“Bəzi insanlar var ki, hal-əhval belə tutmurlar”

11:44 - 30 Noyabr 2019 - Müsahibə

Rəşad Abbasov: “Həyat sınaqlardan ibarətdir”

“Şükür etməyi sevən insanam. Ən pis günümdə belə Allahıma şükür edirəm. Çünki, ondan da pis günüm ola bilər. Fikrimcə, insan nəfəs ala bildiyinə görə belə Allaha şükür etməlidir. Allah bizim qismətimizi müəyyən edir”. “Ucnoqta.az” saytı “Müsahibələr” bölməsinin bu dəfəki yayımını bir zamanların məşhur siması olmuş, hazırda isə “Cavan” Tv-də fəaliyyətini davam etdirən Rəşad Abbasova həsr edir.

Balaca, dəcəl Rəşad

Uşaqlıq illərim çox gözəl keçib. Hətta tez-tez içimdən geri, həmin illərə qayıtmaq keçir. O anların çox həsrətini çəkirəm. Atamın əlimdən tutub gəzdirdiyi o günlər elə gözəl vaxtlar idi. Valideynlərimin dediyinə görə 9 aylığımda yerimişəm və elə o vaxt da danışmışam. Hətta uşaq kimi deyil, sərbəst şəkildə danışmışam. Aktiv həyatım olub. Çılğın bir uşaq olmuşam. Anam deyir, səsin həyətdən əksik olmayıb. Amma indi sakitəm. Bəlkə də, evin sonbeşiyi olduğumdan dəcəl bir uşaq idim (gülür). Dəcəl olduğum üçün də başıma çox hadisələr gəlib. Onlardan birini sizə danışım. Biz doqquz mərtəbəli binanın beşinci mərtəbəsində yaşamışıq. Uşaq vaxtı evimizin pəncərəsinə çıxmışam, yıxıldığım anda anam məni xilas edib. Yəni, ölümün bir addımlığından dönmüşəm. Bu kimi hadisənin fonunda belə uşaqlığımdan məmnunam. Çünki, olduqca rəngarəng bir uşaqlığım olub. Düzdür, o zaman Azərbaycan bugün olduğu kimi inkişaf etməmişdi, istədiyin şeyləri ala bilmirdin, amma yenə də uşaqlıq illəri elə uşaqlıq illəridir də.

Gənclik həyatı və jurnalistikaya gəlişi

Məktəbə getdim, beləcə hər şey böyüyə-böyüyə baş verdi. Orta məktəbdə təhsil alanda kiçik biznesə həvəsim yarandı. O zaman həm dərslərimlə məşğul olurdum, həm də alqı-satqı ilə. Yaxşı yadımdadır, 5-ci sinifdən artıq cib xərcliyimi özüm qazanırdım. Bunu evdən icazə alıb hobbi olaraq edirdim. Xoşuma gəlirdi, nəsə alım və satım, gəlir əldə edim. Nəticə etibarilə böyüdüm və dükan açdım. İndi də fəaliyyət göstərir o mağaza. ANS-ə işə girəndən sonra həmin biznesi ailəmə təhvil verdim. Yeniyetmə dövrlərim həm təhsil almaq, həm də işləməklə keçib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum. Tam jurnalistikadan fərqli bir ixtisasa-“Qiymət və qiymətləndimə”yə. Təhsilimi başa vurub hərbi xidmətə yollandım, sonra oranı da bitirib evə qayıtdım. Jurnalistikaya gəlişim isə maraqlı oldu. Təsəvvür belə etmirdim ki, jurnalist olaram. Əsgərlikdən qayıtdıqdan sonra mağazada çalışırdım, amma stajlı bir iş istəyirdim. Mağazada işləyəndə radioya çox qulaq asırdım. ANS-in radiosunda belə bir elan verildi ki, jurnalistika akademiyasına qəbul var. Mən hər dəfə o elana qulaq asanda cv-ni hara göndərmək lazım olduğu məqamı diqqətdən qaçırırdım. Elanın sonuncu günündə hansı emailə göndərmək lazım olduğunu diqqətlə dinlədim. Bir şeyi də deyim, mənim yalnız 1 saat vaxtım var idi, çünki 1 saat sonra cv qəbulu dayandırılırdı. Kompüter məntəqələrindən birinə gedib dərhal şəxsi məlumatlarımı elektron poçt ilə göndərdim. Növbəti gün ANS-ə müsahibəyə dəvət olunmağımla bağlı mənə məlumat verdilər. Müsahibədən uğurla keçdim və test imtahanını da müvəffəqiyyətlə verdim. Kursa daxil olub oranı da 1-ciliklə bitirdim. Beləcə, ANS-də faəliyyətə başladım.

