“Sarı gəlin”in sığındığı musiqi aləti - balaban

Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər...


Hər kəsə bəllidir ki, bu misralar xalq musiqisi olan “Sarı gəlin”dəndir. Yox, bu gün sizlərə həmin musiqidən söhbət açmayacam. Amma bu musiqinin sığındığı və ya özünü onda tapdığı bir alətdən - balabandan bəhs edəcəyəm. Balaban arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən ərik və qoz ağaclarından hazırlanan nəfəsli musiqi alətidir. Uzunluğu 28-30 santimetr olan balaban bu ağaclarla yanaşı armud ağacından da düzəldilir. Balabanın keyfiyyəti onun materiallarının qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur.

Xalq dilində balabana “yastı balaban”, hətta “mey” də deyirlər. Balabanın səs diapazonu kiçik oktavanın “sol” səsindən ikinci oktavanın “do” səsinə kimidir. Lakin çalğıçının ustalığından asılı olaraq bir neçə səs də artırıla bilər.

Əməkdar artist Şirzad müəllim Fətəliyevdən bu musiqi alətini maraqlandıq. Ondan ötrü ki, aləti yalnız onun ustadı gözəl tanıya, onun haqqında fikir yürüdə bilər. Şirzad müəllim ilk olaraq bu alətin adından söhbətimizə başladı və daha sonra onun tarixi keçmişinə nəzər saldı: “Balaban “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlmişdir.  Burada “bala” “kiçik, xırda, zərif, incə”, “ban” isə “səs” mənasını ifadə edir. Qədim ədəbiyyat nümunələrimizdən olan “Kitabi Dədə Qorqud” dastanında “ban” sözü ilə tez-tez rastlaşmaq mümkündür:

Qulaq urıb dinləyəndə ümmət görkli,
Minarədə banlayanda fəhiq görkli”.


Şirzad müəllim bunu da əlavə etdi ki, aşıq balabanı digər növlərdən ən qədimdir. Bu Azərbaycan ulu ozan-aşıq sənətinin qədimliyi ilə əlaqədardır. Çalğı üslubuna və ifa tərzinə görə aşıq balabanı başqalarından fərqlənir. Aşıq balabançılarının xüsusi spesifik çalğı üsulları vardır. Onlar barmaqlarının mövqeyini dəyişməklə eyni melodiyanı 4-5 müxtəlif tonaqllıqda ifa edirlər. Qamış-müştük üfürmə tərzinə görə ağır və yüngül olur. Burada “ağır” və “yüngül” sözləri çəki baxımından deyil, ifaçılıq baxımından işlədilir. Məhz bu səbəbdən aşıq balabanının səsi digər növlərdən özünün vızılıtılı avazı ilə seçilir.

Əməkdar artist qeyd etdi ki, balaban alətinin adına yaşı bilinməyən, əsrlərin süzgəcindən keçib gələn bayatılarımızda da rast gəlmək olar. XI əsrdə balabandan mükəmməl alət kimi istifadə edilmişdir. Bunun o zaman yaşayıb yaratmış Q.Təbrizin əsərlərində şahidi ola bilərik:

Nə qədər ki, balabanın zil səsi qulaqları cingildədir,
Nə qədər ki, oxun və qılıncın yarası gözləri qaraldır,
Düşmənin gözü oxla, qılıncla yaralansın,
Dostun qulağı saz-balaban səsi ilə dolsun.


Həzin və incə səsə malik olan bu musiqi alətindən nəfəsli alətlər qrupunu, həmçinin, Şirzad müəllimin dediyi kimi elə aşıqlar dəstəsini müşayiət etmək üçün də istifadə edilir. Onun solo ifası üçün səciyyəvi misallar Ü.Hacıbəylinin “İkinci fantaziya”, M.Maqomayevin “Azərbaycan çöllərində” və A.Babayevin “Sevgi rəqsi” hesab olunur.

Balaban musiqisi əsasən yeddi əsas muğamdan sayılan segah ladı üzərində qurulur. Elə buna görə də onun ən savadlı ifaçıları ruhları muğamla yoğrulmuş azərbaycanlılar sayılır. Belə ki, digər millətlərin nümayəndələri onu nə qədər yaxşı ifa etməyə çalışsalar da, balaban onların ifasında klassik olaraq səslənmir. Bunun da sirri onların muğamdan anlayışlarının olmamasındadır.

Azərbaycanda bu alətin yarandığı gündən etibarən çoxsaylı və mükəmməl ifaçıları olub. Bu gün Şirzad müəllim Fətəliyev, Əlixan müəllim Səmədov, Hakim müəllim Abdullayev və başqa sənətkarlarımız bir çox ölkələrdə Azərbaycanın balaban səsini ucaldırlar. Balaban həm də gənc nəslin sevimli və yan keçə bilmədiyi musiqi alətidir. Peşəkar gənclərin istər solo, istər qrup halında bu alətlə çıxışı isə insanın, həqiqətən də, ruhunu oxşayır. Daim ruhları oxşatması arzusu ilə ! Şirzad müəllimin balaban qrupu ilə birgə Heydər Əliyev Mərkəzində yadigar qoyduğu Ü.Hacıbəyovun “Arazbarı” musiqisi kimi...

Rövşən Tahir

Tarix
29 Sentyabr 2019 [11:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-29 11:25:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin