QHT Ağcabədidə maarifləndirmə tədbiri keçirib

10:49 - 4 Oktyabr 2019 - Xəbər

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində Ağcabədi rayonunda maarifləndirmə tədbiri keçirib.

  Mərkəzin rəhbəri Pərvin Məmmədova belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

  Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin 5 saylı Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir.

  Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

Xəbər xətti