Hamı xaricdə təqaüdlü təhsil istəyir. Bəs kimlər qazana bilər?

10:59 - 25 Dekabr 2019 - Cəmiyyət

Təqaüdlü təhsil birinci şərtdir, amma olmasa belə, tələbələr işləyib pul qazanmaqla təqaüdsüz də təhsil ala bilərlər

“Xaricdə təqaüdlü təhsil almaq istəyirəm. Tərəddüdlərim var. 5 ildir ki, universiteti bitirmişəm, orta balımdan xəbərim yoxdur. İngilis dilim də elə yaxşı səviyyədə deyil. Nə edim, bilmirəm”.

Bu sözləri sosial şəbəkədə xaricdə təhsillə bağlı qrupların birində bir gənc yazmışdı. Və ona yazılan rəylərdən biri belə idi: “Çox adam elə bilir ki, təqaüd proqramları qapıları açıb onları gözləyir. Hamı təqaüdlə oxumaq istəyir, amma baxırsan “backround”u heç pullu təhsilə belə uyğun deyil”.
Bu rəy onu göstərir ki, əslində, xaricdə təhsil imkanını heç də istəyən hər kəs qazana bilmir. Maraqlıdır, xaricdə təqaüdlü təhsil qazanmaq üçün bir şəxs hansı üstünlüklərə sahib olmalıdır? Xarici universitetlərdə kimlər təqaüdlü, kimlər təqaüdsüz təhsil qazana bilərlər? Aydındır ki, təqaüdsüz təhsil üçün bütün maliyyə yükü təhsil alanın üzərinə düşür. Əlində normal maliyyəsi olmayan bir adamın təqaüdsüz təhsil alması hansı hallarda real olur?

100-dən çox təqaüd növü var

“USE Study Group”un rəhbəri Mehman Bədəlzadə deyir ki, təqaüdün 100-dən çox növü var. Ona görə, burda yüz faizli bir kriteriya olduğunu demək olmaz: “Təqaüd proqramları fərqli olur. Bəlkə də 100-dənçox təqaüd növü var. Təqaüd proqramlarını həm fiziki, həm hüquqi, həm qeyri-hökumət təşkilatları, həm də dövlət qurumları təklif edə bilər. Bir biznesmen də öz təqaüdünü təklif edə bilər. Öz maliyyəsini hansısa qurum vasitəsilə hansısa tələbəyə, yaxud da ki kandidata transfer edə bilər. Təqaüd bakalavr təhsilində də verilə bilər, magistr da da, doktoranturada da. Elə təqaüd var ki, sırf təhsil haqqı üçündür, eləsi var ki, yaşayış xərclərin də qarşılanır. Çünki bəzi ölkələrdə tələbələrin 20 saat işləmək icazəsi olur. Ona görə tələbələrə ancaq təhsil xərcləri qarşılanır, yaşayış xərclərini tələbə işləyib özü qazana bilər deyə, fondlar təqaüd verəndə yaşayış xərclərini üzərlərinə götürmürlər.

Təqaüd proqramlarına müraciət etmək üçün hansısayüz faizli kriteriya yoxdur. Məsələn, bəzən akademik kriteriyalar nəzərə alınaraq təqaüd verilir, bəzən sosial aktivliyinə üstünlük verilir. Bəzən böyük bir şirkətə mütəxəssis lazım olur, o həmin mütəxəssislərin yetişdirilməsi üçün təqaüd təklif edir və ona uyğun namizədlər seçilir”.

