“Atamın arzusunu reallaşdırıb 44 il məktəbdə müəllim işlədim”

12:08 - 13 Noyabr 2019 - Müsahibə

Sona Səmədova: “Tarix müəllimi rəssamlığa olan bütün həvəsimi öldürdü”

“Yaz başı idi, odun qurtarmışdı, uşaqlarla yığışdıq, arabaları qoşub Xram vadisinə yollandıq. Hərənin gücü çatan qədər odun kəsib topladı, arabalarla doldurub qayıtmaq istəyəndə gördük ki, artıq hava qaralır, qorxmağa başladıq. Aydın adlı uşaq hamıdan qabağa düşdü ki, mən qorxmuram, sizi evə kimi aparacağam. Lakin qaranlıq olduğu üçün meşədə yolumuzu azdıq. Kolluğun yanından keçərkən qəflətən nə isə Aydının üstünə sıçradı. Belə olanda hərəmiz bir tərəfə dağıldıq, kimin başı daşa dəydi, kimin dizi əzildi. Bir də baxdıq ki, Aydının üstünə tullanan balaca çaqqal balası imiş. O da səs-küyü eşidib necə qorxubsa, tullananda Aydının başına düşüb. Aydının üz-gözünü cırmaqlamışdı. Bu hadisəyə doyunca güldük. Qorxumuzdan heç yerə getmədik, orda qaldıq”.

“Üç nöqtə” qəzetinin qonağı ömrünün 44 ilini şərəfli müəllimlik peşəsinə həsr etmiş Sona Səmədovadır.

“Uşaqlıq illərim müharibədən sonrakı ağır illərə düşüb”

Sona müəllimə 1947-ci il avqust ayının 28-də Gürcüstan Respublikasının Arıxlı kəndində anadan olub: “Üç uşaqlı ailənin böyük uşağı idim. Məndən balaca bir qardaşım və bacım olub. Bacım indi həyatda deyil, Allah rəhmət eləsin. Uşaqlıq illərim müharibədən sonrakı ağır illərə düşüb. Atam müharibəyə gedib gəlmişdi, anam atamın ikinci həyat yoldaşı olub. Atam böyük, həmçinin var-dövlətli, xeyirxah bir nəslin nümayəndəsidir. Amma sovet hakimiyyəti qurulduqdan sonra var-dövlətləri əllərindən alınıb.  Bu onları 1937-38-ci il repressiyasından xilas edib. Bundan sonra ailənin bütün ağırlığı atamın üzərinə düşüb. Elə doğulduğum kəndə də orta məktəbə getmişəm, təhsilimi orada almışam”.

“Hava qaraldığı üçün meşədə yolumuzu azdıq”

Uşaqlıq illərinin gözünün qabağında bir kino lenti kimi canlandığını, danışarkən o illərə qayıtdığını deyən Sona müəllimə həmin illərdən çox böyük maraqla bəhs edir: “Bizim məhəlləmiz böyük idi, sinif yoldaşlarımdan çoxu ilə eyni məhəllədə yaşayırdıq və dostlarım çoxu oğlan uşaqları idi. Qızlardan çox oğlanlarla ünsiyyət bağlamışam. Bizim ev Xram çayının üst tərəfində tikilmişdi. Həmin çayın kənddən yuxarı hissəsindəki vadi kolluq, meşəlik idi. Yaz başı idi, odun qurtarmışdı, keçmişdə oralarda soyuq günlər çox olurdu. Uşaqlarla yığışdıq, arabaları qoşub meşəyə yollandıq. Özümüzlə dəhrə filan aparmışdıq, hərənin gücü çatan qədər odun kəsib topladı, arabalarla doldurduq. Qayıtmaq istəyəndə gördük ki, artıq hava qaralır, qorxmağa başladıq. Aydın adlı uşaq hamıdan qabağa düşdü ki, mən qorxmuram, sizi evə kimi aparacağam. Lakin qaranlıq olduğu üçün kolluqda yolumuzu azdıq. Kolluğun yanından keçərkən qəflətən nə isə Aydının üstünə atladı. Bunu görüb qorxumuzdan hərəmiz bir tərəfə dağıldıq, kimin başı daşa dəydi, kimin dizi əzildi. Bir də baxdıq ki, Aydının üstünə tullanan balaca çaqqal balasıdır. O da səs-küyü eşidib necə qorxubsa, tullananda Aydının başına düşüb. Aydının üz-gözünü cırmaqlamışdı. Bu hadisəyə doyunca güldük. Qorxumuzdan heç yerə getmədik, orda qaldıq. Atalar-analarımız da qorxublar, gecə lampalarla gəlib bizi axtarıb tapdılar”.

