“Saxta sevgilərə ehtiyacım yoxdur”

18:55 - 20 Dekabr 2019 - Müsahibə

Əməkdar artist Nigar Şabanova: “Haqsızlığı qəbul etmirəm”

“Ana olandan çox şey dəyişib. Elə özüm də dəyişmişəm. Böyük bir pozitivlik gəlib mənə. Əvvəllər səhər açılırdı, qalxırdım, hazırlıq görürdüm, gedirdim ya toya, ya konsertə, gəlirdim evə və mən tək-tənha qalırdım. Amma indi qızım var. Gəlirəm, onu qoxlayıram və özümü xoşbəxt hiss edirəm. Düşünün, indi belə tələsirəm ki, tez evə getsəydim, qızımı görərdim”. Ucnoqta.az saytının qonağı Respublikanın əməkdar artisti, xanəndə Nigar xanım Şabanovadır.

-Nigar xanım uşaqlıq illərinizdən başlayaq...
-Sakit və utancaq bir qız olmuşam. Baxmayaraq uşaq idim, amma özümü xanım-xatın kimi aparırdım. Oxumağı çox sevmişəm. 11 yaşımdan oxumağa başlamışam. Düzdür, valideynlərim mənim müğənni olmağımı istəmirdilər, amma özüm təkid edirdim. Beləcə gördülər ki, xeyr, mənim musiqiyə olan sevgimin qarşısını heç bir vəchlə ala bilməyəcək, razı oldular. Mahnı oxumağıma babam dəstək olub. Valideynlərim ki, mənim musiqiyə gəlməyimi istəmirdilər, o zaman babamın yanına getdim. O isə valideynlərimə gəlib dedi ki, icazə verin, oxusun. Onsuz Nigar xanəndə olacaq, Səkinə xanım, Mələkxanım müəllimə, Nəzakət xanım və digər sənətkarlarımız kimi abırlı, həyalı çıxacaq efirlərə. Babam ailəmizin böyüyü olduğu üçün onun dediklərini qəbul etdilər və mənim musiqi ilə məşğul olmağıma yox demədilər.

-Gözəl xanımsınız, ola bilməz ki, sizə ciddi sevgi təklifləri olmasın...
-Bilirsiniz, ailə həyatım dağıldıqdan sonra 3 il mən depressiyada oldum. O illər özümü güclə toparlaya bildim. Daha sonra qarşıma məqsəd qoydum ki, mən təhsil almalıyam. Hazırlaşıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Bu illər ərzində də ancaq universitet haqqında fikirləşdim ki, buranı yaxşı oxumalıyam, əla qiymətlərlə bitirməliyəm və s. Universitetdə oxuduğum zaman müsabiqələrə qatıldım və başladım özümü sənətə qurban verməyə. Beləcə, xarici səfərlər, dövlət tədbirləri özümü düşünməyə imkan vermədi. Çünki, yenə də deyirəm, sənətə sevgimlə bağlanmışdım. Düzdür, sevgi təklifləri çox almışam. Amma sənətimi düşündüyümdən, “bəli” cavabı deməmişəm. Bəlkə də, kiməsə razı olmamağım keçmişin məndə buraxdığı bir iz idi ki, mən heç kimə inanmırdım, bəlkə də, sənəti ikinci dəfə qurban verməyimdən qorxurdum. Düşünürdüm ki, mən bu addımı atmışam, sənətdə irəliləmək yolunu seçmişəm, bunun ardınca da getməliyəm. Bu gün artıq mənim 30 yaşım var. Bu yaşımda mən ağıllı qərar verməliyəm. Yüz ölçüb, bir biçməliyəm. Qismət Allahdan.

-Nigar xanım, gələcəkdə ailənizə görə sənəti tərk edərsiniz ?
-Bəli, edərəm. Əgər, həqiqətən də, məni anlayan, dəyər verən biri olarsa, edərəm. Bilirsiniz, bu sənət vəfasızdır. Baxın, bu gün 10 kişidən neçəsi Nisə xanım Qasımovanı dinləyir ? Tam səmimi cavab verək. Bir-iki nəfər olar, ya yox. Halbuki, Nisə xanım bu sənətə hər bir şeyini qurban verib. Efirdə bir dəfə özü demişdi. Bu gün o nə söyləyir ? Mənim dostum dörd divar və siqaretdir. Bir qadın üçün həyatını karyeraya qurban verib sonda tək qalmaq nə deməkdir, bilirsiniz ?

