Zümrüd Həsənli: “Uşağın yaxşı tərəflərini dəyərləndirsək, yaxşıya tərəf, pis tərəflərini daha çox desək, pisə tərəf meyl edəcək”
4 ildir psixologiya sahəsində çalışır. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya ixtisasını və əlavə olaraq Türkiyədə “Özel Eğitim ve rehabilitasyon” kursunu bitirib. Bir çox təlim və kurslarda iştirak edib. “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsində təlimçi kimi, “British Council” un təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması” layihəsində psixoloq vəzifəsində çalışıb. Hazırda isə sözügedən layihənin II hissəsində iştirak edir. 2016-cı ildən Humel Psixologiya Mərkəzində Psixoloq vəzifəsində çalışır. “Üç nöqtə” qəzetinin qonağı psixoloq Zümrüd Həsənlidir. Z.Həsənli ilə uşaqların düzgün psixologiyada böyüdülməsi və s. məsələlərlə bağlı söhbət etdik.
- Uşaqların psixologiyasına valideynlər nə dərəcədə önəm verirlər?
- Ailə tipləri müxtəlif olur. Valideynlərin uşağın psixologiyasına verdiyi önəm, ailənin dəyərlərindən asılıdır. Məsələn, gözləntiləri çox yüksək olan və avtoritar valideynlər daim uşaqlarından yüksək nəticə gözləyir. Əksinə gözləntiləri çox aşağı olan valideynlər uşaqda hər hansı problem olsa belə bunu qəbul etmirlər.
- Uşaqlarının psixoloji durumunu valideynlərin nəzərə almaması, sonda hansı nəticələrə gətirib çıxarır?
- Əgər uşaqda psixoloji problem varsa bunu vaxtında korreksiya etmək lazımdır. Əgər uşaqda qorxular varsa, bu problem vaxtında həll edilməzsə, gələcəkdə uşaqda təşviş həyəcan pozuntusu, ciddi şəkildə özgüvən əskikliyi müşahidə ediləcək. Və ya ciddi davranış pozuntuları varsa, yalan söyləmə, qarşıçıxma və inadlaşma, dırnaq yemə, söyüş söymə və s. vaxtında korreksiya olunmazsa 16-17 yaşdan sonra şəxsiyyət pozuntusuna çevrilmiş olur. Bunu da korreksiya etmək çox çətin prosesdir.
- Valideynlər hansı sözlər və davranışlarla özləri də bilmədən uşaqlarının psixoloji durumuna mənfi təsir edirlər?
- Bəzən valideynlər uşaqlarına qarşı özləri də bilmədən doğru bildiyi bəzi yanlışlar edirlər. Məsələn, övladlarını digər uşaqlarla müqayisə edirlər: “Bax sinif yoldaşın necə diqqətlidir, sən elə deyilsən, sən də elə ol”, “Bilirsən, amma niyə cavab vermirsən?”, “Bax, bacın necə aktivdir, qonaq gələndə, yaxud gedəndə salamlaşır, görüşür hər kəslə, amma sən yox” və s. Daim sinifdəki, qohumlardakı, ətrafdakı bütün uşaqlarla, hətta evdəki bacı-qardaşları ilə belə müqayisə edirlər. Halbuki, bir əldə beş barmağın beşi də bir olmadığı kimi, heç bir uşaq bir-birinə bənzəmir. Hər bir uşağa fərdi yanaşmaq, onu olduğu kimi qəbul etmək, qınamamaq lazımdır. Sadəcə uşağın davranış tərzini dəyişmək kifayət edir. Çünki uşaq müqayisə olunduqca, qınandıqca daha da pisləşir.
- Sizcə, valideynlər uşaqların psixoloji durumuna zərər verməmək mövzusunda nə dərəcədə ehtitaylı davranırlar?
- Hər yaşın müəyyən öz bacarıqları vardır ki, uşaq bu bacarıqları qazanmalıdır. Bəzən valideynlər hiss etmədən bunun qarşısını almış olurlar. Məsələn, nümunə olaraq 3 yaş krizini götürə bilərik. Bu dövrdə uşaq özünü və ətrafı yeni qavramağa başladığından “mən krizi” yaşayır. Gördüyü hər şeyi özünün hesab edir. Sərbəst yemək, geyinmək istəyir, işlərini özü görmək istəyir. Bununla da bir növ özünü təsdiq etməyə çalışır. İstədiyini edə bilmədikdə tez-tez ağlama krizləri yaşayır. Valideyn uşaqla inadlaşar və maneə olmağa çalışarsa, onun özü etmək istədiklərinə qarşı çıxarsa bu dövr qırılır, yarım qalır və 3 yaşda bitməsi gərəkən kriz uzanıb 4-5-6 və daha irəli yaşlarda da davam edir. Halbuki, valideyn öz nəzarəti altında uşağa sərbəstlik versə, uşaq özü geyinsə, yeməyini yesə, daha yaxşı olar. Valideynin sadəcə bu işlərdə övladına kömək etməsi daha məqsədəuyğundur. Uşaq harasa çıxanda ağlama krizləri başladığı anda, tez ordan uzaqlaşdırmaq və uşağın diqqətini yayındırmaqla krizin yaranmasını önləyə, bu dövrün sakit keçməsinə səbəb ola bilərlər.
- Uşaq vaxtı baş verən hadisələr nədənsə heç unudulmur. Bəs uşaq vaxtı psixologiyada yaranan problemlər sondakı yaşlarda aradan qalxırmı?
