Ana səhifə
21 Avqust 2018

Azərbaycan musiqilərini çox sevirəm - Müsahibə

Oya Ergün: “Xarici ölkələrdə Azərbaycan əsərləri böyük alqışlarla qarşılanır”

 

«Mənim üçün Azərbaycanda yaşamaq hədiyyədir»

 

Sənət sərhəd tanımır. Harada yaşayırsansa yaşa, sənətini yüksək səviyyədə təqdim etməlisən. Türkiyəli opera ifaçısı Oya Egün belə sənətçilərdəndir. Azərbaycanda 3 il yaşamasına baxamayaraq Rəşid Behbudovun mahnılarından ibarət disk buraxıb, Avropada Azərbaycanı təmsil etməklə yanaşı, musiqilərimizi də tanıdır. “Şənbə qonağ”ımız olan opera ifaçısı Azərbaycandakı fəaliyyətindən, yaradıcılığından, Avropadakı konsertlərindən və şəxsi həyatından danışdı.

 

- Oya xanım, Azərbaycanda fəaliyyətiniz necə başladı?

 

- İş təklif edildikdən sonra Yoldaşıma Azərbaycana gəldik. Beləliklə, Bakıda da iş fəaliyyətimi davam etdirməyə başladım. Bir çox konsertlər verdim və verəcəm. Avropa ölkələrində - Almaniyada, Belçikada, İtliyada, Hollandiyada, Türkiyədə və eləcə də Azərbaycanda konsertlərim olub. 10 il Hollandiyada fəaliyyət göstərmişəm. Türkiyədə Marmara Universitetini bitirdikdən sonra Hollandiyaya getdim və orada Konservatoriyada təhsil aldım. Hollandiyadan sonra Türkiyəyə qayıtdım və 3 il Konservatoriyada müəllimə işlədim.

 

- Avropada konsertlərdə iştirak edən zaman Azərbaycan mahnıları səsləndirirsinizmi?

 

- Bəli. Bir çox konsertlərdə, festivallarda Azərbaycan mahnıları ifa etmişəm və edəcəm də. Türkiyədə estrada orkestrində bir konsert vermişdim, ondan sonra estrada çox sevildi ki, estrada konsertləri vermək təkilifləri edildi. Azərbaycana gəldikdən sonra da estrada konsertləri verməyə başladım. Üzeyir Hacıbəylinin əsərlərini ifa etmişəm, Rəşid Behbudovun mahnılarından ibarət disk çıxartdırmışam. İnşallah, yanvarın 23-də diskin təqdimatı olacaq. Bu il 10 konsertim Avropada, 10-u isə Azərbaycanda olacaq. Avropadakı konsertlərim böyük fesivallarda təşkil ediləcək.

 

- Azərbaycan mahnıları səsləndirirsiniz. Bəs, Azərbaycanı təmsil edirirsiniz?

 

- Bura gəldikdən sonra Azərbaycanı təmsil etməyə başlamışam. Azərbaycan musiqilərini çox sevirəm. Rəşid Behbudovun mahnılarından ibarət diskimdə yalnız bir türk, rus mahnısı var, hamısı Azərbaycan mahnılarıdır. Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Musiqimizdə, mədəniyyətimizdə də çox oxşarlıq var.

 

- Xarici ölkələrdə mahnılarımızı necə qarşılayırlar?

 

- Xarici ölkələrdə Azərbaycan əsərləri böyük alqışlarla qarşılanır. Keçən dəfəki konsertimdə “Sənə də qalmaz” mahnısını ifa etdim, mahnını ayaqüstə alqışladılar. Eləcə də “Hardasan” və bir çox əsərlərinizi çox sevirlər. Azərbaycan əsərləri melodikdir. Hazırda Avropa bir az melodiyadan uzaqlaşıb, təkrar melodi eşitmək xoşlarına gəlir.