-Övladınızdan danışaq...
-Övladımı uzaq qohumlardan götürmüşəm. Bir qan bağı var. Onu mənim övladlığa götürməyim təklifini onlar verdilər. Düşündüm, hər tərəfli nəzərdən keçirdim və təklifi qəbul etdim. Təklif necə oldu, onu deyim. Mənim doğmalarımdan başqa heç kim bilməz ki, mən nə hisslər keçirirəm və ya mənim vəziyyətim necədir. Yəni mən bir tərəfdə ağlaya bilərəm, amma çevrilib insanlara təbəssüm bəxş edə bilərəm. Bunu kimsə duymaz ki, Nigar kövrəlib. Yalnız doğmalarım bilər ki, ürəyimdə nəsə var. Bəlkə də, onlar məni yalnızlıqdan qurtarmaq üçün bu addımı atdılar ki, al, övladımızı sənə veririk. Təsəvvürünüzə gətirin, qızımın doğuşdan sonra 4 ay müzakirəsi getdi ki, götürüm ya yox ? Çünki, məsuliyyət hiss edirdim. Mən bütün işlərdə beləyəm. Xırda bir addım atanda belə mən sonranı düşünən insanam. Nə yaxşı ki, mən Nəfisəni övladlığa götürdüm. Qızım mənim xoşbəxt olma səbəbimdir.

-Nigar xanım, birdən böyüdükdən sonra övladınız sizi tərk etdi. Dedi ki, valideynlərimin yanına gedirəm...
-Mən ondan heç bir zaman valideynlərinin kimliyini gizli saxlamayacam. Onsuz mənim belə bir şansım, imkanım da yoxdur. Çünki, mən üzdə olan insanam. O böyüyəcək, istər-istəməz hardansa xəbər tutacaq. Ən qısa yolu internetdən. Görəcək ki, o, dünyaya gələn dönəmlərdə anası ailəli olmayıb, hamiləlik dövrü yaşamayıb (üzr istəyirəm), deməyəcək, bəs mən hardan peyda oldum ? Uşaq bunları analiz edəcək axı. Ona görə də gizlətmək istəmirəm. Gələk sualın cavabına. Mən inanmıram ki, Allah mənə belə bir zərbə vurar. İkincisi də bir şeyi bilirəm ki, mənim kimi ananın övladı onu heç bir zaman tərk etməz.

-Neçə yaşında ona etiraf etmək istəyirsiniz ki, sənin anan mən deyiləm ?
-Mən onu hər şeyə hazır görəndə. Mən nə zaman görsəm ki, qızımın onu eşitməyə gücü çatacaq, etiraf edəcəm ki, səni övladlığa götürmüşəm. Onun beyninin inkişafından asılıdır bütün bunlar.

-Nigar xanım, ana olana qədər və ana olduqdan sonra. Nələr dəyişdi ?
-Ana olandan çox şey dəyişib. Elə özüm də dəyişmişəm. Böyük bir pozitivlik gəlib mənə. Əvvəllər səhər açılırdı, qalxırdım, hazırlıq görürdüm, gedirdim ya toya, ya konsertə, gəlirdim evə və mən tək-tənha qalırdım. Amma indi qızım var. Gəlirəm, onu qoxlayıram və özümü xoşbəxt hiss edirəm. Düşünün, indi belə tələsirəm ki, tez evə getsəydim, qızımı görərdim.