Televiziyada yeni bir sima görünürdü-Rəşad Abbasov

ANS-də ilk olaraq iqtisadiyyat xəbərlərində ixtisaslaşdım. Sonra sosialda, bunun ardınca isə kriminal xəbərlərdə müxbir kimi fəaliyyət göstərdim. 2006-cı ildə “Növbəçi” verilişi yaranmışdı. Allah rəhmət eləsin, Natiq Qədimovla birlikdə onu aparırdıq. Kifayət qədər reytinqli proqram idi. Gündəlik kriminal xəbərləri tamaşaçılara təqdim edirdik. Sonra “İç xəbər” verilişində aparıcı oldum və daha sonra “Cinayət işi” verişini də mənə həvalə etdilər. Mən həmin ərəfədə 3 verilişi məsuliyyətli şəkildə aparırdım ki, adlarını qeyd etdim. 2006-cı ilin yanvar ayından efirdə görsəndim. Məni yoxlamadan birbaşa efirə buraxdılar. Aparıcılıq həyatı belə başladı və ANS fəaliyyətini dayandırana qədər davam etdi. Efirdə olduğum müddətdə çalışırdım ki, az səhvlər edim. Demirəm, səhvlərim olmayıb, onlar da olub, amma məsuliyyət deyilən bir anlayışı dərk edərək səhvlərin az olmasına səy göstərirdim. Bunu da əlavə edim, verilişlər içərisində “Cinayət işi” mənə daha çox doğma idi. Orada mənim bir cümləm vardı: “Çalışın cinayətdən və cinayətkarlardan uzaq olun”. İnanırsınız, günü bugün belə məni görüb xatırlayanlar o cümləni mənə deyirlər. Hətta xaricdə olanda belə oradakı azərbaycanlılar bu cümləni mənə xatırladırlar.

İnsanlar uzaq düşdülər

Vəzifə, şan-şöhrət çox pis şeydir. Ona gərək audə olmayasan. Mənə ANS bağlanandan sonra müəyyən vəzifələrə iş təklifləri oldu, ancaq özüm getmədim. ANS-də çalışdığım zaman mən böyüklə böyük, kiçiklə kiçik kimi davranmışam. Ona görə də bu gün kimsə məni görəndə mehribancasına salam verir. Amma işdən çıxdıqdan sonra uzaqlaşmalar da oldu. Belə deyim, əgər sənin əvvəlki şan-şöhrətin yoxdursa, bir çox insanlar artıq yanında olmur. Mən də də belə oldu. Düzdür, bunu açıq-aşkar elan etmədilər, amma hiss etdirdilər. Məsələn, mən populyar olduğum dönəmdə əgər mənə gələn zənglərin ardı-arası kəsilmirdisə və facebook-a gündə 100 mesaj gəlirdisə, işdən ayrılandan sonra o zənglər də azaldı, yazılan mesajlar da. Efir, mavi ekran bax belədir. Sən orada nə qədər ki, varsan, insanlar da bir o qədər sənə can atacaqlar. Yox, əgər deyilsənsə, o zaman çoxsu yanında olmayacaq. Keçmiş iş yoldaşlarımın əksəriyyəti ilə yalnız xeyir və şər işlərdə görüşürəm. Komandam olan iş yoldaşlarımla sosial şəbəkələrdə danışırıq. Yəni kriminal sahədə çalışan işçilərlə daim ünsiyyətdəyəm. ANS-də olan işçilərin hamısı ilə hazırda tez-tez üzbəüz görüşməsək də, masa arxasına oturub çay içməsək də, münasibət normaldır. Düzdür, soyuqluq var. O da bilirsiniz, nəyin soyuqluğudur? Əvvəllər iş prosesində üz-üzə gəlirdin, nəyisə müzakirə edirdin, lakin indi bölüşə biləcəyimiz ortaq bir şey yoxdur. Bunu da əlavə edim, məşhur olduğum dönəmlərdə əlindən tutub kömək etdiyim bəzi insanlar var ki, indi hal-əhval belə tutmurlar. Onlara dəstək olduğuma görə qətiyyən peşiman deyiləm. Mən belə insanam. Çalışıram, bacardığım yaxşılığı edim. Mən istənilən anda yenidən populyarlaşa bilərəm. Bu özünü tərif kimi çıxmasın. Çünki, mən işimi məsuliyyətlə görürəm və bilirəm ki, yenidən efirlərə qayıtsam, əvvəlki populyarlığımı qazana bilərəm. Sual verirsiniz ki, onları yenidən ətrafınıza buraxacaqsınız? Cavablayım ki, buraxacam, amma çərçivədə. Çox yaxın olmayacaqlar. Bayaq dediniz ki, etdiyiniz yaxşılığa görə peşimansınızmı indi? Dedim, xeyr. Peşiman o zaman olaram ki, yenidən o səhvləri edib bəzi insanları ətrafıma buraxaram. Bir dəfə etmişəm, bu normaldır. Çünki, səhvlər hamı üçündür. Səhvsiz insan yoxdur. Amma çalışmalısan ki, o səhvi ikinci dəfə etməyəsən. Mən də ikinci dəfə həmin səhvləri etmərəm.

