Ana səhifə
16 Oktyabr 2018

Siyasi arenanın görünməyən “parlament mesajları”

Tahir Kərimli: “Müxalifətdəki əsas rəqiblər bir-birini sıradan çıxarmaq, müxalifətin vahid namizədi olmaq arzusundadırlar”

 

 «Ermənistanın iqtiadi vəziyyətin pisləşdiyini deyib təsəlli tapmalı deyilik və Qarabağın könüllü şəkildə qaytarılacağını da gözləmək yersizdir»

 

Noyabr ayında ölkəmizdə parlament seçkiləri keçiriləcək. Ekspertlər indidən ilin gərgin keçəcəyini proqnozlaşdırırlar. Eləcə də regionun gərginliyi ilə müşahidə olunan geopolitik mənzərəsinə nəzər salan siyasi analitiklər parlament seçkisinin bəzi xarici qüvvələr üçün öz təsir mexanizmlərini hərəkətə gətirmək üçün bir vasitəyə çevrilmə ehtimalını ortaya atırlar. Bir sözlə, bu gün daxili siyasi mənzərənin, xaricin “kölgəsi” ilə boz rəngə boyanacağı əsas məqamlar sırasında dayanır. Eləcə də ölkə müxalifətinin böyük kəsimi yayda Bakıda keçiriləcək Avropa Yay Oyunlarını boykot etməyə çağırışlar ediblər. Səbəb Azərbaycandakı siyasi məhbuslardır və yay oyunlarına qədər siyasi məhbusların azad edilməsi istənilir. Bu və ya digər məsələlərə Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə apardığımız müsahbədə aydınlıq gətirməyə çalışdıq.

 

- Tahir müəllim, bu gün parlament seçkilərini əsas gətirən müxalifət partiyaları aksiyalar vasitəsilə aktivləşməni qarşılarına məqsəd qoyublar. Artıq bir çox partiyalar parlament seçkilərində öz namizədləri ilə çıxış edəcəkərini də qeyd ediblər. Müşahidələriniz parlament seçkilərində hansı liderlərin şanslı olduğunu söyləməyə imkan verir?

- Əvvəla onu deyim ki, bu, müxalifətin subyektiv qabiliyyətinin ifadəsi deyil. Bütün seçkiqabağı mühitlər obyektiv şəraitdən, seçki proseslərinin gedişatından yaranır. Biz buna sübut kimi bələdiyyə seçkilərini misal gətirə bilərik. Bu seçkidə müxalifət nədənsə aktiv olmadı. Onlar az qala bələdiyyə seçkilərinə yekun vurmamış indidən parlament seçkilərindən danışırlar.  Ən azı 17 min namizədi irəli sürmək qabiliyyətində olmayan müxalifət parlamentdə 125 yerə iddia edə bilər. Çünki bu daha asan və daha “cazibəli” görünür. Bütün bunlar müxalifətin konyunktur istəyinin göstəricisidir. Burda müxalifətin parlament seçkilərinə bir məmur istəyi kimi baxması da görünür. Ona görə də hesab edirəm ki, bu təbii prosesdir. Seçki ili başlayıb və bir müddətdən sonra seçkiyə hazırlıqlar, təbliğatlar olacaq. Hətta dövlət tərəfindən çıxışlar üçün yerlər veriləcək. Bütün bunlar göstərir ki,  seçki təbliğatı müxalifətin istəyindən deyil, zərurətdən doğan bir məsələdir. 

Əslində parlament seçkiləri müxalifətin birliyi üçün önəmli görünmür. Çünki tutaq ki, İsa Qəmbər Müsavatdakı Düşüncə Mərkəzini, AXCP Milli Şuranı əsas mərkəzə çevirmək istəyirlər. Əvvəlki kimi bir “Azadlıq” blokunu yaradıb partiyaları ora toplamaq mümkün görünmür. Amma burda görünən məqam mübarizənin parlament seçkilərinə deyil, prezident seçkilərinə hesablandığını göstərir. Yəni kimin müxalifətin lideri kimi ortaya çıxacağı, hansı partiyanın ana müxalifət olacağı və sair. Yəni məqsəd ondan ibarətdir ki, necə olursa – olsun 2018-ci ilə qədər müxalifətdəki əsas rəqiblər bir-birini sıradan çıxarmaq, müxalifətin vahid namizədi olmaq arzusundadırlar. 

