Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir

18:30 - 18 Dekabr 2019 - KİVDF

Azərbaycan hökuməti qarşısında qoyulan ən aktual vəzifələrdən biri uşaqların əlverişli mənəvi və sosial mühitdə sağlam böyüməsi üçün zəruri şəraitin yaradılmasıdır

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Bu səbəbdən də uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi Azərbaycanda bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. 

Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər, mənəvi cəhətdən zəngin böyütmələri üçün hər cür şərait yaratmağa çalışıb. Dövlətimiz də uşaqlara hər zaman diqqət və qayğı göstərib, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına qayğı göstərib. Ümummilli lider Heydər Əliyev uşaqlara təkcə sevgi və qayğı ilə yanaşmayıb, həm də onların sağlam gələcəyinə möhtəşəm töhfələr verib. Uşaqları Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər deyirdi: “Əziz uşaqlar, siz XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacaqsınız. Biz sizə Azərbaycanı tapşırırıq. Mən əminəm ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər”.

Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi çox önəmlidir. Bu səbəbdən də Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu ən aktual vəzifələrdən biri uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün şəraitin yaradılmasıdır.Bu istiqamətdə bir sıra addımlar atılıb. Uşaqların sağlamlığının qorunması məqsədilə 2006-2010-cu illəri əhatə edən “Ana və Uşaqların Sağlamlığının Qorunması üzrə Tədbirlər Planı” da qəbul olunub. Bu plan çərçivəsində səhiyyə sahəsində islahatlar, klinikaların yaradılması və yeni avadanlıqlarla təchizatı, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası həyata keçirilib. Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı bildirib ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir.

Uşaqların sağlamlığı ilə əlaqədar ölkə rəhbərinin 2018-ci il 9 avqust tarixli sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqram uşaqların sağlam inkişafına yönəlib. “Uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunması da bu problemə olan diqqəti əks etdirir.

Bundan başqa, Heydər Əliyev Fondunun xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genefondunun qorunmasında gördüyü misilsiz fəaliyyəti danılmazdır. Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti, Heydər Əliyev Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı ” proqramı xüsusi aktuallığa malikdir. Bu layihəni həyata keçirməkdə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir. Fond uşaq evləri və internat məktəbləri ilə işi bu müəssisələrin yenidən qurulması, burada məskunlaşan uşaq və yeniyetmələrin problemlərinin həll edilməsi, valideyn himayəsindən, ailə qayğısından məhrum olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi istiqamətlərində aparır.

Uşaqların təlim və tərbiyəsi ilə bağlı məsələ Fondun daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, valideyn himayəsindən məhrum olan uşaqlar və yeniyetmələrə qayğı yalnız uşaq evlərində və internat məktəblərində məşkunlaşdıqları müddətdə təhsili və ya maddi-texniki təchizatı ilə məhdudlaşmır, onların məzun olduqdan sonrakı taleyi, işlə, yaşayış yeri ilə təminatı məsələsinə də xüsusi əhəmiyyət verilir. Artıq ötən müddət ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz gənclərin müvəqqəti məskunlaşdıqları müəssisələri tərk etdikdən sonra yaşamaları üçün bir sıra binalar inşa olunub.

Dekabrın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət etməsi, onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanması da uşaqların sağlamlığına önəm verildiyinin göstəricisidir. Görüş zamanı “Cırtdan. Novruz macərası” adlı ailəvi meqaşoudan əldə edilən vəsaitlə Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə uşaqların müalicəsi üçün lazım olan dərman preparatları, eyni zamanda, burada müalicə alan uşaqların əylənməsi üçün xüsusi kompüter oyunları, müxtəlif oyuncaqlar və hədiyyələr təqdim edilib. Əyləncəli tədbir uşaqların böyük sevinci ilə qarşılanıb və onların əhval-ruhiyyəsinə müsbət təsir edib.

Qeyd edək ki, “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqaşou ilk dəfə 2018-ci ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Konqres Mərkəzində təşkil edilib. Bu təşəbbüs gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, mənəvi inkişafı, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verir. Həmçinin xeyriyyə xarakteri daşıyan layihədən əldə edilən gəlir xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndiilir. Cari ilin fevral ayında şoudan əldə olunan 397 min manat məbləğində gəlir uşaqların müalicəsi məqsədilə Talassemiya Mərkəzinə təqdim edilib.

Beləliklə, son illərdə uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, pulsuz səhiyyə xidmətinin tətbiqi, uşaq ölümü hallarının kəskin şəkildə azaldılması, uşaqlar arasında tez yayılan xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, eyni zamanda, pulsuz ümumi orta təhsilin tətbiqi ümumilikdə dövlət uşaq siyasətinin başlıca nailiyyətləri kimi qiymətləndirilə bilər.

Xəbər xətti