"QHT hansısa bir tədbiri keçirib ora 10-15 adamı yığmaqla, ..."- Ekspert

15:30 - 7 Dekabr 2019 - Xəbər

Azərbaycanda qeydiyyatdan keçən Qeyri-Hökümət Təşkilatların sayı kifayət qədərdir. QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata keçirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və media əməkdaşlığı olmalıdır.

Maraqlıdır, bəs bu sahədə bizdə vəziyyət necədir? Media ilə QHT-lərin əməkdaşlığı hansı səviyyədədir?
Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev QHT-lərin media ilə sıx əlaqədə olmağının vacibliyini bildirib:

“Azərbaycanda QHT daha çox 90-cı illərin sonundan etibarən formalaşmağa başlayıb. QHT-lərin bəziləri bir çox layihələr həyata keçirərək, media ilə ciddi əməkdaşlıq konsepti formalaşdırıb. Amma həm QHT-lər, həm də media təxminən 10 ildə bəzi dövlət strukturlarının gərgin əməyi nəticəsində elə bir hala gəldi ki, media ilə əlaqə axtalanmış vəziyyətə düşdü. QHT-lərin isə böyük əksəriyyətinin fəaliyyəti dayandı, ya da hesabları həbsdədir. İndiki vəziyyətdə media ilə QHT-lərin əməkdaşlığının bərpası müşküldür, gərək bu sahədə çox işləyəsən. QHT-lərlə KİV-in əməkdaşlığı dövlətin üzərindən bəzi funksiyaları götürür, beləcə bu da işlərin tezləşdirilməsinə gətirib çıxarır. Ekologiya, əlillik sahəsində, cəmiyyətin aztəminatlı hissəsi barədə işlər görən QHT-lərin olması dövlətin üzərindəki ağır iş rejimini yüngülləşdirməklə bərabər, cəmiyyətin də narazılığını aradan qaldırmış olar. Eyni zamanda, cəmiyyətdə vətəndaş sülhünün yaranmasında, ictimai münasibətlərin normallaşmasında QHT-lərin böyük rolu var. Məhdud dairədə QHT heç nə edə bilməz, gərək QHT media ilə sıx əlaqədə olsun”.

“Humanitar Araşdırmalar Cəmiyyəti”nin rəhbəri Əvəz Həsənov QHT-nin məqsədinə çatmaq, cəmiyyətin marağını qazanmaq üçün media ilə əlaqə saxlamasının mütləq olduğunu qeyd edib:
“Əgər QHT-lər mətbuatla lazımi əməkdaşlığı edə bilmirsə, o zaman öz sözlərini ictimaiyyətə çatdırmaqda çətinlik çəkərlər. Azərbaycanda QHT-lər publika ilə təmasda da çətinlik çəkirlər. Hansısa bir tədbiri keçirib ora 10-15 adamı yığmaqla, təşkilat olaraq işlərinin yekunlaşdığını düşünürlər. Əgər QHT olaraq sən cəmiyyətin vacib mövzusunu gündəmə gətirirsənsə, iddianın olub-olmamasından asılı olmayaraq təşkilatının piarı ilə məşğul olmalısan. Bu edilmədikdə QHT-nin adi klubdan fərqi yoxdur. Cəmi 10-15 QHT olar ki, onlar xarici ölkələrlə çox yaxşı işlər görürlər, lakin o QHT-ləri də ölkə daxilində qəbul etmirlər. Bu QHT-lərin qəbul edilməməsi heç də hökumətdən asılı deyil. Sadəcə, ölkə daxilində öz işini bacarmayan QHT-lər var ki, onlar öz həmkarlarını hökumət yanında gözdən salmağa çalışırlar”.

Ə.Həsənov əlavə edib ki, bu gün hökumətin real işləyən QHT-lərə ehtiyacı var, nəinki quyruq bulayan QHT-lərə:
“Baxırsan ki, idarəetmə strukturundan parlament strukturuna qədər islahatlar tətbiq edilir, yenilənmə gedir. QHT nümayəndəsi kimi bu islahatların QHT sferasında da baş verməsini istəyərdim. Bacarıqlı insan ayağa qalxıb bu sahədə işini görsün, bacarıqsız kiminsə hesabına yaradılan, xarici fondların marağına işləyən QHT-lərdə isə islahatlar həyata keçirilsin. Bəlkə o zaman bu platformada inkişaf olar. Bütün bu sadaladıqlarım eyni zamanda siyasi parrtiyalara da aiddir. Artıq 10 ildir ki, deyirəm islahat olmasa QHT-lərin hamısı oyuncaq kimi qalacaq, onların işinin effektivliyi olmayacaq”.

Xəbər xətti