 

- Seçki dönəmində xarici qüvvələrin ölkənin daxilinə nüfuz edərək öz maraqları naminə siyasi qüvvələrə dəstək verməsi həmişə aktualdır. Xaricdən olan son müdaxilələri, eləcə də “Freedom Hause”nın direktoru Devid Kramerin Azərbaycanda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağırması ilə bəzi müxaliflərin də paralel olaraq boykot istəklərini önə çəkmələrinin oxşarlığını nəzərə alsaq, burada seçkidə hansısa “ssenarilərin” işlənəcəyi ehtimallarından danışmaq olarmı?

- Hesab edirəm ki, xarici təsirlərin Azərbaycana leqal təsirlərinin qarşısı alınıb. İqtidarın bir sıra ictimai təşkilatlarla əlaqələrini möhkəmləndirən qanunverici və inzibati tədbirləri nəticəsində artıq xarici təşkilatalar ölkəmizdəki ictimai təşkilatları, siyasi partiyaları maliyyələşdirə bilmir. Bunun nəticəsində də xarici təşkilatların Azərbaycana baxışları radikallaşır. Əslində Azərbaycan iqtisadiyyatı sırf Qərbin özü ilə bağlı olub və burada gedən proseslər onun iştirakı olmadan mümkün deyil. Ona görə də Azərbaycana yönələn bütün tənqidlər əslində Qərb dövlətlərinin rəhbərlərinin özlərinə də aiddir. Çünki hamıya aydındır ki, Qərbdə azad təşkilat yoxdur. Tutaq ki, Azadlıq radiosu, yaxud “Fredoom Hauze” təşkilatlarının hamısı Konqresə bağlı təşkilatlardır və maliyyə mənbələri də məlumdur. Əslində bunlar həmin dövlətlərin strateji hədəfləri üçün hesablanıb. Burda “insan haqları” məsələsi bir “dəyənəyə” çevrilib. Ona görə də müxalifəti siyasi cəhətdən təşkil edə bilməyən xarici qurumlarda radikallıq çoxalıb. Xaricdən verilən müxtəlif səpkili bəyanatlar Azərbayacan hökumətini yumşaltmaq, ondan nələrisə qoparmaq, ölkəmizi balans siyasətindən ayırıb yalnız Qərbyönlü siyasət aparmağa vadar etməyə yönəlib.

 

- Tahir müəllim, bu gün Azərbaycan uğrunda gedən Rusiya-Qərb “müharibəsinin” hansı mərhələdə olduğunu söyləyə bilərik?

- Qərb insan haqları və iqtisadi amillərlə bağlı bizə təzyiqlər edir. Ancaq siyasi və strateji cəhətdən Rusiyanın Azərbaycana, ümumilikdə Qafqaza olan təsir imkanları daha böyükdür. Eyni zamanda Azərbaycan vaxtilə SSRİ –nin tərkibində olan bir dövlətdir və burda Rusiya ilə bağlı nastalji hisslər keçirən kütlə var. Üstəlik Rusiyada yaşayan çoxlu sayda azərbaycanlı miqrantlar var ki, onlar da iki ölkə arasında olan bir “bağdır”. Yəni Rusiyanın Azərbaycana təzyiq imkanları daha çoxdur. Rusiya təbii ki, Ukraynada müəyyən mövqelərini itirəndən sonra Qafqazda daha çox təsir rıçaqlarına malik olmaq istəyir. Təbii olaraq bu da ABŞ və Qərbin xoşuna gəlmir. İndi Qərb Ukraynadan sonra Azərbaycanı da öz təsirinə salmaq niyyətindədir. Bəllidir ki, Qərbin Azərbaycanda “məxməri inqilab” etmək fikri var idi. Bunun qarşısı hakimiyyət tərəfindən alındığına görə Qərbin Azərbayacana olan narazılığı yarandı.

 

-Sizcə Rusiyanın Azərbaycana münasibətində müşahidə olunan “sakitlik” nə ilə bağlıdr?

-Görünür, Rusiya başa düşür ki, Azərbaycan birmənalı şəkildə Qərb arientasiyasını qəbul etmir və birmənalı şəkildə də Avrasiya İttifaqına girə bilməz. Çünki ən azı həmin ittifaqda Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan adlı bir düşməni təmsil olunur. İkinci bir tərəfdən Azərbaycanın Qərblə də iqtisadi münasibətləri mövcuddur. Azərbaycan bu mənada müxtəlif qütblərin təsis etdiyi kollektiv təşkilatlara daxil ola bilməsə də, ikitərəfli münasibətləri kifayət qədər təmin edir. Yəni bu gün Qarabağ münaqişəsini çıxmaq şərti ilə Rusiyanın Azərbaycanla bağlı başqa bir problemi yoxdur. 

