Bakıda kişi dostunu bıçaqlayıb qaçdı

17:10 - 15 Yanvar 2020 - HADİSƏ

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində əvvəllər məhkumluq həyatı yaşamış şəxsə bıçaq xəsarətləri yetirilib.

Bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət hadisəsi 14 yanvar 06:40 radələrində Azad Mirzəyev küçəsində baş verib. Əvvəllər soyğunçuluq və narkotik maddələrini saxlamaqda ittiham edilən 1986-cı il təvəllüdlü Süleyman Müzəffər oğlu Həsənov bıçaqla edilən hücumun qurbanı olub.

Xəsarət alan şəxs qarın, kürək və üz nahiyəsində olan dərin kəsik yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Cinayətin araşdırılması zamanı 2-ci Polis Bölməsinin əməkdaşları digər şəxsə ağır bədən xəsarətləri yetirməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. Bu, əvvəllər cinayət törətdiyinə görə həbs cəzasına məhkum edilmiş 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Pünhan Müzəffər oğlu Hümbətovdur.

O, cinayət əməlini törədəndən sonra gizlənib.

Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən şəxsi hələ saxlaya bilməyiblər, bu istiqamətdə fəaliyyət davam etdirilir.

Məlum olub ki, Pünhan Hümbətov və Süleyman Həsənov dost olublar.

Cinayətin səbəbləri araşdırılır.

Xəbər xətti