Şagirdlərin mənəvi inkişafında mütaliənin böyük rolu var

18:07 - 14 Oktyabr 2019 - KİVDF

Fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalı, onların mənəvi inkişafında rol oynamalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin.

Keçirilən dərslərdə torpaqlarımızın müdafiəsində fədakarlıqla döyüşən Milli qəhrəmanlarımız haqqında məlumat verilməli, Qarabağın tarixi geniş izah olunmalıdır. Dərsliklər hazırlanarkən də bu prinsip nəzərə alınmalıdır. Torpaqlarımızın 20 faizinin işğalda olduğu bir vaxtda bu çox önəmlidir.

Onu da qeyd edək ki, şagirdlərin mənəvi inkişafında mütaliənin də böyük rolu var.  Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdə milli dəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir. Bu səbəbdən də müəllimlər şagirdlərə mütaliə etmələri üçün keçdikləri mövzu ilə bağlı əsərlərin oxunmasını tapşırmalıdırlar.

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrində deyilir: “Hazırkı vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır. Bununla belə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir”.

Burada əsas məqsəd təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsi ilə şagirdlərdə oxumağa marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.  Şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.  Onların mənəvi inkişafına təsir edir.

Əməkdar müəllim İmran Verdiyev də şagirdlərim mənəvi inkişafında mütaliənin rolunu yüksək qiymətləndirir. O yazıb:”Mütaliə məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın mənəvi inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.

Sokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."

Bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artırılmasının onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini qeyd edib. Nazirin fikrincə, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərəcək: "Düzgün təşkil edilən və planlaşdırılan mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissi bəxş edir.
Bu məqsədlə “Məktəblər üçün oxu” layihəsi də uğurla həyata keçirilir. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumtəhsil müəssisələrində şagirdlərin mütaliəyə marağının artırılmasını vacib sayır. O bildirib ki,  “Məktəblilər üçün oxu” layihəsi “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” təhsil nazirinin əmrinə əsasən həyata keçirilir. F.Qurbanov layihənin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında vasitə olduğunu vurğulayıb. Bunlar şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsinə vətənpərvər ruhlu, bilikli və savadlı, fəal, sağlam əhval-ruhda tərbiyə olunmuş vətəndaşların tərbiyə olunub yetişdirilməsinə səbəb olur. Şagirdin özünü bir şəxsiyyət kimi təsdiq etməsinə, özünüreallaşdırmasına əlverişli şərait yaradır.

Onu da qeyd etmək lazımdır ki, kitabın tərbiyəedici təsirinin böyüklüyü təkcə məktəb tapşırıqlarının yerinə yetirilməsi ilə ölçülmür. Buna görə də şagirdlər dərsdən sonra, xüsusən də asudə vaxtlarında müəllimlərin tövsiyə etdikləri və onları maraqlandıran kitabları oxumalı, müstəqil bilik əldə etməlidirlər. Mütaliə edərkən şagirdlər eyni zamanda öz idrak maraqlarını təmin edir, mənəvi və estetik zövqlərini zənginləşdirirlər. Bu işdə məktəb kitabxanası məktəblə eyni məqsədə xidmət edərək ailənin və məktəbin əsl köməkçisi kimi çıxış edir, həmçinin öz oxucularının tərbiyə olunmasının, onların hərtərəfli inkişaf etdirilməsinin ən mühüm vəzifələrini həyata keçirir. Bu  baxımdan  uşaqların düzgün kitab seçmək bacarıqlarının formalaşdırılması da çox önəmlidir. Düzgün seçilməyən  hər  hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi,  düzgün seçilməyən kitab da uşaqların insani duyğu və dəyərlərinin  formalaşmasını ləngidir -  mənən şikəst edir.                                                       

Deməli, bu gün müasir texnologiya vasitələri, internet insanları maarifləndirmək, məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir kəşf, heç bir vasitə kitab qədər praktik, kitab qədər zəngin ola, kitab qədər insanının mənəvi və fiziki sağlamlığının keşiyində dura bilməz. bir insanın həyat, cəmiyyət haqqında ətraflı biliklərə yiyələnməsində mütaliənin çox böyük əhəmiyyəti vardır. Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyirdi: "Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz". Doğrudan da, ən dərin bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır.

Samir

Xəbər xətti