Albaniya gələcəkdə TAP kəməri ilə qaz almaq niyyətindədir

16:39 - 24 Oktyabr 2019 - İQTİSADİYYAT

Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi çərçivəsində Albaniya ərazisində həm quru, həm də dəniz seqmentlərinin tikintisi artıq başa çatıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Albaniyanın İnfrastruktur və Energetika nazirinin müavini İlir Beytya deyib. Onun sözlərinə görə, ölkə ərazisində kompressor stansiyalarının tikintisi də başa çatıb: "Demək olar ki, qaz kəmərinin tikintisi üzrə Albaniya ərazisində yalnız xırda işlərin aparılması qalıb".

İ. Beytya onu da qeyd edib ki, TAP-ın Albaniya ərazisində aparılan işlərin vaxtında bitməsi üçün lazımi işlər aparılır.
Nazir müavininin sözlərinə görə, TAP-ın birinci fazasında Albaniya qaz almayacaq, buna baxmayaraq, əgər qaz kəmərinin genişləndirilməsi haqqında qərar verilərsə, bu halda Albaniya qaz almaq niyyətini artıq bildirib.

İ. Beytanın sözlərinə görə, Albaniyanın o zamana (TAP-ın genişləndirilməsi zamanı – red.) qaza olan illik tələbatı 1,2 mlrd. kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır.

Ölkədə qaz paylayıcı şəbəkəsinin yaradılması məsələsinə toxunan İ. Beytya əlavə edib ki, artıq SOCAR-la birlikdə bu məsələ üzrə "master-plan" hazırlanıb. Amma Albaniyada qaz-paylayıcı şəbəkəsinin yaradılması üzrə SOCAR-la hələ bir razılıq əldə edilməyib.

Xəbər xətti