“Tarix müəllimi rəssamlığa olan bütün həvəsimi öldürdü”

Aşağı siniflərdə rəssamlığa böyük həvəsinin olduğun deyən müsahibimizin sözlərinə görə, sonra alman dilinə maraq göstərib: “Lakin rəssamlığa olan həvəsim uzun çəkmədi. Minayə adında sinif yoldaşım var idi. 7-ci sinifdə oxuyurduq - tarix dərsi idi - birdən Minayə məni dürtmələdi ki, çəkdiyim rəsmlər olan dəftərimi ona verim. Həmin dəftər çox qalın idi və çoxlu şəkillər çəkmişdim. Demək olar ki, rəsmlərimin hamısı o dəftərdə toplanmışdı. Sinif yoldaşım dəftərə baxıb şəkil çəkməyə başladı və onun bu hərəkəti məktəbimizə təzə gəlmiş tarix müəlliminin diqqətini çəkdi. O, Minayənin saçından tutub dartdı, itələdi, dəftəri də cırıq-cırıq edib, sobaya atdı. Dəftərin sobaya atıldığını görüb hönkürə - hönkürə necə ağladımsa, səsə müəllimlər otağındakı bütün müəllimlər sinfə gəldi. Beləcə tarix müəllimi rəssamlığa olan bütün həvəsimi öldürdü”.

“Atamın arzusunu reallaşdırdım, 44 il məktəbdə müəllim işlədim”

Sona müəllimə deyir ki, rəssamlığa həvəsi öləndən sonra onda ədəbiyyata və jurnalistikaya maraq yaranıb: “Xalam coğrafiya müəllimi idi, mənə oxumağı, təhsil almağı tövsiyə edirdi. Məndə oxumağa həvəs oyatdı və beləcə ədəbiyyata, bədii əsərlərə marağım yarandı. Həmçinin jurnalistikaya böyük həvəsim var idi. Məktəbi bitirəndən sonra sənədlərimi jurnalistika fakültəsinə vermək qərarı ilə Bakıya gəlib bibim oğlu Arifgildə qaldım. Arif dedi ki, birdən jurnalistikadan kəsilərsən, sonra dayıma nə cavab verərəm. Nə qədər israrlı olsam da onu fikrindən döndərə bilmədim. Bibioğlu sənədlərimi məcburi APİ-nin filologiya fakültəsinə (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) verdirdi. Və beləcə instituta qəbul oldum. Rəhmətlik atam mənim müəllim olmağımı istəyirdi. Və onun arzusunu reallaşdırdım. Düzdür, atam tez rəhmətə getdiyi üçün bunu görə bilmədi, amma sözsüz ki, ruhu şad oldu.

Tələbəlik illərində İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk sevimli müəllimlərimdən olub. Universiteti yaxşı qiymətlərlə bitirdiyim üçün məni orada saxlamaq istədilər. Lakin mən, kəndimizə gedib oxuduğum məktəbdə müəllim işləmək barədə düşünürdüm. Çünki bu atamın arzusu idi. Və mən atamın arzusunu reallaşdırıb 44 il həmin məktəbdə müəllim işlədim”.

“Qızım, sən daha şagird deyilsən, hər müəllim gələndə ayağa qalxma”

Oxuduğu məktəbə müəllim kimi qayıdan müsahibim bildirir ki, Arıxlı məktəbi regionda tanınmış məktəblərdən biri olub. Məktəbdə 1500-1600 şagird, 128 müəllim var idi: “İlk dəfə məktəbə müəllim kimi daxil oldum, müəllimlər otağında özümü narahat hiss edirdim. Müəllimlər otağa daxil olarkən özümdən asılı olmayaraq ayağa qalxırdım. Bir belə, beş belə, bir dəfə Mehmanov Veys müəllim dedi: “ Qızım, sən daha şagird deyilsən, hər müəllim gələndə ayağa qalxma. Sən də onlar kimi müəllimsən, salama salamla cavab ver, amma qalxma. Bu mənim üçün böyük bir dərs oldu, bundan sonra qalxmadım”.

“Elə dövr gəldi ki, 2 il maaş almadan uşaqlara dərs dedim”

Sona müəllim ömrünün 44 ilini müəllimlik peşəsinə sərf edib və bununla fəxr edir. Müsahibimiz bildirir ki, indiki müəllimlərə baxanda ürəyi ağrıyır: “İndiki müəllimlərin qazancı, gəliri bizdən dəfələrlə çoxdur. Amma buna baxmayaraq yenə də narazıdırlar, hətta bəziləri şagirdlərin valideynlərindən pul almağı özlərinə rəvac bilirlər. Müəllim peşəsi bu demək deyil axı. Belə müəllimlər sadəcə bu peşənin adına xələl gətirirlər. Düzdür, işini vicdanla görən müəllimlərimiz də var. Amma çox az saydadır. Lətifə adlı müəllim yoldaşım var idi, onunla ikimiz elə dövr gəldi ki, 2 il maaş almadan uşaqlara dərs dedik.

Direktor uşaqlardan 20 manatdan pul yığıb ehtiyacı olan müəllimlərə verirdilər. Lətifə müəllimlə ikimiz pul götürmədik. Sonra vəziyyət yaxşı oldu, 3 dəfə mükafata layiq görüldüm. Lakin bu uzun sürmədi, məktəbə gürcü millətindən bir nəfər direktor təyin edildi. biz ona çox hörmətlə yanaşdıq, amma sən demə onu bilərək göndəriblər ki, yavaş-yavaş azərbaycanlı müəllimləri sıxışdırsın, məktəbdən uzaqlaşdırsın. O, azərbaycan dilində olan qəzetləri almağa qoymurdu, bizim müəllimləri yavaş-yavaş çıxarıb yerinə gürcü müəllimləri işə götürürdü.. Dəfələrlə öz cibimdən pul verib sinif uşaqları üçün Azərbaycan dilində qəzet almışam ki, oxusunlar. Və nəhayət təqaüd yaşım çatdı, məni də məktəbdən uzaqlaşdırdılar. Məqsəd Azərbaycan dilini sıxışdırıb aradan çıxartmaq idi”.

