“Zaman keçdikcə obrazı daha dərindən dərk edib oynamağa çalışırsan”

17:54 - 27 Sentyabr 2019 - Mədəniyyət

Şövqi Hüseynov: “Hesab edirəm ki, aktyorun gələcək rolu barədə özünün fikirləşməsi bir az doğru deyil”

“Ən uğurlu tamaşamın hansı olduğunu deyə bilməyəcəm. Bütün oynadığım obrazlarımın böyük zəhmət hesabına başa gəldiyi üçün əziz və vacib olduğunu düşünürəm. Amma bəzən görürsən ki, tamaşaçı tərəfindən uğurlu qarşılanan bir tamaşa özüm tərəfindən uğursuz hesab olunur, yaxud əksinə. Buna görə də uğurlu, və ya uğursuz tamaşa anlayışı mənim üçün nisbidir. Əsas odur, işimiz var və yetər ki, vicdanla işimizə xidmət edək”. Deyir ki, ona görə də aktyorun öz roluna uğurlu deməsi bir az qeyri-obyektiv olar, bunu daha yaxşı tamaşaçı bilər.

“Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar və Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynovdur.

- İlk olaraq hazırkı fəaliyyətinizdən danışaq. Hansı işlərin üzərində çalışırsınız?
- Bildiyiniz kimi mövsüm yeni  açılıb, teatrlarda truppaların ilk iclasları oldu və gələcəkdə görəcəyimiz işlər barəsində məlumat verildi. Həm Gənc Tamaşaçılar Teatrı, həm də Akademik Musiqili Teatrda iş çoxdur, səfərlərimiz, qastrollarımız var. Dünən Amerikadan “Kontrabas” tamaşası ilə qastroldan qayıtmışam. Gənc Tamaşaçılar Teatrında  Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri üzərində Cənnət Səlimovanın quruluşunda məşqlərə başlamışıq. Nicat Kazımovun quruluşunda “Sindibad” tamaşası üzərində məşqlər davam edir. Vaqif Əsədov C.Cabbarlının “Oqtay Eloğlu” əsəri üzərində işə başlayır. Akademik Musiqili Teatrda Mehriban Ələkbərzadənin quruluşunda “Avtobus” tamaşası üzrə işimizi davam etdirəcəyik. Bundan başqa böyük sənətkarımız Afaq xanımın ifasında çox ciddi bir tamaşa üzərində işə başlanılacaq. Tamaşaçılarımız Afaq xanımı tam fərqli bir ampulada, xarakterdə görəcəklər. O tamaşanın da rejissoru Firudun Məhərrəmovdur. Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr kafedrasının müəllimi olaraq II kurs tələbələrimlə həqiqət axtarışındakı yolumuzu davam etdirəcəyik. Gördüyünüz kimi işlər həddən artıq çoxdur. Ümid edirəm ki,  öhdəsindən gələcəyəm. Oktyabr ayının 10-14 aralığında isə Albaniyanın paytaxtı Tiranada Akademik Musiqili Teatrın  “Qodonun intizarında” tamaşası ilə festivalda iştirak edəcəyik. Tamaşanın rejissoru Yunis Vəlipur, müəllifi Samuel Bekket, bəstəkarı Xalq artisti, professor Fərəc Qarayevdir.

- Oynadığınız tamaşaların içərisində hansını uğurlu tamaşanız adlandırardınız?
- Ən uğurlu tamaşamın hansı olduğunu deyə bilməyəcəm. Bütün oynadığım obrazlarımın böyük zəhmət hesabına başa gəldiyi üçün əziz və vacib olduğunu düşünürəm. Amma bəzən görürsən ki, tamaşaçı tərəfindən uğurlu qarşılanan bir tamaşa özüm tərəfindən uğursuz hesab olunur, yaxud əksinə. Buna görə də uğurlu, və ya uğursuz tamaşa anlayışı mənim üçün nisbidir. Əsas odur, işimiz var və yetər ki, vicdanla işimizə xidmət edək. Aktyorun öz roluna uğurlu deməsi bir az qeyri-obyektiv olar, bunu daha yaxşı tamaşaçı bilər.