-İnternetdə adınızı yazanda bir də insanın qarşısına sizinlə bağlı qalmaqallar çıxır. İstər Mələkxanım müəllimə ilə, istərsə də digər məsələlərlə bağlı açıqlamalarınız böyük səs-küyə səbəb olub...
-Əvvəla deyim ki, Mələkxanım müəllimə ilə aramıza kimlərinsə girmək istədiyi dönəmlərdə sifarişlər çox oldu. Məni vurmağa çalışdılar. Baxın, mənə ad yeni verilmişdi və bunu bəzilərinin gözü götürmürdü. Əslində, mənim müsahibəmdə rezonans doğuracaq bir şey olmamışdı. Mənə sual verildi, kimlər təbrik etdi, kimlər etmədi ? Ardınca bir sual da əlavə olundu, müəlllimləriniz təbrik etdimi ? Mən də dedim ki, müəllimim Qəzənfər Abbasov təbrik etdi, Mələkxanım müəllimə isə yox. Bunu böyütdülər, müzakirə etdilər və bu uzandıqca uzandı. Sonda mənim xətrimi çox istəyən bir jurnalist dedi ki, Nigar, bunu elətdirirlər ki, gözdən düşəsən. Mən də dedim ki, bunu hiss etmişdim, çünki burada şişirdiləcək bir şey yox idi. O dönəmlər getsin, gəlməsin.

-Bu gün Mələkxanım müəllimə ilə münasibətiniz yaxşıdır ?
-Çox yaxşıdır. O, mənim müəllimimdir, anamdır. Ana ilə balanın arasında inciklik olur, amma onlar ömrü boyu küsülü qalmırlar ki. Çoxsu deyir ki, Nigar Mələkxanım Eyyubovanı öz müəllimi kimi qəbul etmir. Xeyr, belə deyil. Necə ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Qəzənfər Abbasov mənim müəllimim olub, Mədəniyyət və İncəsənət Universitetində də Mələkxanım Eyyubova mənim müəlliməm olub. Bu iki insanın üzərimdə çox böyük əziyyəti var. Hərdən özlüyümdə deyirəm ki, mən müəlliməmin həyatını yaşayıram. Necə ki, sənətdə onun qarşısına daşlardan divar hörüblər, bunu mənə də edirlər. Mən Mələkxanım müəlliməni öz müəllimim kimi qəbul etməsəm, həyatımı onun həyatına bənzətmərəm.

-Elgizin verilişini niyə tərk etdiniz ?
-Səbəb o idi ki, verilişdə mənə uyğun olmayan qonaqlar var idi. Məsələ Elgizlə bağlı deyil. Bu hər bir verilişlə bağlı belədir. Mən şou və əyləncənin, həmçinin, qalmaqalın çox olduğu verilişlərə getmirəm. Təbiətimə görə getmirəm. Əgər mən hansısa bir yerdə gedib özümü narahat hiss edəcəmsə, niyə gedim və ya gedib də insanlara yalandan gülüş bəxş edim ? Mən aldatmağı sevmirəm. Gələk, indi Elgizin verilişinə. Getdim, gördüm ki, qonaqlar mənə uyğun deyil və bir də məni onlarla qalmaqal etməyə sövq edirlər. Gözləyirdim ki, fasilə yaransın, gedim. Amma baxdım ki, yox atmosfer gərginləşir, durdum, efiri tərk etdim.

-Açıqlama vermişdiniz ki, Gülyanaq xanımdan Opera və Balet Teatrı 4 min manat rüşvət istəyib. Amma sənətçi sizin dediklərinizi təkzib elədi...
-Mən gözümlə görməmişəm, şahidi olmamışam, amma mənə deyiləni demişəm. Mən o barədə söz vermişəm ki, danışmayacam. Ümumən danışmaq istəmirəm. Sadəcə bir cümlə demək istəyirəm ki, haqsızlığı qəbul etmirəm. Düzgün nədirsə, onu danışıram. İstəyən bunu qəbul etsin, istəməyən də qoy məni sevməsin. Mənim saxta sevgilərə ehtiyacım yoxdur. Mən saxtalıq etməmişəm və etməyəcəm də. Bu fikir hər kəsə aiddir. Bu gün mənim bəzi sənət yoldaşlarım var ki, arxada başqa cürdürlər, üzdə isə tamam başqa. Onların heç biri özləri deyillər. Arxada mənim pisliyimə min bir iş görənlər, mənimlə qarşılaşanda səndən yoxdur, deyillər.

-Nigar xanım, hər zaman haqsızlıqlardan uzaq olasınız. Dəvətimi qəbul edib gəldiyiniz üçün minnətdaram.
-Mən də sizə təşəkkür edirəm

Rövşən Tahir


Xəbər xətti