 

- Azərbaycan və Türkiyədə opera sənətinin fərqli və oxşar tərəfləri nələrdir?

 

 - Əslində, Azərbaycan və Türkiyədə opera sənətində çox fərq yoxdur. Hər ikisində opera sənəti dövlət qurumudur. Türkiyədə buradan fərqli olaraq çox opera növü, Mersin, Ankara, İzmir, Samsun, Trabzon və başqaları var. Hər ikisində özəl operalar yoxdur. Avropada ən çox xoşladığım özəl operaların olması və aktiv fəaliyyət göstərməsidir.

 

- Azərbaycanlı opera ifaçılarını tanıyırsınızmı?

 

- Fidan Hacıyeva, Fidan və Xuraman Qasımova bacılarını, Azər Zeynalovu tanıyıram. Fidan və Xuraman xanım İstanbulda konservatoriyada müəllimə işləyirdilər, oradan tanıyıram. Eləcə də, bəstəkarlarınızı, Firəngiz Əlizadəni və bir neçə orkestr nümayəndələrini tanıyıram. Operanızın içində tam fəaliyyət göstərmədiiyim üçün opera ifaçılarınızla tam tanış ola bilmədim.

 

- Fidan və Xuraman bacılarını tanıdığınızı qeyd edirsiniz. Onlarla münasibətiniz varmı və işbirliyiniz ola bilərmi?

 

- Azərbaycana gəldikdən sonra Fidan və Xuraman xanımla görüşmək imkanım olmadı. Amma indi görüşmək istəyirəm, tanış olmağımız lazımdı. O sənətkarlarla iş birliyimiz olsa çox şad olaram.

 

- Bura gəldikdən sonra fəaliyyətinizi davam etdirmək çətin oldumu?

 

- Azərbaycana gəlməzdən əvvəl də ölkənizi, musiqinizi çox sevirdim. Ona görə də yoldaşıma iş təklif edilən zaman sevinərək gəldim. Çəx çətinlik çəkdiyimi deyə bilmərəm. İnsanlarla çox gözəl münasibətim oldu və gözəl insanlarla qarşılaşdım. Azərbaycanda mənim üçün çətinlikdən çox, gözəllik oldu.

 

- Opera sənətinə gəlişiniz necə oldu?

 

- Klassik musiqi dinlənilən ailədə dünyaya gəlmişəm. Uşaqlıqdan musiqiçi olmaq istəyirdim, mahnı oxumağı çox sevirdim. Atam hüquqşünas idi, amma yaxşı kaman çalırdı. Gənclik illərimdə opera orkestrini sevdim və bu sənətdə təhsil aldım. Bu sənətdə olduğuma görə də özümü xoşbəxt sayıram.

 

- Türkiyədə, yoxsa Azərbaycanda daha çox tanınırsınız?

 

- Əslində, daha çox Hollandiyada klassik musiqi sahəsində olan bir sənətçi kimi tanınıram. 10 il olada fəaliyyət göstərmişəm. Burada da tanınmağa başlamışam. Türkiyədə Konservatoriyada müəllimə kimi fəaliyət göstərirdim, həm də ana olduğuma görə sənətimə bir az fasilə verdim. Hollandiyada sənətimi inkişaf etdirə bilərdim, amma həyata heç vaxt o gözlə baxmamışam. Çünki daha çox yaxşı bir ailəmin olmasını istədim və ona görə Türkiyəyə qayıtdım. Əks təqdirdə Hollandiyada sənətimi davam etdirəcəkdim. İllər boyu təkbaşına yaşayan bir qız idim. Həmişə tək çantamı götürüb Almaniyaya, İtaliyaya konsertə gedirdim. Uzun illər təkbaşıma yaşamağım, artıq ailəmin olmasının vacibliyini hiss edirdim. Yoldaşımla tanış olduqdan 1 il sonra evləndik. Bizi ortaq dostumuz beyin cərrahı tanış edib.

