Tapdığı pulqabını qaytarmaq istədi, pulu görüb fikrini dəyişdi - Video

16:28 - 9 Yanvar 2020 - HADİSƏ

Bakıda qadın gənc oğlanın itirdiyi pulqabını tapıb. O, əvvəlcə sahibini axtarmaq istəsə də, sonradan fikrini dəyişib.

“Qafqazinfo”ya müraciət edən Nəsiman Qasımzadə bildirib ki, dekabrın 24-də Nizami rayonu, “Neftçilər” metrosunun yanında pulqabısını itirib: “Avtobus dayanacağında pulqabım düşüb, bir qadın götürüb. Ətrafdakı insanlar dedilər ki, bir qadın pulqabını götürərək yaxınlıqdakı köşkə verib. Köşkdən dedilər ki, qadın pulqabının içində pulu görəndən sonra onu geri alıb və polisə təqdim edəcəyini bildirib. Lakin polisə bu barədə məlumat verməyib, hətta bank kartlarımdan onlayn ödəniş etmək istəyib. Məndə “3D security” xidməti aktiv olduğu üçün özümə bildiriş gəlib və təsdiqləməmişəm. 24-cü Polis Bölməsinə müraciət etsəm də, hələ də nə qadın, nə də pulqabı tapılıb. Danışdıqlarımın hamısı köşkün kamerasına düşüb”.

N.Qasımzadə əlavə edib ki, pulqabının içində 350 AZN pul, 4 ədəd ona məxsus bank kartı, şəxsiyyət vəsiqəsi və ona məxsus Yeni Azərbaycan Partiyasının üzvlük bileti olub: “Pulqabımı tapan şəxsdən və ya bu barədə məlumatı olanlardan mənim (070) 450-07-07 mobil nömrəmlə əlaqə saxlamaqlarını xahiş edirəm”.

 

Xəbər xətti