Ailəsi “Səni Axtarıram”da Nərminlə bağlı nə danışıb?

15:59 - 7 Yanvar 2020 - HADİSƏ

Xəbər verdiyimiz kimi, ötən ilin noyabrında itkin düşən 10 yaşlı Nərminin yanmış meyiti tapılıb. Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işi başlanılsa da, hələ də cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilməyib. Nərminin nənəsi Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişində qonaq olan zaman uşağın itkin düşməsində əmisindən şübhələndiyini bildirib:

“Nəvəm son olaraq əmisigilə gödəkçə gətirməyə gedib. Məktəbdən gələndə atası deyib ki, əmisigilə getsin. Oradan çıxanda əmisioğlundan gödəkcəni qoymaq üçün salafan istəyib. Uşaq arxa otaqlarda salafanı tapana kimi nəvəm yoxa çıxıb. Niyə məktəbə gedəndə itmədi, mənim evimdən itmədi, elə əmisigildən itdi?”

Əmi ittihamlarla razı olmayaraq bildirib ki, o da nənə və nənəsinin bacılarından şübhələnir. Çünki Nərmin balaca olan vaxt böyük xalası uşağı Türkiyəyə aparıb böyütmək istəyib.

Nənə buna cavab olaraq bildirib ki, hazırda bacısının Türkiyəyə gedişinə müvəqqəti qadağa qoyulub:
“Bacımın uşağı yox idi, o vaxt dedi ki, ver uşağı aparıb, saxlayım. Mən vermədim. Bacım 27 noyabra Türkiyəyə bilet almışdı. Atası Şərif polis bölməsində iddia etdi ki, qızını o oğurlayıb aparır və bacımın Türkiyəyə getməsinə müvəqqəti qadağa qoyulub”.

Nərminin itkin düşməsi ilə bağlı digər bir versiya isə taksi ilə aparılmasıdır. Belə ki, atası Şərif Quliyev bildirib ki, uşağının hansısa maşın tərəfindən götürülüb qaçırıldığını düşünür:
“Kənddə mis, kartof, dəmir yığan maşınlar çox olur. Kənardan gəlib yığırlar. Digər qızım ərazidə taksi görüb, ondan da şübhələnirik”.

Bu zaman studiyaya anonim zəng vuran xanım da kənddə taksinin göründüyünü və başqa uşaqları da mindirib aparmaq istədiyini deyib.

Nərmini sonuncu dəfə görən isə azyaşlı əmisioğlu olub. Dediyinə görə, Nərmin onlara gələn zaman əmisi Qorxmaz divanda uzanmışdı, onu salafan tapmaq üçün arxa otağa göndərib. Otaqlarda salafan tapa bilməyən uşaq geri qayıdan zaman Nərminin olmadığını görüb. Daha sonra əmisi onu həyətə karalyok yığmağa göndərib.

Qeyd edək ki, polisdən “Qafqazinfo”ya daxil olan məlumata görə, uşağın yanmış bədəni əmisinin evinin yanındakı boş sahədən tapılıb.

Xəbər xətti