- Təbii ki qalxmır, hətta daha irəli yaşlarda şəxsiyyət pozuntusuna çevrilir. Əgər valideyn daim uşağı idarə edirsə, uşağın istəklərini nəzərə almırsa, bu zaman uşaq özünü yetərsiz, özgüvənsiz, bacarıqsız hiss edir, haqlarını tələb edə bilmir, səhv etməkdən qorxur. Daim onu idarə edən kiməsə ehtiyac duyur. Daha irəli yaşlarda isə asılı tip şəxsiyyət pozuntususuna çevrilir. Bu tip şəxslər isə hər zaman qərarsız, özgüvənsiz olur, nə işdə, nə də şəxsi həyatda müvəffəqiyyət əldə edə bilmir.
- Psixoloqun həll etdiyi problem sonra yenidən qayıdırmı? Qayıdırsa, bu hansı hallarda olur?
- Uşağın psixologiyasını pozan mühit dəyişməzsə, daim davam edərsə biz nə qədər o problemi həll etsək də, yenidən qayıdacaq. Məsələn, əgər uşaq üçün davranış dəyişmə proqramı tərtib etmişiksə (yemək, yuxu, özbaxım, internet, dərs oxumaq, ünsiyyət və.s), valideynlər evdə mütləq buna əməl etməlidirlər. Əgər seans müddətində qaydalara əməl edirlərsə tezliklə problem həll olmuş olur. Sonra bu rejim pozulursa uşaq yenə əvvəlki davranışları sərgiləyir.
- Uşaqla böyüyü müqayisə edək. Hansında yaranan psixoloji problemi aradan qaldırmaq daha çətindir?
- Bunu müqayisə etmək olmur. Çünki biz uşaqla işləyərkən həm də ailə ilə işləyirik, sadəcə uşaqla yox. Ona görə də demək olar ki, eynidir.
- Sizə ən çox hansı problemlərlə üz tuturlar?
- Davranış pozuntuları, qorxular, fobiyalar, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, özgüvən əskikliyi, təşviş həyəcan pozuntuları, psixoloji ləngimə, qidalanma problemləri, yuxu problemləri və s. kimi problemlərə çox rast gəlinir.
- Necə yetişdirilən uşaqların sonrakı yaşlarda psixologiyası daha tez pozulur?
- Daim qınanan, mənfi tərəfləri qabardılan uşaqlar həmin davranışları sonrakı yaşlarda da davam etdirirlər. Əksinə balaca bir müsbət xüsusiyyəti qabardıb, təriflədikdə uşaq çalışır ki, müsbət tərəfə meyl etsin. Qısaca olaraq desəm, uşağın yaxşı tərəflərini tərifləsək, dəyərləndirsək yaxşıya tərəf meyl edəcək, pis tərəflərini daha çox desək pisə tərəf meyl edəcək.
- Uşaqların dərslərdə yüklənməsi məsələsindən də danışaq. Dərs yükünün çox olması uşağa necə təsir edir?
- Psixoloji tərəfdən analiz etsək hal-hazırda uşaqlar təhsil sisteminin ağırlığı ilə əlaqədar olaraq psixoloji yüklənmə yaşayırlar. Bu da dərsdən uzaqlaşmalarına, dərsi sevməmələrinə səbəb olur. Ona görə də psixoloji yüklənməni azaltmaq üçün ailələrə məsləhət görürük ki, uşaqları dərsdən əlavə məşğələlərə də aparsınlar. Rəsm, rəqs, idman, üzgüçülük, gimnastika və s. uşaqlara müsbət təsir göstərir. Bu uşaqdakı aqressiyanın, xroniki yorğunluğun azalmasına səbəb olur.
- Bəzən xalq arasında belə ifadə işlədirlər ki, “çox oxumaqdan başına hava gəldi”. Buna psixoloji tərəfdən yanaşaq. Nə dərəcədə real olur?
- Hər insanın bir həyat çarxı vardır ki, bu həyat çarxına təhsil, ailə, sosiallıq, iş, pul, sevgi, yaşayış şəraiti, sağlamlıq aiddir. Bunlar insanın normal şəxsi inkişafı üçün önəmli faktorlardır. Bunlardan hər hansı biri olmadıqda digərləri insanın çökməsinin qarşısını alır.
İnsan sadəcə bir faktora köklənərsə, digərləri aşağı olacaq. Məsələn, həyatı boyu sadəcə oxuyan insanın ailə, sosial münasibətlər, iş və s. fəaliyyətləri çox aşağı olarsa zaman keçdikcə təbii ki psixoloji problemləri yaranır.
- Döymək uşaq psixologiyasına necə təsir edir? Çünki bəzən valideynlər “bizi döyməyiblərmi?” deyib, özlərinə haqq qazandırırlar.
- Uşaq vaxtı şiddət görən insanda mütləq psixoloji problem yaranır. Uşağı döymək, onun şəxsiyyətini sındırmaq deməkdir. Uşağı döyməklə, qorxutmaqla, ona qadağalar qoymaqla daha da maraq yaratmış olurlar və həmin davranışa doğru uşaqlarını öz əlləri ilə itələyirlər. Məsələn, yeniyetməlikdə siqaret çəkdiyi üçün döyülən uşaq, valideynə qarşı daha da aqressivləşib gizli şəkildə siqaret çəkə bilər, içki içə bilər. Asılı hala düşə bilər. Ona görə də valideynlər bu kimi məsələlərdə diqqətli olmalıdırlar.
- Uşaqlarla çalışmağın nə kimi asan və çətin tərəfləri var?
- Çox maraqla, zövqlə işlədiyim bir işdir. Uşaqlar öz arzu və istəklərini, aqressiyalarını, qorxularını, gərginliklərini böyüklər qədər asan ifadə edə bilmirlər. Hətta bəzən yanlış ifadə edirlər. Amma buna baxmayaraq uşaqların daxili dünyaları çox genişdir, ona görə də şüuraltına təsir etmək asandır.
Könül Oruc