Azərbaycandan çıxa bilməmələri ilə bağlı bir müddət öncə “Qafqazinfo”ya müraciət edən İran vətəndaşı Atefeh Dehqanizadeh, anası və 3 yaşlı qızından yeni xəbər var.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məsələ ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi hadisəni nəzarətə götürüb və araşdırmadan sonra onlara pasportlarını təhvil veriblər. Ailə üzvlərinə qoyulan “Stop” isə məhkəmə qaydasında götürülüb. Təxminən 10 gün öncə ailə üzvləri Türkiyəyə gediblər və hazırda orada yaşayırlar.
Qeyd edək ki, A.Dehqanizadeh müsahibəsində bildirmişdi ki, əri Fərzad Foroozanmehrin Azərbaycanda Orxan İsmayılov adlı biri ilə olan pul probleminə görə polis onları ölkədən buraxmır. İddiaya görə, Fərzad Orxanın evini sataraq pulunu götürüb və ölkədən gedib. Fərzadın ailəsi isə Türkiyəyə gedərkən Orxan onları hava limanında saxlayıb. Daha sonra Atefe, anası və qızının pasportları alınıb, onların ölkədən çıxışına “Stop” qoyulub. Bu hadisə 2019-cu ilin yanvar ayında baş verib. Yasamal polisi Atefe Dehqanizadehlə bağlı polisə bilə-bilə yalan məlumat vermə haqda araşdırmaya başlasa da, sübut əldə edilmədiyi üçün işə xitam verilib. Lakin bir neçə ay ərzində ailənin sənədləri özlərinə qaytarılmayıb. İranlı ailə bu işdə Yasamal RPİ-nin müstəntiqi Əlibala Hacıyev və Yasamal prokurorluğunun müstəntiqi Zamil Mehralıyevi ittiham edirdi.