 

- Tək qız uşağı konsertlərə gedirdiniz. Ailəniz sizə maddi dəstək edirdimi?

 

- Ailəm və bir il dövlət qurumu dəstək oldu. Amma daha çox özümə özümə dəstək oldum. Avropada tələbələrin işləməsi asandır. Həm təhsil aldım, həm də işlədim. 

 

- Xarici ölkələrdəki konsertlərinizi özünüz təşkil edirsiniz, yoxsa əlaqələriniz var?

 

- Orada konsert verməyim əlaqlərimlə əlaqədardır. Bir-iki konserti özüm təşkil etmişəm. Daha çox festivallara dəvət edildikdə konsertlər verirəm.

 

- Azərbaycanda fəaliyyətinizi davam etdirmək istəyirsinizmi?

 

- Bakıda bir neçə il yenə qalmaq istəyirəm. Oğlumun məktəbi bitirməsini, yarımçıq qoymamasını istəyirəm. Çünki özünü azərbaycanlı kimi hiss edir və buranı çox sevir. Amma həyatın nə göstərəcəyini heç kim bilməz. Onu da bildirim ki, sənətimin üzərində işləmək üçün başqa ölkələrə də getmək lazımdır.

 

- Musiqiçi üçün hansısa ölkədə yaşamasının fərqi varmı?

 

- Musiqini inkişaf etdirmək baxımından fərqi var. Hər ölkənin öz musiqisi var. Mənim üçün Azərbaycanda yaşamaq hədiyyədir, repertuarımı daha da genişləndirmişəm, 200-dən çox mahnı, eləcə də rusdilli estrada mahnıları öyrənmişəm. Bununla yanaşı, başqa bir musiqini duymuş oldum. Musiqiçi üçün hər bir ölkə zənginlikdir. Ona görə də Avropaya gedib eşitdikləri, dinlədikləri musiqini mənimsəyirlər. Biri var, internetdə dinləmək, biri də var canlı. Təbii ki, canlı dinləmək daha yaxşıdır.

 

- Azərbaycanda musiqidən başqa diqqətinizi çəkən və daha çox maraqla qarşıladığınız nədir?

 

- Daha çox musiqi mədəniyyətiniz xoşuma gəlir. Sənətçilərinizdən Alim Qasımovun səsi çox bəyənirəm. Onu ilk dəfə Belçikada və Almaniyada dinləmişəm. Qəbələnin təbiəti xoşuma gəlir, Şəki isə mənə nağıllar aləmini xatırladır. Yeri gəlmişkən, deyim ki, Şəki paxlavasını da çox sevirəm. Yalnız Şəkidə və Qəbələdə olmuşam. Bu ay Şahdağa gedəcəyik.

 

- Opera sənətindən pul qazanmaq çətindir. Amma Avropa ölkələrində belə deyil...

 

- Düzdür, burada pul qazanmaq olmur. Amma xarici ölkələrdə pul qazanmaq olur və sənətini də istədiyin qədər inkişaf etdirə bilərsən. Burada konsertlərimdən açıq deyim ki, pul qazanmamışam. Çünki pul qazanılacaq layihə etmədim, daha çox sosial uşaqlar və qadınlar üçün layihələrdə iştirak etmişəm. Mənə toylarda iştirak etmək üçün çox təklif gəlib, amma qəbul etmədim.

 

- Səbəb?

 

- Toylarda mahnı oxumağa alışmamışam, təkcə öz toyumda çoxlu mahnılar oxumuşam. Həm də, toyda oxumaq axşam gedəcəyimiz iş olduğu üçün qəbul etmədim, o vaxt oğlumun yanında olmalıyam. Hazırda «Fairmont» caz clubda həftədə bir dəfə caz musiqisi səsləndirmək üçün təklif gəlib və orada iştirak edəcəm. Amma ona da pul qazanacam deyə yanaşmıram, sənətimi göstərmək istəyirəm. Azərbaycanda ifaçılar yalnız toydan pul qazanırlar.