Təqaüdü verənlər yaş limiti qoya bilirlər

Xaricdə təqaüdlü təhsilə müraciət etmək üçün yaş həddi varmı? M.Bədəlzadənin sözlərinə görə, burda da yanaşma təqaüd proqramlarından asılıdır: “Təqaüdlü təhsil üçün ümumilikdə hansısa yaş həddi yoxdur. Məsələn, ola bilər ki, hansısa ölkədəki orta təhsil müəssisəsi 9-cu sinif şagirdləri üçün təqaüd proqramı təklif edir. Təklif edir ki, gəl, mənim məktəbimdə pulsuz oxu. Yaxud Harvard, Oxford, Sidney universitetləri bakalavr təhsili almaq üçün təqaüdlü təhsil qazanmaq imkanı təklif edirlər. Yaxud 60 yaşında bir insan da elmi işin aparılması üçün təqaüdə müraciət edə bilər. Ona görə, ümumilikdə yaş məsələsi yoxdur. Ancaq elə təqaüdlər var ki, yaş limiti qoyulur. Məsələn, 30 yaşa qədər olanlar müraciət etsin. Bu yaş 25, 27 və s. də ola bilir. Yəni o təqaüdü verənlər yaş limiti qoya bilirlər”.

M.Bədəlzadə deyir ki, ümumi qruplaşdırma aparılsa, xaricdə oxuyanların təxminən 95 faizi təqaüdsüz, 5 faizi təqaüdlü təhsil alır: “Bəzən təqaüdlü təhsil 1 faizə də düşə bilir. Çünki təqaüd günün tələblərinə uyğun olaraq müəyyənləşdirilir. Hər kəs təqaüdlü təhsil almaq istəyir, amma dünyada 6 milyard insan var və bunun təxminən 1 milyarda qədəri standart təqaüdə müraciət edəcək yaş həddindədir. Hər kəs müraciət edib ala bilməz axı. Təqaüd verənin kriteriyalarına cavab vermək lazımdır. “21” adlı film var, orda təqaüd haqqında ciddi açıqlama verir”.

Dil bilgisi və ortalama bal

Xaricdə təqaüdlü təhsil qazanmaq üçün xarici dil biliyinin də vacibliyini vurğulayanlar olur. M.Bədəlzadə qeyd etdi ki, dil bilgisi təqaüddə önəmli rola malik deyil: “Dil biliyinə təqaüd verilmir. 90-cı illərin əvvəllərində, sovet dağılandan sonra MDB ölkələrində olan vətəndaşların dünyaya çıxmasına şərait yaradılması üçün ingilis dili biliyi ilə xarici təhsil müəssisələrində oxumaq üçün təqaüd verilirdi. Amma indi ingilis dili əsas faktor deyil. Dil biliyi univeristetə qəbul olmaq üçün vacibdir. Hansı dildə təhsil alacaqsansa, o dili onsuz da bilməlisən. Təqaüd elədir ki, universitetə qəbul olursan, sonra ordakı təqaüdlü proqramlara müraciət edirsən”.

M.Bədəlzadə bildirdi ki, xaricdə təqaüdlü magistr təhsili qazanmaq üçün bakalavrda ortalama balın yüksək olması da bir kriteriya deyil: “Bakalavrdakı ortalama balının yüksək olması da universitetə qəbul olmaq üçün vacibdir, təqaüd üçün yox. Ortalama balı aşağı olan biri reytinqli xarici universitetin magistrına qəbul ola bilməz. Bakalavr təhsilini 100 ballıq sistemdə 50-55-lə bitirmisənsə, xaricdə magistr təhsili qazana bilərsən, amma reytinqdə olmayan universitetlərdə. Təqaüd isə reytinqli universitetlərə verilir. Dolayısı ilə sənin ortalama balın yüksək olmalıdır ki, reytinqli universitetdə magistr təhsili qazanasan. Təqaüdə isə universitetə qəbul olduqdan sonra müraciət edə bilirsən”.

