“Festivallar kinonun inkişafı üçün önəmlidir”

18:39 - 14 Oktyabr 2019 - Müsahibə

Fehruz Şamiyev: “Məqsədimiz azərbaycanlı gənc rejissorların işlərinin müsabiqəsini keçirmək, onların arasında bir əlaqə yaratmaq idi”

Festivalların kinonun inkişafı üçün önəmli olduğunu bildirir. Deyir ki, festivallarda daha çox müəllif filmləri nümayiş olunur: “Yəni rejissorun hansısa mesajı var, o cəmiyyətə və ya öz tamaşaçısına nəyisə çatdırmaq istəyir. Burada kommersiya məqsədi arxa plana keçir. Bu tip filmlər heç də böyük maliyyə hesabına çəkilmir. Bakı Qısa Filmlər Festivalının da siyasəti istedadlı gənclərin öz işlərini nümayiş etdirmələri üçün onlara şərait yaratmaqdır”.

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 6-9 noyabr tarixlərində 4 gün müddətində keçiriləcək. Festivalda şərtlərə uyğun olaraq 35 yaşa qədər olan rejissorların 35 dəqiqəyə qədər olan bədii, sənədli və animasiya filmləri yarışacaq. Bundan başqa bu il yerli proqramda nominasiyalara müəyyən əlavələr də etmişik.

“Üç nöqtə” qəzetinin qonağı Bakı Film İnstitutunun rəhbəri, rejissor Fehruz Şamiyevdir.

- 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının başlamasına sayılı günlər qalıb. Hazırlıqlar nə yerdədir?
- Hazırda festivalın proqramında hazırlıq işləri başa çatmaqdadır. Bu il filmlərin sayı çox olduğundan seçim mərhələmiz bir az ağır oldu. Yüzlərlə filmi izləmək, müzakirə aparmaq elə də asan olmadı. Filmlərin qəbulu 20 sentyabrda başa çatsa da biz filmlərin sayının çox olduğunu nəzərə alıb on gün əvvəldən onları izləməyə başlamışdıq. Bildiyiniz kimi festivalda iki əsas proqram var - beynəlxalq və yerli müsabiqə proqramları. Beynəlxalq müsabiqədə iştirak edəcək xarici mütəxəssislərin kimliyi artıq məlumdur. Bu festivalda çox maraqlı və peşəkar jüri heyəti olacaq. Bildirmək istəyirəm ki, 10- cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 6-9 noyabr tarixlərində 4 gün müddətində keçiriləcək. Festivalda şərtlərə uyğun olaraq 35 yaşa qədər olan rejissorların 35 dəqiqəyə qədər olan bədii, sənədli və animasiya filmləri yarışacaq. Bundan başqa bu il yerli proqramda nominasiyalara müəyyən əlavələr də etmişik.

- Bu dəfəki festivalın ötən dəfəkindən fərqi nədir?
- Bilirsiniz ki ötən illərdə festivalımız START adı ilə keçirilirdi. Bu ildən etibarən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı adı ilə fəaliyyət göstərəcək. Düşünürəm ki, bu addım festivalın dünyada daha çox tanınmasına kömək edir. Bu iki ayda artıq bunun şahidi olduq. Ötən illərdə festivala 600-700 film təqdim olunurdusa, bu il festivala 3500-ə yaxın film təqdim olunub. Bu həm də Bakı adının beynəlxalq miqyasda tanınması ilə bağlıdır. Festivalın 10 illiyidir deyə bununla bağlı bəzi planlarımız var. “Cinedoc Tbilisi” Beynəlxalq festivalı ilə birlikdə festival çərçivəsində film nümayişlərinin təşkili və regionlarda kiçik festivalların keçirilməsi ilə bağlı təlimlər də olacaq. Avropadan dəvət olunan bir neçə mütəxəssis 5 gün ərzində burda festival çərçivəsində treninqlər keçirəcək.

Builki festivalın yeniliklərindən biri də “Ən yaxşı sosial çarx” nominasiyasıdır. Sosial çarxlar da qısa film sayılır. Buna görə də festival daxilində onların müsabiqəsini keçirmək bu istiqamətdə işləyən və işləmiş gənclərə bir növ stimul olacaq.

- Mükafat olaraq iştirakçılara nə təqdim ediləcək?
- Hələ festivalın adında dəyişiklik etmədən öncə biz qaliblərə QIZIL NAR mükafatını təqdim edirdik. Niyə məhz nar sualı verə bilərsiniz....Biz festivalın mükafat qismində nə təqdim olunmasını müzakirə edərkən, çoxlu sayda təkliflər ortada vardı. Sonda festivalın beynəlxalq olduğunu nəzərə alıb NAR simvolu üstündə dayandıq. Nar beynəlxalq aləmdə də Azərbaycan simvolu kimi təqdim olunur. Bu baxımdan da Azərbaycanın Beynəlxalq Film Festivalında narın mükafat kimi təqdim olunması məncə məntiqlidir.