Həyata fəlsəfi baxış

Həyat sınaqlardan ibarətdir. Allah istənilən bir bəndəsinə sınaq göndərir. Məni də kifayət qədər sınaqlarla üz-üzə qoyub və mən də sınaqlardan keçə-keçə gedirəm. Çünki, Allah səbr edən insanı sevir. Səbrli insanam. Düzdür, illər ərzində əsəbi hallarım da olub. Amma səbrim həmişə qalib gəlib. “Həyat sizi sınayır ya siz həyatı?” sualını verirsiniz mənə. Çalışıram ki, həyatı sınamayım. Çünki, həyatı Allah verir. O sənə nəyisə yazır, tale yollarını müəyyən edir. Biz kimik ki, həyatı sınayaq?! Etiraf edirəm, keşməkeşli həyat yaşamışam, lakin şükür etmişəm. Mən şükür etməyi sevən insanam. Ən pis günümdə belə Allahıma şükür edirəm. Çünki, ondan da pis günüm ola bilər. Fikrimcə, insan nəfəs ala bildiyinə görə belə Allaha şükür etməlidir. Allah bizim qismətimizi müəyyən edir. “Alın yazısı” deyilən bir şey var. Ona inanan hər kəs bilməlidir ki, pis də, yaxşı da Allahın payıdır. Onu şükürlə qəbul etmək lazımdır. İnsanın həm yaxşı, həm də pis günü olur. Bütün bunlar onun qismətidir.

Arzular onu da sahilsiz ümmanların sahilinə aparır

Mən özümü şanslı insan saya bilərəm ki, arzularımın bir qismini Allah həyata keçirib. Buna görə ona minnətdaram. Elə ANS-də çalışmağım kimi arzunu misal göstərə bilərəm. Kifayət qədər arzularım var. Bilirsiniz, arzu elə bir şeydir ki, hər arzudan biri doğur. Məndə də arzular tükənmir. Belə fikirləşirəm ki, normal insanda arzuların sayı çox olmalıdır. İşlə, ailəylə, peşəylə, övladla, valideynlə bağlı olan arzularım sonsuzdur. Deyim ki, hamısını reallaşdıra biləcəyəm, xeyr. Düşünürəm ki, həyata keçməsi mümkün olmayan arzularım da olacaq. Jurnalistika fəaliyyətimlə bağlı arzularım çoxdur. Reallaşdırmaq istədiyim layihələr var. Allah imkan yaratsın, onlar da işıq üzü görsün.

O, ömrünün yazındadır

Yaşım 38 olmağına baxamyaraq özümü o yaşda hiss etmirəm, cavan, gənc bir insan kimi hiss edirəm. Xarici görkəmim belə məni o yaşda göstərmir. Mənə “Sən 25, 26 yaşdasan, sanki” deyənlər var. Bütövlükdə götürsək, özümü ömrümün yaz fəslində hiss edirəm. Düzdür, payız kimi arada saralıb soluram da. Amma ömrümdə yaz fəsli özünü daha qabarıq göstərir.

Onunla sağollaşıb diktafonu keçirirəm. Beynimdə dediyi cümlələr, səsləndirdiyi fikirlər bir burulğan kimi fırlandıqca fırlanır. O cümlələri və fikirləri ki, insanlarla və insanlıqla bağlı məqamları özündə əks etdirir və mən düşüncələrimin astanasında bir sualla üz-üzəyəm:“Niyə biz insanların çoxsu şan-şöhrətə meyil edirik?”

Rövşən Tahir

Xəbər xətti