“Arzular adamın içini yeyib məhv edir”

17:52 - 29 Yanvar 2020 - Müsahibə

Emin Piri: “Şeiri hər kəs yaza bilər”

“Vaxtilə qoyduğum qadağaları indi aradan qaldırmışam və yaxud başqa vaxt azadlıq verdiyim bir şeylərə indi qadağa qoymuşam. Bunun özü də zamana, şəraitə uyğun dəyişir. Eyni zamanda bu qadağalar düşüncə dəyişikliyi ilə də əlaqədardır”. “Üç nöqtə” qəzetinin qonağı gənc şair Emin Piridir.

-Emin bəy, hər vaxtınız xeyir olsun, zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.
-Özümü təqdim etmək üçün xüsusi bir hal görmürəm, nə də təqdimatımın həvəskarı deyiləm. Ona görə Emin Piri kimi bəsdir. Açığı desəm xoşum gəlməyən məqamlardan biridir özünü təqdim etmək.

-“Çətin keçib uşaqlığım”. Bu misra özünüzəmi məxsusdur ?
-Bəzən qəribə suallar olur. “Hansısa şeir sırf həyatınızdırmı ?” deyə soruşurlar. Şair başqalarının da həyatını özününküləşdirərək yazmağı bacarmalıdır. Müəyyən dərəcədə o şeir bütün 90-cı illəri keçən uşaqların həyatıdır, deyərdim. İçərisində mən də daxil olmaqla. Aşağı-yuxarı 90-cı illəri əksərimiz belə yaşamışıq. O dövrün, həmin illərin xatirəsi olduğuna görə bu şeir özümə də doğmadır.

-Niyə daha çox sərbəst vəzndə yazırsınız ?
-Bunun xüsusi bir halı və şərti yoxdur. Şeiri hər kəs yaza bilər. Bəs bütün şeirlər poeziyadırmı? -Xeyr. İstər əruz, istər heca, istərsə sərbəst vəzn, önəmli olan poeziya yarada bilməkdir. Başqalarına da bu cür baxıram. Mənimçün kimin hansısa vəzndə yazması xüsusi yanaşma tələb etmir. Poeziya varsa bəli, o artıq mətndir, müəllifsə şair. Hərdən düşünürəm ki, ən yaxşı sərbəst şeirləri yazanlar heca şeirlərini daha çox oxuyanlar və sevənlərdir. Əmin olun ki, ən yaxşı heca şeirlərini yazanlarsa sərbəst şeirləri oxuyanlar və sevənlərdir. Əksini iddia edənlərə düzü çox inanmıram. Dediyim kimi olduqda şairin şeirdə manevr imkanları artır, poetik ifadəni daha ideal yerdə işlədə bilmək bacarığı yaranır. Eyni zamanda müxtəlif rakurslardan baxmaq, baxış bucağını dəyişmək imkanı da formalaşır.

-“Allahın sevgiyə sui-qəsdi”. Nə demək istəmisiniz ?
-Açığı desəm, şeirləri bitirdikdən sonra onlara izahatı sevmirəm. Həmçinin, bəzən bir şeirlə digərini müqayisə edirlər ki, bəs o şeirdə düşüncən budur, bu şeirdəsə ayrı. Amma unudurlar ki, bir şeiri  19 yaşında yaza bilərsən, digərinisə 30. Təbii ki, zaman keçdikcə düşüncələrin dəyişir. Bu eyni zamanda şeirə də sirayət edir. Şeirlərimin izahısa kim necə başa düşürsə başa düşdüyü qədərdir.

-Həyatınız eyni rəngdə, eyni ahəngdədirmi ?
-Elə düşünmürəm. Məncə çox fərqli həyat yaşamışam. Elə zaman olur ki, hər günü fərqliliklərlə keçirirsən, elə zaman da olur, hər gün eyni sabit həyat.  Ətalətli həyatı sevmirəm. Hərəkətli həyat mənə daha çəkici və maraqlı gəlir. Ətalət həyatın sonudur. Fərqlilik isə yeni həyat, yeni dünya və var olmanın əsasıdır. Hər sahədə belədir. Ətalət olan yer məhvə məhkumdur.

-Nədən və ya kimdən asılısınız ?
-Öz hislərimdən, iddialarımdan, məqsədlərimdən, vicdanımdan daha çox aslıyam. Eyni zamanda arzusuz adamam. Arzular adamın içini yeyib məhv edir.  Kimdənsə aslı olmağımı düşünmürəm. Nə vəzifəm var, nə də ki, kimdənsə asılı ola biləcəyim şərait. Əgər belə də olarsa, bunu kiməsə həyatında dəyər vermək, onu qiymətləndirmək kimi düşünərdim, nəinki aslı olmaq ifadəsi ilə. Aralarında incə fərq var.

-Etdiyiniz yaxşılıqların əvəzində çox peşiman olursunuz ?
-Etdiklərimə görə nəyisə düşünmək, yaxşılıq etdim, əksi pis oldu deyə əzab çəkmək özümü yormaqdan başqa bir şey deyil. Hər zaman peşiman olmamışam. Bu barədə o qədər də narazı deyiləm. Həyatdır, insanı nəsə üzə bilər, ya da sevindirə. İllah da hər şey düşündüyümüz kimi olacaq deyə bir şey yoxdur. Elə olsaydı, bu həyat yox, robotlaşma olardı.