- Bu tip festivallar kinomuza nə qazandırır?
- Festivallar kinonun inkişafı üçün önəmlidir. Festivallarda daha çox müəllif filmləri nümayiş olunur. Yəni rejissorun hansısa mesajı var, o cəmiyyətə və ya öz tamaşaçısına nəyisə çatdırmaq istəyir. Burada kommersiya məqsədi arxa plana keçir. Bu tip filmlər heç də böyük maliyyə hesabına çəkilmir. Bakı Qısa Filmlər Festivalının da siyasəti istedadlı gənclərin öz işlərini nümayiş etdirmələri üçün onlara şərait yaratmaqdır. Festival həm də təcrübə mübadiləsidir. Beynəlxalq festivalda Azərbaycan filminin nümayişi və ya mükafat alması həm də ölkəmizin müsbət imicinin formalaşmasına kömək edir. Burada təkcə rejissor qazanmır. Azərbaycan haqqında fikir formalaşır. Bu yaxınlarda şahmatçımız Teymur Rəcəbov dünya şahmat kubokunu ölkəmizə gətirdi. Bu təkcə Rəcəbovun yox, həm də ölkəmizin dünyadakı imicinə xidmət edir. Bir neçə il öncə “Nabat” filmi dünyanın ən böyük festivallarından olan Venesiya bienalisində iştirak etmişdi. Azərbaycan kinosu üçün çox ciddi hadisə sayılmalıdır. Eləcə də Elmar İmanovun Rotterdam Film festivalında FİPRESSi mükafatını qazanmasını vurğulamaq olar. Festivallar təkcə istehsala təkan vermir, həm də zövqlərimizin formalaşmasına kömək edir.

- Bu layihəni etməkdə məqsədiniz nə idi və bu məqsədə nail olmusunuzmu?
- Məqsədimiz azərbaycanlı gənc rejissorların işlərinin müsabiqəsini keçirmək, onların arasında bir əlaqə yaratmaq idi. Bundan başqa festival təkcə nümayiş məkanı deyil. Nümayiş olunan hər bir filmdən, hər bir müzakirədən nəsə öyrənmək olur. Bu baxımdan da biz xarici gəncləri ölkəmizə dəvət etməklə yerli rejissorlarla onların canlı ünsiyyətini, müzakirəsini təşkil etmiş oluruq. Bu, kinoda çox vacib amildir. Təsəvvür edin ki, dünyanın ən məşhur festivallarında iştirak edən rejissorlarla üzbəüz söhbət edirsiniz, ona istənilən sualı vermək imkanınız var. Bunlar çox böyük imkanlardır və bu imkanı gənc rejissorlarımıza yaratmaqdan komanda olaraq qürur duyuruq. Sualınızla bağlı bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Kann, Venesiya festivallarında iştirak edən filmlər bizim festivala da göndərilirsə deməli, məqsədimizə nail olmuşuq. Bakı Beynəlxalq Qısa Filmlər Festivalı dediyim kimi dünyanın ən böyük festivallarında iştirak edən gənc rejissorların görüş məkanına çevrilib.

- Bu yaxınlarda Amerika və Avropa turuna səfərə çıxmışdınız. Səfərinizin məqsədini bilmək olarmı?
- Okeanın o tayına səfər Amerika kino sənayesi ilə tanışlıqla bağlı idi. Orada müxtəlif kinematoqrafçılarla, yayım şirkətləri, festival nümayəndələri ilə görüşdük. Səfəri ümumilikdə yüksək qiymətləndirərdim. Universal, Paramount kimi şirkətlərin çəkiliş pavilyonlarında olmaq, oradakı imkanlarla tanış olmaq maraqlı idi. Bundan başqa Amerikanın film sənayesindəki böyük şirkətlərin dünya kino sənayesini necə öz əllərində saxladıqlarını onların öz dilindən eşitmək və bu istiqamətdə müzakirələr aparmaq maraqlı idi. Bir məsələni vurğulayım ki, müəyyən məsələlərdə bizdə kiçik və ortaya şirkətlərin imkanları oradakı şirkətlərlə müqayisədə daha yaxşıdır. Amerikada çox məsələlər böyük şirkətlərin əlində cəmlənib. Bu da kiçik və orta şirkətlərin fəaliyyətinə mane olur. Üstəlik müəllif kinosu baxımından da maliyyə imkanları Avropa ilə müqayisədə Amerikada daha azdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan kinosu istiqamət etibarı ilə daha çox Avropa kino ənənələrini üstün tutmalıdır.

Könül Oruc

Xəbər xətti