“Tərəddüdsüz insan yoxdur”

18:31 - 14 Fevral 2020 - Müsahibə

Könül xanım Arifqızı: “Sevgisiz yaşamaq olmaz”

“Əgər hansısa qapını mən çırpmışamsa, nəyə görə ikinci dəfə açım ? Ehtiyac yoxdur, buna. Çalışıram, çox qapını çırpmayım. Körpünü bir dəfəlik yandırmaq olmaz”. “Üç nöqtə” qəzetinin qonağı İctimai televiziyanın “Səhər proqramları” departamentinin direktoru, “Bir mahnının tarixçəsi” verilişinin aparıcısı Könül xanım Arifqızıdır.

-Daxili və xarici gözəlliyi bir ismə sığışdırmaq çətindir. Sizdə necə?
-Daxili gözəllik varsa, o insanın üzündə də özünü biruzə verəcək. Bəzən elə insan olur ki, onun üz cizgiləri o qədər də gözəl olmur. Amma daxili dünyası o qədər gözəldir ki, bu onun üzündə də özünü göstərir. Baxırsan ki, bu insan gözəl deyil, amma səni cəlb edir. Sən ona yaxınlaşıb, onunla söhbət etmək istəyirsən. Özüm haqqında isə heç bir şey deyə bilmərəm. Bunu mənimlə ünsiyyətdə olanlar deyə bilərlər.

-Tərəddüdləriniz çox olurmu ?
-Tərəddüdsüz insan yoxdur. İstənilən bir işdə tərəddüd ola bilər. İşin də böyüklüyü və kiçikliyi var. Kiçik işlərdə insanda kiçik tərəddüdlər olur, böyük işlərdə isə böyük və riskli. İstənilən tərəddüd zaman keçdikdən sonra əhəmiyyətsiz olur. Bu mənə görə belədir. Məsələn, nəyisə yaşayırsan, olur, bitir və deyirsən ki, nə qədər əhəmiyyətsiz bir şey imiş ki, mən buna görə yersiz tərəddüd elədim. Tərəddüdlərim çox olmur.

-İnsanlar bilərəkdən kiməsə pislik etmirlər. Bu fikirlə razısınız ?
-Bu insanın xarakterindən asılıdır. Elə adam var ki, pislik etmədən yaşaya bilmir. Mənə görə insanın içində həm yaxşılıq etmək, həm də pislik etməyə meyil etmə məqamları var. İnsan anadan tərtəmiz vərəq kimi doğulur. Onun yaşadığı həyat və formalaşdırdığı təcrübəsi ya onu pis insana, ya da yaxşı insana çevirir. Belə bir misal var. İnsanın içində iki varlıq mübarizədədir. Ondan hansını yemləsən, o da özünü qabarıq şəkildə göstərəcək. Yaxşını yemləsən, yaxşı, pisi yemləsən, pis.

-Sevgi insana nəyə görə lazımdır ?
-Hər şeydə sevgi lazımdır. Sadə bir nümunə deyim. Yeməyə sevgi olmasa, sən o yeməyi yeyə bilməzsən. Səhər yuxudan duranda da, işə gedəndə də, nəsə bir iş görəndə də bir eşq, bir sevgi mütləq ki, olmalıdır. Sevgi olmasa, sən heç bir şey edə bilməzsən. Məncə, sevgisiz yaşamaq olmaz.

-“Səninləyəm” kəliməsini siz çox demisiniz, ya sizə çox deyiblər ?
-Mənə çox deyiblər. Mən də demişəm, amma faiz etibarilə götürəndə mənə çox deyiblər.

-Ömür qatarınızı tərk edən sərnişinlər...
-Hər kəsin həyatında belə sərnişinlər var. Buraya dünyadan köçənlər də daxildir, səndən uzaqlaşanlar da. Dünyadan köçənlər yanımızda olmasalar da, ruhən bizimlədirlər. Amma ikincilər nə ruhən, nə də cismani olaraq bizimlə deyillər. Bir cümlə deyirəm, qatarı tərk edən sərnişinlərin yolu açıq olsun.

-Dost seçimində necə birisiniz ?
-Mən dost seçiminə çox diqqət yetirənəm. Çalışıram, ələk-vələk edəndən sonra dost olum, ailəmin içinə buraxım. Bərkini, boşunu görüb kiminləsə dost oluram. Qısa bir zaman içərisində heç bir zaman dost olmaram.

-Özünüzün uzaqlaşdırdığı insanlar çox olur, ya sizdən uzaqlaşanlar ?
-Əksər insanları özüm uzaqlaşdırıram. Buna görə qətiyyən də peşiman olmuram. İnanın, o qədər maraqlı həyatım var ki, heç o insanları yadıma belə salmıram. Əgər sənin aktiv həyat tərzin və bir də maraqlı ətrafın varsa, o insanlara görə üzülməyə dəyməz. Özümə görə deyirəm.