“Aspirantura ailəm, uşaqlarım və xalq içində qazandığım hörmət oldu”

Sona müəllimə deyir ki, universiteti bitirib kəndə işləməyə gələndə qardaşı universitetdə oxuyurmuş. Anası zəhmət çəkib onu oxutduğu kimi müsahibimiz də qardaşını oxutmağı özünə borc bilib: “Qardaşım universiteti bitirib kəndə gəldikdən sonra mən Bakıya qayıdıb aspiranturada təhsilimi davam etdirmək fikrində idim. Lakin həmin vaxt mənə elçilər gəlirdi, mən isə evlənmək istəmirdim. Sənədlərimi göndərdim, rəhmətlik Adilə müəllimənin köməkliyi ilə sənədlərimi götürdülər. İmtahan vermək üçün Bakıya gəlməli idim. Qohum-tanışlar hamısı yığışdı ki, anan təkdir, onu qoyub hara gedirsən. Həmin vaxt evimizə elçilər gəlirdi, 26 yaşımda “hə”ni verdik və ailə qurdum. Aspirantura isə mənim həyatım, ailəm, uşaqlarım və xalqın içərisində qazandığım hörmət oldu. Dərs dediyim şagirdləri çox sevirdim, öz balalarımdan ayırmırdım. Ona görə də uşaqlar məni sevə bildilər”.

“Ağ saçlı kişi dedi ki, “bəli qızlar, mən Süleyman Rəhimovam”

Xatirələrindən maraqla bəhs edən Sona müəllimə deyir ki, üçüncü kursda oxuyurdum, yay semestr imtahanları başlamışdı: “Sovet ədəbiyyatından imtahan verməli idik. Dekanatlıqdan xəbər verdilər ki, imtahan günorta saat 3-də başlayacaq. İnstitutumuz dənizin kənarında bulvara yaxın yerdə idi. Vaxtımız vardı və qərara gəldik ki, saat 3-dək bulvarda gəzək. Rəşxəndə, Flora, Zərif, Salatın, Tofiq və Bayramla stulda oturub bir-birimizə suallar verirdik. Bayram balaca boylu bir oğlan idi, amma çox savadlı idi. Uzaqdan ağ saçlı bir kişi gəlirdi. Birdən Bayram dedi “uşaqlar, gəlin sizi Süleyman Rəhimovla tanış edim”. Biz ona inanmadıq, elə bildik ki, zarafat edir. Balaca Bayramın sözünə hamımız güldük. Necə ola bilərdi ki, bu gün əsərlərindən imtahan verəcəyimiz dahi yazıçımız Süleyman Rəhimovla qarşılaşa bilərik. Bayram bizi inandırmaq üçün Tofiqi köməyə çağırdı. Tofiq bizdən aralanıb ucaboylu, ağsaçlı, enlikürəkli bir kişi ilə görüşüb onunla danışdı. Onlar bizə yaxın gəldilər. Bayram dedi “bu da sizə Süleyman Rəhimov” və əlavə etdi: “Hörmətli Süleyman müəllim, bu uşaqlar sizin Süleyman Rəhimov olduğunuza inanmırlar”. Ağ saçlı kişinin sifətində bir təbəssüm oyandı. Dedi ki, “bəli qızlar, mən Süleyman Rəhimovam. Bu da mənim 4 yaşlı nəvəm Aqşindir”.

Biz sevindiyimizdən bilmirdik nə edək. Ona necə və haradan suallar verək. Süleyman Rəhimov çox sadə görünüşlü bir adam idi. Nitqi də çox yaxşı deyildi. Bəzən verdiyimiz sualların cavabı bizi qane etmirdi. Bütün əsərlərinin qəhrəmanları haqqında çoxlu suallar verdik. Əlimizdən qurtarmağa çalışırdı. Nə isə o qədər sual-cavab oldu ki, balaca nəvə Aqşin yadımızdan çıxdı. Səhər olduğu üçün bulvardakı gülləri sulamışdılar. Balaca Aqşini Bayram, üz-gözü, əyni-başı palçığa bulaşmış vəziyyətdə gətirdi, onun üst-başını təmizlədik. Sonra möhtərəm yazıçımız Süleyman Rəhimovla sağollaşdıq. O bizə vəd etdi ki, müəllim qızların həyatına aid bir əsər yazacaq. Mən həmin imtahandan “5” aldım. Oxuyanlara həqiqi qiymət verən müəllimlər çox idi. İnsanlığı nəcib və humanistliyi ilə tanınan müəllimlərimiz vardı”.

Könül Oruc


Xəbər xətti