“Cem Yılmazı küçədə 15 nəfər tanıya bilər, ya yox”

10:31 - 18 Noyabr 2019 - Müsahibə

Fərda Xudaverdiyev: “”Stand up” sözünü mənə görə sevirlər”

“Səhnə mənim hər şeyimdir. Səhnəyə pul qazanmaq üçün gələnlərdən olmamışam. Ümumiyyətlə, bir şey deyim, səhnəyə məsuliyyətlə yanaşmalısan. Əgər ona pul xatirinə yanaşdınsa, məsuliyyətsiz oldunsa, səhnə səni qəbul etməyəcək. Səhnəni sevməlisən”. Ucnoqta.az saytının qonağı aktyor Fərda Xudaverdiyevdir.

- Uşaqlığınızdan başlayaq…
- Həm sakit, həm də çılğın bir uşaq olmuşam. Evdə sözə baxan, çöldə isə dəcəl bir uşaq olmuşam. Bu dəcəlliyimin də ucbatından evdə çox zaman döyülmüşəm. Uşaqlığımla bağlı bir şeyi etiraf edim, mən 3-cü sinfə qədər danışa bilməmişəm, dil qüsurum olub. Dərslərimi oxuyurdum, amma gedib danışa bilmirdim. Buna görə çox əziyyət çəkmişəm. Ta ki, Lerikdə olan Bobugil ocağına gedənə qədər. Həmişə gecələri Allaha yalvarırdım ki, dilimdəki qüsuru aradan qaldır. Yuxularımdan birində görmüşdüm ki, həmin ocağa getsəm, səhhətim düzələcək. Durdum, anama dedim və məni o ocağa apardılar. Getdim və gəldim, həmin gecəni yatdım, səhər ayıldım və bülbül kimi danışdım.

- Hər zaman sizi komediya janrında görmüşük. Dramatik filmlərdə yer almağı düşünürsünüz?
- Ən böyük arzularımdan biridir. Əminəm ki, dramatik rolu daha yaxşı oynaya bilərəm. Bu potensial məndə var. Amma rejissorların güvəni azdır. Kənan Mahmudov sağ olsun, bir dəfə o, “Gecə qonağı”nda sınayıb. Başqa heç bir rejissor cəhd etmir. Bilmirəm, bu tək bizdə belədir, ya yox?! Fikrimcə, aktyor aktyordur. Niyə onu komedik, dramatik olaraq ayırırlar, anlamıram?! Sən bir mənə rol ver, gör, bacarıram ? Ən azından kastinq elə, bir sına. Sonra denən ki, bacarmırsan.

- Niyə məhz komediya?
- Komediyadan gözəl janr var? Deyim, niyə komediyaya gəldim. Boyum balaca olduğuna görə sırf yumoru seçmişəm. Uşaqlıqda düşünürdüm ki, hündür deyiləm və mən komedik aktyor olmalıyam, sinif yoldaşlarım mənə həsədlə baxsınlar. Çünki, zamanında boyuma görə mənə lağ ediblər. Əvvəllər bunu kompleks kimi qəbul edirdim. Amma indi qətiyyən kompleks yoxdur. Arada özüm də boyumla bağlı zarafatlar edirəm.

- Bir az da hazırkı işlərinizdən danışaq…
- Hazırda Xəzər tv-də yayımlanan “Comedy xana” proqramındayam. Həftənin 3-cü günü Gənc Tamaşaçılar Teatrında çəkilir. Get-gedə proqrama maraq artır. Sonuncu çəkilişimiz zamanı neçə nəfər insan zala daxil ola bilmədi. Çünki, yer yox idi. Çalışırıq ki, məkanı dəyişək. Böyük tutumlu teatrlarda çəkiliş etməyi düşünürük. Allahın izni ilə hər şey yaxşı olar. Bir də dekabrın 28-i üçün “Tək çənə” adlı “stand up” şou hazırlayıram. Sağlıq olsun. Noyabrın 21-dən isə “Niyə?” komediyası sinemalarda yayımlanacaq.

- Hazırda “stand up” şou göstərənlərin sayı çoxalıb. Reaksiyanız necədir?
- “Stand up”ı Cem Yılmazda görmüşdüm. Ona baxanda düşündüm ki, elə mənim “Tək səbir” adlı proqramımla eynidir. Sadəcə mən 15-20 dəqiqə danışıram, o isə 2-3 saat danışır. Başladım bunun üzərində işləməyə. Şükürlər olsun ki, bu şounu Azərbaycana mən gətirmişəm. Bunu çəkinmədən deyirəm. Uşaqdan böyüyə “stand up” sözünün dillərdə olması Cem Yılmaza görə deyil, mənə görədir. Cem Yılmazı küçədə 15 nəfər tanıya bilər, ya yox. Amma Azərbaycanda “stand up” sözünü mənə görə sevirlər.

- Səhnəni çox sevirsiniz?
- Həddindən artıq sevirəm. Səhnə mənim hər şeyimdir. Səhnəyə pul qazanmaq üçün gələnlərdən olmamışam. Ümumiyyətlə, bir şey deyim, səhnəyə məsuliyyətlə yanaşmalısan. Əgər ona pul xatirinə yanaşdınsa, məsuliyyətsiz oldunsa, səhnə səni qəbul etməyəcək. Səhnəni sevməlisən. Əgər səhnəyə sevgi ilə çıxsan, pul özün də bilmədən sənə gələcək.

- Komediya aktyorları ilə münasibətiniz necədir?
- Çox yaxşıdır. Məsələn, Elməddinlə həftədə 7 günün ən azı 4 günündə görüşürük. İslam Mehrəliyevin özü ilə bir ara dedilər ki, münasibətləri pisdir. Lakin qətiyyən belə deyil. Mənim belə bir xarakterim var. Hər kəslə dil tapmağa çalışıram. Hazırda danışmadığım komediya aktyoru yoxdur.

- Fərda bəy, heç olub ki, əhvalınız olmasın, amma tamaşaçıya gülüş bəxş edəsiniz. Daha doğrusu məcbur qalıb edəsiniz?
- Çox olub. Bunu dərk edirəm ki, əhvalımın tamaşaçıya heç bir dəxli yoxdur. Tamaşaçı nə etsin ki, mənim kefim pisdir? Mən komediyada çıxıb deyim ki, kefim yoxdur, bağışlayın? Bu düzgün olmaz. Əgər sən güldürmək üçün səhnədəsənsə, demək ki, güldürməlisən.

- Deyirlər ki, güldürən insanlar daxillərində kədərlə baş-başadırlar. Bu sizdə də belədir?
- Çox duyğusal biriyəm. Bir o xasiyətimdən narazıyam. Belə bir nümunə deyim. Hansısa bir təqdimat mərasimimə 1000 nəfər gəlib. Əgər onların içərisindən bir nəfər uşaq mənə toxunacaq hansısa söz desə, 999 nəfərin dedikləri qalacaq bir tərəfdə, düşünəcəm ki, o uşaq niyə elə dedi? Fikrim onda qalacaq. Çalışıram, bu xarakterimi aradan qaldırım.

- Fərda bəy, səssiz güldürə bilirsiniz?
- Bəli, bacarıram. “Youtube”də belə videolarım çoxdur. İncəsənətdə buna “etüd” deyirlər. Məsələn, sən köynəyi necə ütüləmək olar, onu izah edirsən, amma yumoristik. Bunları edə bilirəm.

- Tənqidə açıq insansınız?
- Baxır hansı tənqidə. Yumora məndən sonra gəlib tənqid edənlərin fikrini qəbul etmirəm. Tənqid haqlı olanda qəbul edirəm və nəticə çıxarmağa çalışıram. Tənqid o deməkdir ki, sən iş görmüsən və o müzakirə olunur. Amma müzakirə də düzgün insanlar tərəfindən və haqlı aparılmalıdır.

- Bəs özünüz necə tənqid edirsiniz ?
- Axır vaxtlar qaçıram kimisə tənqid etməkdən. Çünki, insanlar, ələlxüsus, yaradıcı şəxslər tənqidi qəbul etmək istəmirlər. Tənqid bir qırağa heç məsləhəti belə sevmirlər. Əgər kimsə sənə məsləhət verirsə, bunu yaxşılığın üçün edir. Amma çox insan bunu qəbul etmir.

-Təkliyi sevirsiniz?
- Çox sevirəm. Bilmirəm, niyə, amma təkliyə meyil edirəm. Tək qalmaqla nəyisə həll etmirsən, amma mənəvi olaraq sakitləşirsən. Ümumən ailəm də bilir, həyatda başqa biriyəm, səhnədə başqa. Səhnədə gülürəm, amma həyatda həmişə belə ola bilmərəm.

- Fərda bəy, həyat sizi çox divara çırpıb?
- Olub. Hər insanın həyatında olacaq bir şeydir. Bir dəfə rayonlardan birində toyda idim. Ağsaqqal kişi vardı orada. Mənə yaxınlaşıb dedi ki, nə qədər gəncsiniz, həyatın dadını çıxarın. Həyat sizi o qədər bərkə-boşa salacaq ki. Nə qədər yaxşı günləriniz var, qədrini bilin. Düz deyirdi. Bu gün heç kim deyə bilməz ki, hər şey əladır.

- Həyatda istədiklərinizə nail olmusunuz?
- Hələki xeyr. Bir şeyi də deyim, tam şəkildə nail olmaq istədiklərim heç bir zaman olmayacaq. Həm şəxsi həyatımda, həm sənətdə. Əgər bir gün hər şey istədiyim kimi olarsa, tam mənada deyərəm ki, xoşbəxtəm. Həmin gün, bəlkə də, sevincdən ürəyim partlaya bilər.

- Mütaliyəyə zaman ayırırsınız ya yox?
- Çox təəssüflər olsun ki, bədii ədəbiyyata, xeyr, zaman ayıra bilmirəm. Amma internet üzərindən kitab oxuyuram. Bu da əsasən psixoloji əsərlər olur.

- İdmanla aranız necədir?
- Futbol üçün ürəyim gedir. Zamanım olduqca da izləyirəm. Amma zamanım məhduddur deyə heç futbol kənara qalsın, adicə qaçmağa da imkanım çatmır. (gülür) İdman çox yaxşı şeydir. Ən əsası sağlamlıqdır. Kaş zamanım olardı məşğul olardım. Bu gün səhnədə etdiyim hansısa bir hərəkət zamanında idmanla məşğul olmuşam deyədir.

- Gülüşün növləri çoxdur. Bəs onlardan hansı sizə doğmadır?
- Qəhqəhə çəkmək, dizinə vurub gülmək olar. Bunlar şərt deyil. Zövqlə bir az üzünüz gülsün yetər. Fərda bu cür gülüşü sevir. Amma içdən olsun.

Rövşən Tahir

Xəbər xətti