, 115-ci maddədə müəyyənləşdirilən əlavə məzuniyyət müddətləri ilk növbədə əmək öhdəliklərini yerinə yetirən zaman işçinin sağlamlığına zərər yetirən mənfi amillərin təsirini kompensasiya etmək məqsədi güdürsə, 116-cı maddədə göstərilən əlavə məzuniyyətlərin müddətləri işçinin təssərüfat sahəsində uzun müddət işləməsinin stimullaşdırılmasına xidmət edir.

İşçinin əmək stajına görə, əlavə məzuniyyət hüququnun qanunvericilikdə nəzərdə tutulan müəyyən iş stajına malik olduğu andan, yaranmasından fərqli olaraq, əmək şəraitinə və əmək funsiyalarının xususiyyətlərinə görə, əlavə məzuniyyət hüququnun əmələ gəlməsi işçinin əmək şəraiti zərərli və ağır olan müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində üst-üstə azı altı ay işlədiyi müddətin mövcudluğu ilə əlaqələndirilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd edib ki, bu hal, digər əsaslarla yanaşı, göstərilən hüquqların hüquqi təbiətinə görə birini digərindən fərqləndirən əsas amillər sırasındadır.
Əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə, işçilərin sağlamlığına pis təsir göstərən neqativ amillərin intensivliyi və davamlılığını, müxtəlif peşə xəstəliklərinə daha tez tutulmaq təhlükəsinin reallığını əsas götürərək, qanunverici Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsində əlavə məzuniyyətlərin müddətlərinin aşağı həddini müəyyənləşdirmişdir.

Bununla belə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrindəki bir neçə əlavə məzuniyyətlərə hüququn mövcudluğu heç də onlardan eyni vaxtda tam həcmdə istifadə edilməsini nəzərdə tutmur. Məcəllənin 136-cı maddəsinin ikinci hissəsinə görə işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində  müəyyənləşdirilmiş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Belə ki, Məcəllənin 115-ci maddəsinin birinci hissəsinin məzmunundan aydın olur ki, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə, əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Bu maddənin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının, əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyini nəzərdə tutan ikinci hissəsindən belə qənaətə gəlinir ki, qanunverici əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə bir neçə əlavə məzuniyyət müddətini müəyyənləşdirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən bildirilib ki, əmək Məcəlləsinin 116-cı maddəsində isə əmək stajına görə konkret üç əlavə məzuniyyət müddəti göstərilir. Həmin Məcəllənin 136-cı maddəsinin birinci hissəsində qeyd olunur ki, bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrdə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə əlavə məzuniyyət hüquqlarını tanımaqla onların müddətlərinin əsas məzuniyyətlə cəmlənərək birlikdə verilməsini imperativ norma kimi müəyyənləşdirir. İşçiyə məzuniyyət verilərkən, bu hüquqlardan hər hansı birinin əsas məzuniyyətə birləşdirilməsinin məhdudlaşdırılması, belə hüququn hüquqi təminatdan kənarda qalmasına və deklarativ xarakter daşımasına zəmin yaratmış olardı.

Qanunverici sosial hüquqların tənzimlənməsi və iqtisadi məsələlərin həll edilməsində kifayət qədər geniş səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Milli Məclisi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsaslanmaqla, konstitusiya hüququndan istifadə edərək Əmək Məcəlləsinin 136-cı maddəsinin ikinci hissəsində işçinin əsas məzuniyyətinə bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətlərdən yalnız birinin, daha çox müddətlisinin birləşdirilməsini nəzərdə tutmuşdur.

Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə, əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 saylı Fərmanına əsasən bu səlahiyyətin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verildiyinə baxmayaraq, qeyd olunan sənəd təsdiq olunmamışdır.

Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq, işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.

Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq, işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.

Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.

Xəbər xətti