 

- 2015-ci il parlament seçkilərində Qərbin Azərbaycana təsirləri fonunda ölkədə gərginliyin artacağı ilə bağlı ekspertlərin proqnozlarını müəyyən mənada gözlənilən ehtimallardan biri hesab etmək olarmı?

-Bəli, Qərbin regiondakı maraqları bəllidir. Düşünürəm ki, Qərb bu il Azərbaycana qarşı təzyiqlərini informasiya məkanında artıracaq. Təbii ki, seçki ilində çalışacaqlar ki, özlərinə sadiq qüvvələr parlamentdə təmsil olunsunlar. Bu gün ingilis dilli mətbuat və televiziya şirkətləri əhəmiyyətli dərəcədə Qərbin əlindədir və bu resurslarla istimai rəyin yarılması mümkündür. Regionda Qərbin rəqibi olan Rusiya isə öz informasiya vasitələri ilə bunun qarşısını ala bilmir.  Bu mənada Azərbaycana qarşı təzyiqlərin olacağı gözləniləndir.

 

- Bu gün Ermənistanda iqtisadi vəziyyətin ağırlığı müxtəlif aspektlərdə qeyd olunsa da, paralel olaraq erməni əhalisinin hansısa təşkilatların himayəsi altında işğal altında qalan Azərbaycan ərazilərinə köçürülməsi və orada məskunlaşdırıldığı barədə məlumatlar mütəmadi olaraq yayılmaqdadır. Sizcə iqtisadi çətinlik işğalçı erməninin Qarabağa olan hərisliyini azalda biləcəkmi və hazırda müşahidə olunanlar nə ilə bağlıdır?

-Çox vaxt Ermənistandakı vəziyyət, oradakı iqtisadi çətinlik və onun Qarabağla əlaqələndirilməsi məsələsinə siyasi mülahizlər şəklində yanaşırlar. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, erməni öz dövlətlərinin tarixini bilməyən, hətta onu öyrənmək marağında olmayan millət olsa da, harada olursa olsun mənfur erməniliyini saxlayır. Təsadüfi deyil ki, bu gün Qarabağı işğalda saxlamaq üçün dünyanın hər yerində çoxlu fondlar yaradıblar və ora ianələr toplanır. Ermənistan parazit dövlətdir. İşğalın ilk illərində Azərbaycanın sərvətlərindən çox istifadə olundu. Meşələr qırıldı, binalar, mədəniyyət abidələri söküldü və bu gün də qızıl, mineral yataqlarımızdan istifadə olunur. Amma bu da onlara kifayət eləmir. Son 10 ildə ermənilər çətnlik çəkməyə başlayıb. Çünki Rusiyaya qarşı olan sanksiyalar müəyyən şəkildə onlara da təsir edib. Şübhəsiz ki, Ermənistanda vəziyyət yaxşı deyil. Təsadüfi deyil ki, bu gün Ermənistan ən ağır iqtisadiyyatı olan dövlətlər sırasında dayanır. Amma bir şeyi unutmayaq ki, onlar bu ağır duruma dözürlər. Məsələn, Suriyadan Qarabağa köçürülən ermənilərin çox cüzi hissəsi çıxıb gedirlər. Amma əksəriyyət müxtəlif bəhanələr, vədlər, ianələrlə orada yaşamağa məcbur edilir. Ermənilər Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün əllərindən gələn bütün həyasızlığı edirlər. Bu fakt bizim üçün utancvericidir. Ona görə də Ermənistanın iqtiadi vəziyyətin pisləşdiyini deyib onunla təsəlli tapmalı deyilik və Qarabağın könüllü şəkildə qaytarılacağını da gözləmək yersizdir. Bu olmayacaq. Ermənistanda bəzi müxalifət partiyaları hökumətə qarşı çıxsa da, heç vaxt Qarabağın qaytarılması məsələsini qoymurlar.

 

- Tahir müəllim, qeyd etdiyimiz kimi artıq bir çox partiyalar parlament seçkiləri ilə bağlı müəyyən açıqlamalar veriblər. Siz seçkilərdəkı iştirakınızı necə planlaşdırırsınız, partiya olaraq hansı ilkin addımları atmısınız?

- Parament seçkiləri hələ ki, partiyada rəsmi müzakirə olunmayıb. Amma açığı qeyd etmək istəyirəm ki, əgər şansım olmayacaqsa seçkilərdə iştirak etmək fikrim yoxdur.  Nə qədər insan özünü aldadıb, özünü gözdən salar? Hər halda hesab edirəm ki, Vəhdət Partiyası seçkilərdə iştirak etməlidir.

 

 

Tahirə Qafarlı

Tarix
8 Yanvar 2015 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin