Xızıda ağacəkmə aksiyası keçirilib -Foto

11:39 - 6 Dekabr 2019 - Xəbər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, aksiya zamanı Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.

Tədbir zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan 100 ədəd Eldar şamları və zeytun ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar.

Qeyd edək ki, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində Xızı RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər. Belə ki, cari ilin oktyabr ayında da polislər tərəfindən rayon ərazisində 100 ədəd iqlim şəraitinə uyğun və dözümlü ağaclar əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.


Xəbər xətti