Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır

19:05 - 21 Oktyabr 2019 - KİVDF

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”
Heydər Əliyev

Mütaliə uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik vaxtlardan yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanışlıq onlarda həyat hadisələrinə, insana, təbiətə böyük  maraq yaradır, yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi və bəşəri  dəyərlər  aşılayır, uşaqların cəmiyyətə daha yaxşı adaptasiyasına kömək edir. Buna görə də uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda formalaşdırılması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir və daxili aləmləri mənəvi cəhətdən daha zəngin olur.

Qeyd edək ki. məktəblilərin, gənclərin mütaliəyə marağının artırılması istiqamətində Heydər Əliyev Fondu böyük işlər görüb və görür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verib. Bu Mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artırıb, onlara mütaliə etmək vərdişləri aşılayıb. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi diqqət yetirir.

Mərkəzdə uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilir ki, bu da uşaqların mənəvi inkişafı üçün çox önəmlidir. Unutmayaq ki, onlar bizim gələcəyimizdir. Bu barədə ümummilli lider Heydər Əliyev deyib: uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Çünki hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşaq sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyüyərsə, ölkənin parlaq gələcəyi də bir o qədər inkişaf edər. Mərkəzin yaradılması da uşaqlara, gənc və yeniyetmələrə göstərilən dövlət qayğısının artması və bu sahənin daim diqqət mərkəzində saxlanılmasına xidmət edir.Göründüyü kimi bu gün uşaqların mütaliyəsi vərdişlərinin inkişaf etdirilməsi günün tələblərindən biridir.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Yazıçı-tərcüməçi Xanım Aydın deyir ki, hər bir uşağın taleyində, mənəvi inkişafında, sağlam düşüncələrlə böyüməsində  kitabın əhəmiyyəti böyükdür: “Uşaq, oxuduğu kitablara mütləq şəkildə inanır və etibar edir. Kitab çox yaxşı dostdur, həm oxumağı, həm dinləməyi, həm də ki oxuduqları ilə, eşitdiklərini görməyi öyrədir. Bir çoxumuz kitaba sadəcə adi mətn kimi baxırıq. Lakin bu belə deyil. Bu sadə mətn dediyimiz anlayışda ifadə olunan fikirlər sadə dildə yazılmalıdır. Bəli. Lakin  mahiyyətcə, şübhəsiz, çox dərin olmalıdır”.

X.Aydın nəzərə çatdırır ki, kitab özündə uşağa tərbiyəni, inkişafı, dünyagörüşü, maraq dairəni, incəsənəti, ədəbiyyatı, etika-estetikanı, müxtəlif dilləri, oyunları birləşdirir: “ Yəni uşaqlar kitabla dostluqdan həyatın və elmin müxtəlif sahələrinin özünə uyğun və özünə maraqlı olanları seçir, sevir, mənimsəyir”.

Uşaqların mənəvi inkişafında mütaliənin çox əhəmiyyətli olduğunu vurğulayan yazıçı qeyd edir ki, uşaqlar üçün nəzərdə tutulan bütün kitablar istisnasız olaraq şəkilli və  rəngarəng olmalıdır: “Bu şəkillər iri, parlaq, gözəgəlimli olmağı ilə yanaşı, həm də hər yaş dövrünə uyğun tərzdə seçilməlidir.  Düşünürəm ki, ilkin mərhələdə azyaşlı uşaqlarda kitaba marağı məhz bu cür oyatmaq lazımdır. Daha sonrakı mərhələdə - artıq uşağın kitaba alışdığı ilkin vaxtlardan az illüstrasiyalı kitablara, daha sonra artıq həm uşağın yaşı artandan, həm də artıq mütaliə sevgisi formalaşandan sonra ciddi mətnlərə keçmək lazımdır. Bu cür ardıcıllıqla kitaba alışan uşaq artıq yeniyetmə və gənclik dövründə kitabı özünə dost, işıq və gələcək üçün mayak bilir. Amma əvvəldən düzgün seçilməyən kitab uşağı kitabdan birdəfəlik uzaqlaşdıra, ona qarşı mənfi təsir də oyada bilər. Ona görə də, valideynlər kitab seçimində olduqca diqqətli olmalıdırlar”.

X.Aydının sözlərinə görə, kitabda mətn, tərtibat, məzmun - hamısı bir-birini tamamlamalıdır: “Sadalananlardan biri axsasa, bu, əlbəttə ki, uşağın kitabdan elə ilkin mərhələdəcə uzaqlaşmasına səbəb ola bilər. Belə olan halda uşaqlarda kitaba maraq və həvəs ölə bilər və onlar kitab oxumaq istəməzlər. Və təbii ki kitab oxumayan uşağın mənəvi inkişafından söhbət gedə bilməz. Çünki uşaq mütaliə edərkən söz ehtiyatı artır, dünyagörüşü və ünsiyyət bacarıqları formalaşır”.

