Mütaliə – Mənəvi zənginliyə aparan yol

18:51 - 23 Oktyabr 2019 - KİVDF

«Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır»

(əvvəli ötən sayılarımızda)

Bədii əsər öz məzmunu, tərbiyəvi ideyası ilə yanaşı, növü, janrı, quruluşu, dili, üslubu və s. xüsusiyyətləri ilə də uşaqların mənəvi inkişafına təsir göstərir. Siyahıda dünya xalqlarının ədəbiyyatından nümunələrin, dünya miqyasında mükafatlar almış uşaq əsərlərinin nəzərdə tutulması da məqsədəuyğundur. Çünki bu əsərlər ciddi kriteriyalar əsasında müəyyən olunur, uşaqlara dünyagörüşünün formalaşması, mənəvi inkişafı, fərqli mədəniyyətlərin tanıdılması baxımından yararlı olur. Lakin belə əsərlər tövsiyə olunarkən onların hansı səviyyədə tərcümə olunduğu nəzərə alınmalıdır (Unutmayaq ki, indi kitab bazarı xeyli bərbad tərcümə olunmuş kitablarla doldurulub.) Düşünürük ki, internet resurslarından müxtəlif mətn növlərində olan bədii, elmi, texniki və siyasi ədəbiyyatların mütaliəsini təmin etmək üçün nüfuzlu, uyğun görülən saytların ünvanları da siyahıya əlavə edilməlidir. Yaxşı olar kitab siyahıları əhatəli tərtib edilsin ki, uşaqların seçim imkanları da geniş olsun. Siyahılar ədəbiyyat kabinetində və kitabxanada görməli yerdən asılmalı, valideynlərə və uşaqlara verilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, uşaqlar tövsiyə olunan kitablarla yanaşı özləri də çoxlu kitab seçib oxuyurlar. Bunu onlara birmənalı qadağan etmək məsləhət deyil. Sadəcə olaraq bu işə ciddi nəzarət olunmalı və istiqamətləndirilməlidir. Bizcə, uşaqların necə oxumasından daha çox nə oxumaları ilə maraqlanmaq lazımdır. Onları çox kitab oxumaqdansa, yaxşı kitab oxumağa istiqamətləndirmək vacibdir. Çünki bu onların mənəvi inkişafı üçün vacib şərtlərdən biridir. Çalışmaq lazımdır ki, uşaqlar nə isə müsbət bir şey verəcək kitabları seçib oxusunlar. Unutmayaq ki, “ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır” (Alcott). Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən – kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar.

Kitab mağazalarından kitab alarkən, həmçinin elektron kitab mütaliəsi zamanı da göstərilənlərə diqqət edilməsinin faydalı olacağına əmin edirik.
Mütaliə mədəniyyətinin formalaşdırılmasında seçilmiş kitabların oxunmasına həvəs yaratmaq da önəmli məsələlərdən sayılır. Kitab oxumaq nə bir qanun, nə də borc deyil ki, oxucunu (uşaqları) səhifələrə baxmağa, tamaşa etməyə, oxumağa məcbur edəsən. Burada maraq və həvəsin, bir sıra stimullaşdırıcı amillərin olması mütaliənin səbəb və məqsədlərinin, hədəfinin müəyyən edilməsi şərtdir. Tədqiqatçılar göstərirlər ki, seçilmiş kitabların birlikdə oxunması, onlardan parçaların uşaqlar üçün ucadan oxusu (bu zaman aktyor kimi davranma kitaba maraq oyadır), kitabın məzmunu barədə bir qədər məlumat vermək, amma tam məzmunu danışmamaq, kitab haqqında təəssüratların başqaları ilə paylaşılması, əsərin qəhrəmanları barədə söhbətlər, uşaq yazıçıları haqqında məlumatların verilməsi, kitab haqqında “Bədii ədəbiyyat gündəliyi”ndə qısa qeydlər etmək barədə tapşırıqların verilməsi və s. seçilmiş əsərlərin oxunmasına sövq edən amillərdəndir. Birlikdə bədii əsərlər əsasında hazırlanmış tamaşa və çəkilmiş filmlərə kollektiv baxış da  uşaqların mənəvi inkişafında çox səmərəli olur.

