Ana səhifə
21 May 2018

“Təcrübəsiz aktyor və aktrisaya tamaşada baş rol vermək düzgün deyil”

Naibə Allahverdiyeva: “Tamaşa qeyri-peşəkar aktyora həvalə edilərsə teatr uçuruma gedə bilər”

 

 

Bəzən hansısa tamaşada peşəkar aktyorların arxa planda qalmasını və qeyri-peşəkarların ön plana keçməsini görürük. Buna münasibət bildirən əməkdar artist Naibə Allahverdiyeva “Üç nöqtə”yə dedi ki, teatrda peşəkarların arxa plana keçməsi çox böyük fəsadlara səbəb ola bilər: “Teatr aktyor üzərində qurulur. Hansısa bir tamaşa qeyri-peşəkar tərəfindən hazırlanıb qeyri-peşəkar aktyora həvalə edilərsə teatr uçuruma gedə bilər. Ali təhsil alıb, hansısa kitabı mütailə etməklə aktyor olmaq olmaz. Bu sənət onun qanında olmalıdır. Bununla yanaşı, aktyorun sənətdə təcrübəsi olmalıdır. İstedadlı aktyor ola bilər, amma təcrübə olmasa, peşəkar aktyor kimi inkişaf edə bilməz”.

Əməkdar artist dedi ki, teatra yeni gələn aktyora baş rolun verilməsi düzgün deyil: “Bəzən teatrda orta nəslin aktyorları qıraqda qalır, yeni gələn aktyora baş rol həvalə edilir. Bu kimi hallardan çox vaxt peşəkar aktyor və aktrisalar əziyyət çəkirlər. Çünki istedadsız insan müəyyən yollarla özünə yol tapır. Əvvəllər 40 yaşlı aktrisa 20 yaşında olan bir obrazı canlandıra bilirdi, onun görkəmi və təcrübəsi imkan verirdi. Amma indi bunlar aradan qaldırılıb. Hazırda isə teatra yeni gələn aktyorların üzərində tamaşa qurulur. Onlar da təcrübəsiz olduğu üçün tamaşa o qədər də uğurlu alınmır. Teatra gələn kimi təcrübəsiz aktyor və aktrisaya tamaşada baş rol vermək düzgün deyil. Düzdür, cavan rolları yaşlı aktrisalar oynamamalıdır. Bu, elə tənzimlənməlidir ki, yeni gələnlər baxsınlar, öyrənsinlər».

Naibə Allahverdiyevanın fikrincə, səhnə təcrübəni sevir: «Bizim dövrümüzdə teatra gələn gənclərə baş rol verməyiblər, pillə-pillə qalxmışıq. Ona görə də, oynadığımız rolların möhürünü vura-vura gedirik, tamaşaçı səhnədə bizi alqışla qarşılayır. Çünki illərin təcrübəsini yığmışıq. Yeni gələn nəsli öyrətmək lazımdır. Bəzi tamaşalarda görürəm ki, aktyor səhnəyə çıxır, danışığını başa düşmürsən, səsi çatmır. Peşəkar aktrisa və aktyordan mütləq istifadə etmək, onun üzərində tamaşalar qoymaq lazımdır. Dünyada bu praktikadan istifadə edilir. Tanınmış aktrisalar üçün xüsusu əsərlər yazılır və onun vasitəsilə teatra tamaşaçı cəlb edirlər. Tamaşaçı teatra sevdiyi aktyor və aktrisaya baxmağa gəlir. Bizdə isə tanınmış aktrisalar üçün xüsusi əsərlər hazırlanmır. Hərdən onlara ikinci dərəcəli rollar verilir. Halbuki onların təcrübəsi var, işinin peşəkarıdırlar”.

Naibə Allahverdiyeva onu da qeyd etdi ki, tamaşalarda verilən rol bölgüsünə fikir vermir: “Rol veriləndə oynayıram, verilməyəndə yox. Amma fikirləşirəm ki, ömrüm, günüm, həyatım gedir. İndi oynaya biləcəyim obrazı 5 ildən sonra  ifa edə bilməyəcəm. Mənim üzərimdə normal tamaşalar qoyula, xüsusi əsərlər hazırlana bilərdi. Amma bunun heç birini etmədilər. Nəhayət, elə oldu ki, teatrda oynaya biləcəyim bir çox rolları oynaya bilmədim, əsəb keçirdim, xəstələndim. Ona görə də, indi rol bölgüsünə fikir vermirəm və verilən obrazı gedib oynayıram. Düzdür, mənə bir-iki yaxşı rol da verilib. İkinci dərəcəli rollarımın da öhdəsindən elə gəlmişəm ki, baş rolun ifaçısı kimi görünmüşəm”.

 

Rəqsanə

Tarix
7 Yanvar 2015 [09:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin