XİN əcnəbi diplomatlar üçün ixtisasartırma kursu keçir

18:00 - 15 Noyabr 2019 - Xəbər

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) /AlDA/ inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Asiya, Afrika, Latın Amerikası və Avropanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats") adlı ixtisasartırma kursu təşkil edir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, proqram beş fərqli moduldan ibarət olmaqla, beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir. Onlar Milli Məclisdə, Xarici İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Azərbaycan Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görüşlər keçirirlər.

Cari ilin 10-30 noyabr tarixlərində təşkil edilən proqramda Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Seneqal, Serbiya, Ruanda, Uruqvay, Vyetnam və Yəməndən olan 15 diplomat iştirak edir./trend

Xəbər xətti