Bundan başqa kitabda izah olunan hadisələrin məntiqi baxımdan möhkəm əlaqələndirilməsi, əsərin uzunluğunun uşağın diqqət müddətini keçməməsi, onun qəhrəmanlarından öyrənəcəyi bir sıra özəlliklərin (müsbət mənada) olması, milli dəyərlərlə yanaşı bəşəri dəyərlərin də təbliğ edilməsi, kitabın uşağın bilik və yaş səviyyəsinə, psixologiyasına, dil bilgisi qaydalarına uyğunluğu, bədii tərtibat və formatının, şəkillərinin (xüsusən üz qabığının) əsərin məzmununa uyğun olması, kağızın keyfiyyəti, içindəki yazı formatı da onun həvəslə oxunmasına səbəb olan nüanslardandır.

Kitabın səmərəli mütaliəsi üçün səmərəli istiqamət və məsləhətlər vermək də mütaliə mədəniyyətinin formalaşmasında, mənəvi i9nkişafda vacib ünsürdür. Əlbəttə, mütaliə zamanı uşağın nə oxumasından daha çox hansı nəticə çıxaracağı maraqlıdır. Oxunan səhifələrin sayının çoxluğu uşağın yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərarvermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən uşaq oxuma və anlamada daha sürətli olur. Ona görə də valideyn, müəllim və kitabxanaçıların əsas hədəfi mütaliə edən uşaqları “məna çıxarmağa” yönəltməkdir. Çalışmaq lazımdır ki, uşaq oxuduğunu dərk etsin və onu qəbul etməyi bacarsın. Əsəri oxuyub qurtardıqdan sonra onu bir neçə yöndən təhlil edə bilsin. Bu yolla oxunmuş əsər uzun müddət yadda qalır və gözlənilən səmərəni verir. Oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndə olur.

Uşaqları necə gəldi mütaliəyə deyil, sistemli və “dərin mütaliəyə” (yavaş, qərq olmuş şəkildə, qavrayışın detalları ilə, emosional və ruhi qarmaqarışıqlıqlarla zəngin) alışdırmaq gərəkdir. Əlbəttə, ancaq rasional – ağıl və məntiqə əsaslanan, məqsədəuyğun və məqsədəmüvafiq oxu, oxucunun öz hədəfini və kitabdan nə öyrənəcəyini əvvəlcədən müəyyən etməsi arzulanan faydanı verə bilər.

Şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılmasına nail olmaq da vacib məsələlərdəndir. Yuxarıda da qeyd edildiyi kimi, indi uşaq və gənclərin vaxtlarının xeyli hissəsini kompyuterin qarşısında keçirdiyini nəzərə alsaq, bu məsələnin nə qədər ciddi əhəmiyyət daşıdığı bir daha aydın olar.

Sürətli oxu da səmərəli mütaliənin əsas şərtlərindəndir. Uşaqlarda sürətli oxu bacarıqlarının yaradılmasına diqqətlə yanaşmaq lazımdır. Bunun üçün onları fasilələrlə oxuya, “sözləri deyil, fikirləri görməyə” (yəni tək-tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dik bucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə yönləndirməık lazımdır.

Oxunmuş əsərlərin mütaliəsindən sonra və ya bir müddət sonra onların digər oxunmuş əsərlərlə müqayisəsi təşkil edilməlidir. Bu uşaqların uzunmüddətli və qısamüddətli yaddaşını inkişaf etdirir, mənəvi inkişafına təsir edir. Uşaqları mütaliə etdikləri kitablardan qeyd və xülasələr götürməyə vərdiş etdirmək də faydalı olur (Bunu “Bədii ədəbiyat gündəliyi”ndə də icra etmək mümkündür). Bu, oxunmuş əsərin daha yaxşı yadda qalmasına kömək edir. Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan çox asılıdır. Ona görə də valideyn, müəllim və kitabxanaçılar uşaqlar üçün münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verməlidirlər. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda uşaqların mütaliəsini təşkil etmək məsləhət görülmür.

Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaliə vasitələri – stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.

Mütaliə ilə məşğul olan uşaqların gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.

Xəbər xətti