-Kövrək insansınız ?
-Kövrələ bilərəm. Məsələn, elə bir şeyə pis olaram ki, başqası buna görə kövrəlməyə bilər. Elə bir mahnı ola bilər ki, onun bir cümləsi mənə toxunar. Bu yaxınlarda Cabir Novruz ilə bağlı reportyorlarımdan biri süjet hazırlamışdı. Süjet onun ölüm günündə efirə gedəcəkdi. Dedim, süjetə onun “Tələbə” əsərindən də parça salın. “Tələbə” əsərini oxuduqca gözlərim dolurdu.

-Kiməsə nəyisə isbat edirsiniz ?
-Həyatımız elə isbatların üzərində qurulub. İşimizlə, özümüzlə isbat edirik. Həyatımızın hər anı isbatdır. Kimdə belə deyil ki ? Biz şəxsiyyətik, biz varıq, biz nəyəsə qadirik. Bunlarsız mümkün deyil.

-Özünüzün özünüzə isbatı necə ?
-Olur. Hansısa işim uğurlu olanda deyirəm, əhsən sənə, Könül. Sən bunu bacardın.

-Nigarançılıq hissi sizə doğmadır ?
-Mənə elə gəlir ki, Azərbaycan insanı bu məsələ də çox emosionaldır. Hər şeyə və hər kəsə qarşı nigaran olursan. Valiyenlərdən, qohumlardan və başqa kəslərdən. Adi insan hissləridir. İşlə bağlı isə mənə elə gəlir, mən tələbkaram, nigaran deyiləm. Nigaran qalmamaq üçün tələbkaram. Buna görə də işlərimi elə sistemdə qurmuşam ki, nigaran qalmıram.

-Səhvinizi boynunuza ala bilirsiniz ?
-Bilirəm. Əgər səhvim varsa, hətta üzr də istəyərəm. Eləmişəm də. Dostlarımla da olub. Ailədə çox da olmayıb. Deyim niyə ? Ailə elədir ki, o səni bağışlayandır. Üzrxahlıq məqamlar daha çox iş münasibətlərində olur.

-Səhvlər insana təcrübə qazandırırmı ?
-Bütün səhvlər insana təcrübə qazandırır. Tək səhvlər yox, elə doğrular da. Bizim hər gün yaşadığımız həyat kərpic-kərpic qurulan bir evdir. Bu kərpiclər sənə bir şey verir. Mənim çox ciddi səhvlərim olmayıb həyatda. Xırda səhvlərimdən isə nələrisə öyrənmişəm.

-Könül xanım, çırpdığınız qapını yenidən açarsınız ?
-Cəhd belə etmirəm. Əgər hansısa qapını mən çırpmışamsa, nəyə görə ikinci dəfə açım ? Ehtiyac yoxdur, buna. Çalışıram, çox qapını çırpmayım. Körpünü bir dəfəlik yandırmaq olmaz.

-Sabahları müzakirə edirsiniz ?
-Deyərdim ki, xeyr. Adam var ki, böyük iddialarla yaşayır, lakin mən belə deyiləm. Xatırlamıram ki, böyük məqsədləri oturub, düşünüm. Mənim üçün önəmli olan can sağlığıdır. Canımız sağ olsa, qalan hər şey düzələcək. Əsas həyatda sağlam olub yaşadığımız günün dadını çıxaraq.

-Günün sonunda özünüzə hesabat verirsiniz ?
-Hər dəfə olmur. Elə insanlar var ki, söyləyir, gecələr özümə hesabat verirəm. O kəslərə həsədlə baxıram ki, mən niyə hesabat verə bilmirəm ? Məndə daha çox ömrün hesabatı olur, günün yox. Qazancları, itkiləri, yaşadığım həyatı daha çox düşünürəm. Belə günün hesabatı olmur.

-Xəyal qırıqlığı...
-Belə bir deyim var, məyus olmamaq üçün öncədən kimisə yüksəltməyəcəksən. Çox gözəl cümlədir. Həqiqətən, kimisə gözündə daha çox ucaltmamaq yaxşıdır. Çünki, o kəsdən zərbə alanda xəyal qırıqlığı yaşamayasan. Çalışıram, bu cümlə ilə hərəkət edim və edirəm də.

-Qəlbinizdə yer almaq asandır ?
-Bir az öncə dediyim kimi, mən qəlbimdə hər adama yer ayırmıram. Onsuz da qəlb elə bir şeydir ki, orada hamıya yer ayıra bilmərsən. Məndə də belədir. Qəlbimin lap dərinliklərində ən yaxınlarım yer alıb.

-Həyatın gedişatında alın yazısının dəyişməyinə inanırsınız ?
-Bəli, inanıram. Mənə görə, alın yazısı əvvəlcədən yazılmır. İnsanlar öz istiqamətlərini müəyyən edir və o hədəfə doğru irəliləyir. Əbəs yerə deyilməyib ki, niyyətin hara, mənzilin ora.

-Müsahibəmizin sonuna gəldik. Mənə hansı sualı verərdiniz ?
-Bu insanlarla görüşlər sizə nə verir ?

-Hamısı ilə deyil, bəziləri ilə görüşlər həyat dərsi verir.

Rövşən Tahir


Xəbər xətti