Yazıçı-tərcüməçi onu da qeyd etdi ki, uşaqlar üçün kitabın həcmi də önəmlidir. Yorucu olmamaqdan ötrü kitab kiçik həcmli olsa yaxşıdır: “Bundan başqa, kitabın mətni, tərtibatı ilə yanaşı, mütləq şəkildə  tipoqrafik keyfiyyəti də yüksək olmalıdır. Yəni kitab hazırlanmasında sərf olunan hər bir material ekoloji cəhətdən standartlara cavab verməli, uşaqların sağlamlığına ziyan verməmək şərti ilə çox keyfiyyətli olmalıdır. Biz övladlarımıza hər şeyin ən yaxşısını təqdim etmək istəyirik. Kitab da bunlardan ən birincisi olmalıdır”.

Digər bir məsələyə toxunan X.Aydın deyir ki, valideynlər övladlarına kitab alarkən bunu uşaqla birlikdə etsələr daha yaxşı olar: “Valideyn uşağa fikrinin onun üçün önəm daşıdığını da hiss etdirməlidir. Bu həm onun maraq dairəsi ilə tanış olmaq, onun fikirlərini öyrənmək, həm də əyləncəli bir kitab alış-verişi olar”.

Bütün bu söylədiklərinin nəzəriyyəyə deyil, şəxsi təcrübəsinə əsaslanaraq dediyini nəzərə çatdıran X.Aydın bildirir ki, bunlar şəxsi təcrübəsinə əsaslanaraq gəldiyi qənaətin nəticəsidir: “Qızım Aylinə lap kiçik yaşlarından kitaba həvəsi bu cür yaratmışam. Bu gün artıq on yaşında olan Aylin dünya ədəbiyyatı ilə yanaşı, özünün də maraq dairəsinə uyğun kitabları oxuyur. Kitab rəfində Seravtes, Cek London, Conatan Svift, Heminquey, Tolstoy və s. müəlliflərin kitabı ilə yanaşı, ensiklopedik kitablar da var. Onlar da uşaqların inkişafında çox vacib bir amildir. Qeyd edim ki, uşaqların özlərinin də maraq dairəsi mütləq nəzərə alınmalıdır. Rəfdəki kitablar tozlanmaq üçün deyil, oxunmaq üçündür.  Məsələn, o, Cənubi Koreyada 1990-cı illərin əvvəlində yaranmış və özündə elektropop, hip-hop və ritm-n-blyuz janrlarını cəmləşdirən musiqi janrı olan K-popla maraqlanır. “BTS – k-pop möcüzəsi” adlı kitabı istədi. Həvəslə aldım. Çünki uşaq ancaq klassik ədəbiyyat deyil, özünə də maraqlı olanı oxumalıdır. Hər halda mən belə düşünürəm”. 

Yazıçı-tərcüməçi vurğulayır ki, nə qədər internet dövrü olsa da, nə qədər o kitabda olan bütün məlumatları bir dəqiqənin içində “google”-da rahat tapmaq olsa da, kitabdan oxumağın, mənimsəməyin zövqü, ləzzəti başqadır: “Kitab oxuyarkən uşaqlar öz daxili aləmləri ilə baş-başa qalır, düşünür. Nağılları, hekayələri internetdən oxumaqla, kitabdan oxumaq arasında çox böyük fərq var. Bunlardan ən əsası uşaqların kitabdan oxuyarkən aldığı mənəvi zövqdür. Digəri isə kitabın uşaqların sağlamlığı üçün ziyansız olmasıdır. Kitab oxuyarkən uşağın gözləri məşq edir və hər hansı bir şüaya məruz qalmır. Buna görə də valideynlər övladlarına kitabdan oxuma vərdişlərini aşılmalıdırlar”.

Bəli, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayrılan vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq. Məşhur filosof Sokratın dediyinə görə - “Mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar”. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməklə kifayətlənməməli, ona vərdiş etməyi bacarmalıyıq. Və bu vərdişləri kiçik yaşlarından etibarən övladlarımıza aşılamağı bacarmalıyıq. Belə olan halda övladlarımızın gələcəyi sağlam olar. Çünki uşaqlarımızın tərbiyəsi, mənəvi inkişafı elə kitab oxumaqdan başlayır. Buna görə də valideynlər bu işdə diqqətli olmalı, uşaqlarına mütaliə vərdişlərini aşılamağı bacarmalıdırlar. Çünki kitab oxuyan uşaqla, oxumayan uşağın arasında çox böyük fərq olur. Bu, istər uşağın mənəvi inkişafı, istər düşüncələri, istər öz fikrini qarşısındakına aydın şəkildə çatdırmaq, istərsə də ünsiyyət bacarıqlarının formalaşması baxımından mühüm rol oynayır.

Bundan başqa, kitab mütaliəsinin uşaqlara mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsiri var. Aparılan müxtəlif tədqiqatlar zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb  və  gənclərin  mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib.

Könül

Xəbər xətti