Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”

18:00 - 23 Yanvar 2020 - Xəbər

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

Ucnoqta.az xəbər verir ki, Hacı Salayev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib. Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib:
“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib:
“Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.

Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.

Xəbər xətti