Polis Astarada əməliyyat keçirib: narkotacirlər saxlanılıb- FOTO

11:39 - 27 Yanvar 2020 - HADİSƏ

Astarada yeddi kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə olan heroini satarkən saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanaraq götürülüb.
Araşdırmalarla O.Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. E.Mikayılov iki bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb və üzərindən əlavə olaraq beş bükümdə heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Mikayılovun rayonun Şahağacı kəndində yerləşən kəndindəki yaşayış evində aparılan axtarış zamanı beş ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə şəhər sakini G.Cəfərova bir bükümdə psixotrop maddə metamfetamini satarkən saxlanılıb.

Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Arşadırmalarla G.Cəfərovanın psixotrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib.

S.Əliyev bir bükümdə metamfetamini və bir ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən bir bükümdə heroin, altı bükümdə metamfetamin, yaşadığı evdən isə bir kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Xəbər xətti