Təhsil haqqı güzəştləri təqaüd deyil

Bir də xarici ölkələrdəki universitetlərin təhsil haqqı güzəştləri ilə də qarşılaşırıq. M.Bədəlzadə deyir ki, bəzi təhsil şirkətləri bunu təqaüd kimi qələmə verirlər, amma belə deyil: “Reytinqi aşağı olan universitetlərin daxili təqaüdləri olur. Məsələn, 15-20 min dollar illik ödəyirsən, onlar sənə 800-2000 dollarlıq güzəşt edirlər. Elə universitet var ki, 50 faiz təhsil haqqında güzəşt edir. Bəzi təhsil şirkətləri insanlara bunu təqaüd kimi təqdim edirlər. Amma bu, təqaüd deyil. O, 50 faizlik güzəşt təklif edən universitetləri araşdıranda, görürsən ki, adı heç bir reytinqdə filan yoxdur. O cür universitetin müəyyən güzəştinə aldanmaq olmaz. Yəni onların təhsili də normal olmur. Vaxt və maliyyə itkisi ola bilir. Ona görə, endirim verildiyi zaman da universitetin reytinqinə baxmaq önəmlidir”.

Təqaüdlü təhsil birinci şərtdir

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmovdeyir ki, xaricdə təhsil alanda, ilk olaraq təqaüdlü variantları sınamaqda fayda var: “Xaricdə təhsil almaq istəyənlərin əsas problemlərindən biri də maliyyə olur. Heç də bütün valideynlər övladlarının bu xərcini qarşılaya bilmir. Ona görə, əgər belə şanslar varsa, müraciət edib qazanmağa çalışmaq lazımdır. Ancaq xaricdə təhsil üçün müraciət edəndə, çox cüzi qisim təqaüd qazanır. Təqaüdlü təhsil birinci şərtdir, o olmasa belə, reytinqli bir xarici universitetə daxil olublarsa, ailənin imkanı varsa, getməyə dəyər. Çünki reytinqli universitetlərin təhsilləri çox yaxşı olur, üstəlik fərqli ölkə, başqa bir mühit görürlər, dil biliklərini inkişaf etdirirlər”.

Q.Məhərrəmov bildirdi ki, ailənin maddi durumu xaricdə təqaüdsüz təhsilə imkan vermirsə, bu zaman yüz ölçüb bir biçməkdə fayda var: “Ailənin maddi vəziyyəti uyğundursa, xaricdə təqaüdsüz təhsil imkanı əldə etsələr, fikirləşmədən dəyərləndirsinlər. Ailənin maddi durumu ilə yanaşı, tələbənin sağlamlığı da yerində olmalıdır. Bunlar diqqətə alındıqdan sonra xaricdə təhsil almaq qərarı vermək olar. Ailənin iqtisadi vəziyyəti bu təhsili almağa imkan vermirsə, plansız getmək də doğru olmazdı. Çünki xarici universitetlərin dərslərinin ağırlığı tələbəliklə birgə işləməyə imkan vermir. Ancaq bəzi ölkələrdə yarı zamanlı işləmə icazəsi verilir ki, tələbələr bu imkanları dəyərləndirə bilərlər”.

Təhsil mütəxəssisi qeyd etdi ki, özünə çox etibar edən, bacarıqlarına güvənən, hansısa bir peşələrdə bacarığı olanlar müəyyən işlərdə çalışa, həm də təhsil ala bilərlər. Təqaüdsüz və ailənin maddi dəstəyi olmadan da bunu etmək mümküdür. Sadəcə olaraq, hərtərəfli düşünüb, planlı şəkildə bunu etmək lazımdır”.

Birinci kriteriya akademik göstəricilərin yüksək olması idi

Emin Vəlixanov Litvada KaunasTexnologiya Universitetində təhsil alır. Deyir ki, təqaüdlü təhsil almaq üçün bir neçə dəfə cəhd edib: “2016-cı ildə bakalavrı bitirdim. Elə həmin il də təqaüdlü təhsil axtarışına başlamışdım. İtaliyaya müraciət etmişdim, amma təhsil şirkəti vasitəsilə müraciət etməmişdim deyə, məqbul cavab gəlməmişdi. Sinqapurda universitetin daxili təqaüdünə müraciət etmişdim. Ümumiyyətlə, qəbul olub-olmamaqla bağlı məlumat verilmədi. Litvada təqaüdlü təhsil üçün iki dəfə müraciət etmişəm. İkincidə qəbul aldım”.