 

- Toylara gedən müğənnilərə necə baxırsınız?

 

- Normal baxıram, bu, ayıb deyil. Çünki başqa gəlir yerləri yoxdur. Onu da deyim ki, heç yerdə eşitmədiyim bir möhtəşəm əsəri bir toyda dinlədim. İnsanlar toylara musiqi dinləmək üçün də gedə bilərlər.

 

- Bir az da ailənizdən danışaq. Həyat yoldaşınız hansı sahədə çalışır? Oğlunuzun neçə yaşı var?

 

- Həyat yoldaşım ginekoloqdur. Burada işləyir. Amma musiqini, xüsusilə də klassik musiqini çox sevir. Oğlumun 5 yaşı var. Hazırda uşaq bağçasına gedir. Azərbaycan dilində çox yaxşı danışır. Azərbaycan himnini söyləyərək deyir ki, mən azərbaycanlıyam.

 

- Yoldaşınız həkimdir. Bəs onun üçün hansısa ölkədə işini yenidən davam etdirmək çətin deyilmi?

 

- Bəli, çətin olur. Amma yoldaşım 5-6 ildən sonra həkimlikdən uzaqlaşmağı planlaşdırır. Daha çox mənim işim haqqında planlar qururuq. Opera sənətçiləri 35-40 yaşından sonra daha çox sənətlərini inkişaf etdirirlər. Bu sənətin belə üstünlüyü var, amma başqa sənətdə yoxdur. Məsələn, balerina 30 yaşına çatanda fəaliyyəti bitir.

 

- Həkim və opera ifaçısının ailə həyatı necə alınır?

 

- Çox gözəl. Əslində eyni sənətdən olan insanla evlənmək istəmirdim. Çünki həmişə bir yerdə olduqlarında nəyinsə duzu qaça bilərdi. Onun sənəti mənə, mənim sənətim ona bir çox şeylər qazanadırır. O musiqini çox sevir, mən də tibbə yaxın bir insanam. Psixologiya fakültəsini bitirmişəm. Həkimlə ailə quran sənətçilər çoxdur. Maraqlıdır.

 

- Yoldaşınız türkdür. Xarici kişi ilə ailə qurardınız?

 

- Yoldaşımla tanış olana qədər ailə qurmaq haqqında fikirləşmirdim. «Ailəm, uşağım olsun» kimi arzularım yox idi.

 

- Mətbəximizdən hansı yeməkləri sevirsiniz?

 

- Türkiyə ilə Azərbaycan mətbəxi bir o qədər fərqli deyil. Türkiyədə yalnız Batı, Marmarının mətbəxi fərqlidir. Onlar daha çox tərəvəz yeyirlər. Amma məşhir yeməklərimizin hamısı sizin yeməklərinizə çox oxşayır. Məsələn, mantı ilə düşbərəni deyə bilərəm.

 

- Hansı yeməklərimizi hazırlayırsınız?

 

- Bir neçə yeməyinizi hazırlayıram, bütün yeməklərinizi sevirəm. Burada dünya mətbəxləri də var. Amma çox yemək düşkünü olmadığım üçün tam dəqiq adlarını çəkə bilməyəcəm.

 

- Formada qalmaq üçün ne edirsiniz?

 

- Daha çox yoqa edirəm. Oğlumu dünyaya gətirdikdən sonra çox idman etmədim, amma 17 yaşıma qədər professional idman edirdim. Sonra bədənin ritmini gücləndirən idmanlardan uzaq olmağa başladım. Yoqa və üzməyi daha çox sevirəm. Hollandiyada yaşadığım vaxt hər yerə velosipedlə gedirdim. Vücudum idman və gimnastikaya çox yaxındır. Arıq olmağım genetik keçib.

 

Rəqsanə

Tarix
9 Yanvar 2015 [18:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin