Klubların UEFA reytinqi açıqlanıb

11:25 - 13 Dekabr 2019 - İDMAN

“Qarabağ” UEFA reytinqində “Styaua”nı keçib, “Malmö”dan geri düşüb

Avrokubokların qrup mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Siyahıda 55 ölkəni təmsil edən 421 komanda yer alıb.

Qrup mərhələsinin sonuncu – VI turunun matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” 71-ci pillənin şərikləri arasında qalıb.
“Düdelanj”la 1:1 hesablı heç-heçə Ağdam klubunun aktivinə 1 xal qazandırıb. Nəticədə Qurban Qurbanovun yetirmələrinin hesabı 21,000-a çatıb.

Bu, Rumıniyanın “Styaua” klubunu (20,500) keçmək, Yunanıstan PAOK-una (21,000) çatmaq imkanı verib. Əvəzində bunadək “Qarabağ”a şərik olan “Partizan”la (Serbiya) “Malmö” (İsveç) aktivini 22,000-a çatdıraraq ağdamlıları arxada qoyub.
Digər Azərbaycan klublarına gəlincə, “Qəbələ” 7,500 xalla 144-cü, “Neftçi”, “Səbail”, “Keşlə”, “Zirə”, “Kəpəz” 3,750 xalla 274-cü yerə şərikdir.

Qeyd edək ki, siyahıya İspaniya “Real”ı başçılıq edir – 134,000.

Xəbər xətti