İçərişəhərdə partlayış olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2

19:28 - 7 Fevral 2020 - HADİSƏ

İçərişəhərdə baş verən partlayışda xəsarət alanların adları məlum olub. 

Bunlar 78 yaşlı Vaqif İsmayılov, oğlu Ceyhun İsmayılov, Ceyhunun həyat yoldaşı Səidə İsmayılova, həmçinin V.İsmayılovun nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fəriddir.

Yaralılardan yalnız biri xəstəxanaya getməyib.

Zərərçəkmiş Ceyhun İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 nəfər xəsarət alıb: "Bizim evdə qaz yoxdur. Qonş tərəfdə yeni otel təmir olunur. Qaz oteldən bizim evə sızıb və partlayış baş verib. Mən yatmışdım, birdən səsə oyandım. Hadisə zamanı atam - 78 yaşlı Vaqif İsmayılov, həyat yoldaşım Səidə, oğlum - 14 yaşlı Rəvan və 18 yaşlı bacım oğlu Fərid yaralandı. Onlar hazırda xəstəxanadadırlar, mən getmədim".

*** 18:14

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsində 3 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə ikimərtəbəli binada baş verib.

*** 17:48

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

Partlayış nəticəsində 5 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.

Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar"./report


Xəbər xətti