Sayğac oğruları 3 il azadlıqdan məhrum edildilər

15:35 - 10 Yanvar 2020 - HADİSƏ

İki nəfər sayğac oğrusuna Bakı şəhəri Xəzər rayonu məhkəməsində hökm oxunub.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi və Suraxanı rayonu sakinləri - Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar əlbir olaraq əmlakı gizli talayaraq “Azəriqaz” İstehsalat Birliyinə maddi ziyanın vurulmasında günahlandırılıblar. Belə ki, adları çəkilən şəxslər müxtəlif vaxtlarda 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar.

Məhkəmədə Birliyin maraqlarının müdafiəsini təmin edən Hüquq Departamenti, sayğac oğrularının törətdikləri əməlləri faktlarla sübuta yetirib. Məhkəmənin hökmü ilə Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bununla da Azərbaycan Respublikasının məhkəmə təcrübəsində ilk dəfə olaraq qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittihamedici hökm çıxarılıb.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bəyan edir ki, bu cür əməllərə meyl göstərən insanlar nə qədər ki, gec deyil, pis niyyətlərindən əl çəksinlər. Əks təqdirdə sayğac oğrulamaq, sayğaca müdaxilə və qaz xətlərinə kənar qoşulmaqla təbii qazın talanmasına yol verən şəxslər bu əməllərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaqlar./trend

Xəbər xətti