Neftçalada 21 000 ağac əkilib

12:35 - 6 Dekabr 2019 - Xəbər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Neftçala rayonunda ağacəkmə aksiyası keçirilib.

 Azərbaycan tarixində ilk dəfə olaraq bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Neftçala sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Aksiya çərçivəsində rayonun bütün yaşayış məntəqələrində 21 min ədəd müxtəlif növ ağac əkilib. Əkilən ağaclara qulluq edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. /report

Xəbər xətti