-Xoşbəxtliyi nədə tapırsınız ?
-Xoşbəxtlik ana görə dəyişir və nisbidir. Elə an olar ki, körpə səsindən xoşbəxt olaram, elə an olar ki, təklikdə. Heç zaman düşünmürəm ki, xoşbəxtəm, yoxsa bədbəxt. Bu ana, şəraitə, duyduqlarıma, istəklərə görə dəyişir.

-İstədiklərinizi reallaşdıra bilirsiniz ?
Reallaşdıra bildiklərim olur. Amma olmayanlar da. İnsan istəyi sonsuzdur. Hər insan istəklərini reallaşdıra bilsəydi, onlar kimi mən də bilsəydim, bəlkə, biz bu müsahibəni edə bilməzdik.

-Qadağalarınız var özünüzə ?
-Əvvəllər daha çox idi. İndi məncə azalıb və ya tam əksi. Vaxtilə qoyduğum qadağaları indi aradan qaldırmışam və yaxud başqa vaxt azadlıq verdiyim bir şeylərə indi qadağa qoymuşam. Bunun özü də zamana, şəraitə uyğun dəyişir. Eyni zamanda bu qadağalar düşüncə dəyişikliyi ilə də əlaqədardır.

-Kiməsə ikinci şans vermək olar, sizcə ?
-Baxır nədə və hansı şəraitdə. Şəraitə uyğun olaraq yüzüncü şansı da vermək olar. Amma elə şeylər var ki, nəinki ikinci şans, birinci şansı da vermək olmaz. Heç sevmədiyim şeylərdən biri də şansdır. Birinə ya etibar edib güvənirsən, ya da heç şans vermirsən. Orta hədd, yoxlamaq kimi şeylər mənə yaddır. Düşünürəm ki, birini yoxlamaq onu güvənmirəm, deməkdir. Güvənirsənsə, bunun adı şans yox, etibar etmək olur.

-Özünüzlə yola gedə bilirsiniz ?
-Yola gedə bilmədiyim ən çətin adam özüməm. Başqaları ilə daha yaxşı yola gedirəm, nəinki özümlə. Bəzən ikili ruhlaşma hiss edirəm özümdə və bu ruhlar bir-biri ilə savaşır. Bir növ məzdəkilik, manilik kimi. İçimdəki xeyir və şər Allahı bir-biri ilə mübarizə aparır. Mənsə bu Allahların döyüş meydanıyam.

-Sizi sizdən daha yaxşı tanıyan birisi var ?
-Tanrı varsa, o daha yaxşı tanıyar. Amma inanmıram, ruhumun dərinliyinə tam enmiş biri indiyə kimi ola bilsin. Mən özüm özümü hələ də tam olaraq kəşf etməmişəm. Ola bilsin ki, buna uyğun şərait və zaman hələki peyda olmayıb. Bilmək olmaz, bəlkə, siyasət meydanında ola bilmək şansım olsaydı, necə olardım. Bəlkə, poeziyadan da daha uğurlu ola bilərdim. Ona görə də bu şəraitlər olmayana kimi özüm özümü də tam kəşf etmiş saya bilmərəm. Eynilə başqaları da inanmıram, məni tam kəşf etmiş olsun.

-Ümumiyyətlə, istəmisinizmi kimsə sizi yaxşı tanısın ?
-İstəmişəm, amma bu sevgili ola biləcəyim adama aiddir, digərlərinə deyil. Həmçinin sevgi ilə yanaşdığım insanlar, həyatımda doğmalaşan kəslər. Belə olsa, məmnun olardım.

-Niyə insanlar yanımızda olmayanda onları düşünməyə başlayırıq ?
-İnsan xislətindən irəli gəlir. Insan eqoistdi. Yanında olarkən fəth etmiş kimi görür. Amma olmayanda dəyəri anlamağa başlayır. Əslində bu dəyər də deyil, əldə etmək, eqonu təmin etmək istəyidir. Tərk edilməyi, təkliyi öz gücümüzə sığışdıra bilmirik. Bu İlahi qəzayla da ola bilər, insan əməliylə də. Yenə də təhtəlşüur olaraq həzm edə bilmirik. Bu səbəbdən dediyiniz nüanslar yaranır.

-Səhvlər sizə nə öyrədir ?
-Gələcəyi, həyatı. Səhvlər məhv etmirsə, insanın qazancına çevrilir və yaxud sənin səhv düşündüyün bir əməl, söz kiminə görə cəsarətdir, kiminə görə axmaqlıq, kiminə görəsə isə başqa bir şey. Bu səhvlərin özü də nisbidir.

-Hansı yaşınızda müəyyən etdiniz ki, həyatdan nəsə istəyirsiniz ? Və o istək nə idi ?
-Əslində bir insan üçün nə istədiyimi yaxşı bilirəm. Amma istəklər sonsuza qədər bitmir. Hər halda şəxsi olaraq nə istədiyimi də söyləyəcək deyiləm. Həmçinin, yaşa, düşüncəyə, şəraitə uyğun olaraq həyatdan nə istədiklərimiz dəyişə bilər. Amma həyatda istədiyimiz təməl prinsiplər var. Bu da hüzurdur.

-Taleləri yazırsınız ya taleyinizi ? Niyə ?
-Hər iksini. Niyəsini söyləmək və ya söyləyə bilməmək tale yazmaqdan daha çətindir.

-İçinizdən hansı misralar gəlir indi ?
-Açığı bu günlər özümü boşluqda hiss edirəm. Ona görə də misra havasında deyiləm. Məşhur şeirdə olduğu kimi mən artıq o misraları söyləmək deyil, yaşamaq istəyirəm.

Rövşən Tahir

Xəbər xətti