Deyir ki, o qazandığı təqaüd üçün əsas kriteriya akademik göstəricilərdir: “Burda birinci kriteriya akademik göstəricilərin yüksək olması idi.  Bura bakalavr təhsilindəki ümumi ortalama balın, İELTS göstəricilərin aiddir. Sonra niyyət məktubu yazmalısan. Bunu da hər gənc maraqlı yazmalıdır. Bir də sosial aktivlik, yaxud ixtisasa uyğun hansısa təcrübə, könüllülük proqramlarında iştirakına önəm verilir”.

Eminin qazandığı təqaüd onun yaşayış xərclərini qarşılayır: “Dövlət təqaüdləri adətən yaşayış xərclərini də qarşılayır. Aylıq 380 avro verir. Bu məbləğin təhsil haqqına aidiyyatı yoxdur”.

Həm işləyir, həm təhsil alır

Leyla Məhərrəmova Polşada Akademia WSB Universitetində təqaüdsüz təhsil alır. Leyla deyir ki, təqaüdsüz təhsil almaq prosesi o qədər də çətin olmayıb: “Əslində, seçim eləmək çətin idi. Çünki əvvəlcə Estoniyada daha nüfuzlu universitetə qəbul almışdım, amma xərclər çox baha olduğuna görə ora gedə bilmədim. Adım təqaüd ala biləcək tələbələrin sırasında idi, ancaq nəticə istədiyim kimi olmadı. Sonra qərar verdim ki, Polşaya gəlim. Burda iş imkanlarının daha çox olduğunu dostlarım demişdi. Polşadakı universitetə qəbulu özüm aldım. Yən proses o qədər çətin olmadı”.

Leyla deyir ki, oxuduğu universitetdə təqaüdsüz təhsil alanlar dərsə həftə sonları gedirlər: “Mən təhsil aldığım universitetdə həm təqaüd alan tələbələr var, həm də təqaüdsüz oxuyanlar. Təqaüd alanlar həftə içi, almayanlar isə həftə sonu dərsə gedirlər. Univeristet şərait yaradır ki, təqaüd almayan tələbələr həftə içi işləsin, həftə sonu dərslərə qoşulsun. Bunun əyani təhsildən heç bir fərqi yoxdur. Sadəcə olaraq dərsə həftə sonları gedirsən”.

Leylanın sözlərinə görə, universitetdə təhsil haqqının hissə-hissə ödənilməsinə imkan yaradılması da tələbələr üçün bir üstünlükdür: “Üstünlüyü odur ki, təhsil haqqını aylıq ödəməyə imkan yaradırlar. Hamısını əvvəlcədən ödəmək kimi bir şərt yoxdur. Aylara bölüb ödəməyə icazə verirlər. Bölüblər ki, bu ay bu qədər pul ödəməlisən. Sistem var, istədiyin vaxt daxil olub baxırsan ki, nə qədər ödəmisən, nə qədər qalıb”.

Leyla bildirdi ki, həm işləyib, həm təhsil almaq çətin rejim olsa da, mümkündür: “Mən indi Krakovda yaşayıram. İşim və evim bu şəhərdədir. Həftə içi hər gün 8-dən axşam saat 5-in yarısına qədər işdə oluram. Demək olar ki, 5 gün işə gedirəm, həftə sonları da dərsə. Universitet başqa şəhərdə yerləşir. Yolda vaxtım çox gedir. Bu çətin rejimdir. Amma qazandığım pulla həm yaşayış xərclərimi qarşılayıram, həm də univeristetin təhsil haqqını ödəyirəm”.

Könül Oruc

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Xəbər xətti