- Bəs məşhur “Kontrabas” tamaşanız necə?
- “Kontrabas” tamaşasını artıq 22 ildir oynayıram. Həm öz teatrımızda, həm də mütəmadi olaraq beynəlxalq teatr festivallarında. Avqustun 13-19-da Rusiyanın Kineşma şəhərində keçirilən Beynəlxalq  Mono Tamaşalar Festivalında iştirak etdim və “Tamaşaçı simpatiyası” nominasiyası üzrə diplom aldım. Və həmin tamaşa ilə 25 avqust - 2 sentyabr tarixlərində ABŞ-ın Boston şəhərində fəaliyyət göstərən “Kruq” teatrının, onun rəhbəri Yuriy Rubençikin dəvəti ilə qastrol səfərində iştirak etdim. Yeri gəlmişkən bu səfərin reallaşmasına şərait yaradan Mədəniyyət Nazirliyimizə dərin təşəkkürümü bildirirəm. Həmin tamaşanın festivallar taleyi hələ də davam edir. 3-10 noyabr  tarixində Qazaxıstanda böyük bir festival keçiriləcək. Həmin festivala da dəvət almışıq. Ora da qatılacağıq, inşallah.

- Bir neçə mono tamaşanız olub. Hansı daha çətindir, mono, yoxsa adi tamaşada oynamaq?
- Ümumiyyətlə, aktyor sənəti çətindir (gülür). Mənim üçün mono tamaşa içimdə rahatlıq, səliqə-səhman yaratma prosesidir. Mono tamaşanı ona görə oynamıram ki, işim azdır, rolum yoxdur. Xeyr, işlərim həddindən artıq çoxdur. Repertuarda Cavid, Axundov, Şekspir, Molyer, Üzeyir bəy var. Yəni böyük bir repertuar var. İldə bir dəfə mütləq şəkildə mono tamaşa üzərində işləyirəm. Bunun repertuara daxil olub-olmayacağı o qədər də vacib deyil. Sadəcə o prosesin özü mənim üçün maraqlı və cəlbedicidir. Əlbəttə ki, mono tamaşa oynayandan sonra böyük tamaşa oynamaq daha rahat gəlir. Rahatlıq anlayışı yenə də nisbidir. Ümumiyyətlə, heç zaman səhnədə rahatlıq yoxdur. Çünki aktyor sənəti çətindir. Mono tamaşa isə, təbii ki, daha çətin janrdır.

- Tamaşaçılar tərəfindən uğurla qarşılanmış Məşədi İbad rolunu özünüz necə şərh edərdiniz?
- Bu tamaşanı ilk dəfə 42 yaşımda oynamışam. Amma Üzeyir bəy də yazılarında qeyd etmişdi ki, “Bilsəydim Məşədi İbad rolunu bir az yaşlı yazardım”. Amma hər halda təsəvvürümüzdə və bizə təqdim olunan gözəl ifalarda o bir az yaşlıdır. Yəni filmlərdən tutmuş səhnədə olan müqtədir sənətkarlarımızın ifasında əsrlər boyu, yazıldığı gündən bu günə kimi səhnədədir, ekranlardadır. Özümə böyük şərəf  bilirəm ki, bu estafeti mən davam etdirirəm. Fürsətdən istifadə edib Akademik Musiqili Teatrın direktoru Əliqismət müəllimə, tamaşanın rejissoru Cənnət xanıma və bütün yaradıcı heyətə təşəkkür edirəm ki, mənə bu etimadı göstərdilər, etibar elədilər. Allaha şükürlər olsun ki, mən də bu etimadı doğrulda bildim. Və bu günə qədər də tamaşamız oynanılır. Ümid edirəm ki, nə qədər canımızda can var, Üzeyir bəyin adı teatrlarımızın, xüsusilə də Akademik Musiqili Teatrın repertuarının bəzəyi olacaq. Biz də bu yolda xidmətdəyik.

- Ən uzun müddət oynadığınız tamaşanız hansıdır?
- “Dəlinin qeydləri” 25 il, “Kontrabas” 22 il, “Şeyx Sənan” 13 il, “Aydın” 12 il.

- Belə olan halda eyni rolu oynamaqdan yorulmursunuz?
- Xeyr, yorulmaq o vaxt olur ki, siz eyni rolu, yaşam tərzini təkrar edəsiniz. İnsan hər gün eyni şeyi görəndə ondan bezər, yorular. Amma hər dəfə oynadığın rola yenidən, sıfırdan yanaşanda və yaşımızın üstünə yaş gəldikcə dünyanı başqa cür dərk etməyə başlayırsan. “Dəlinin qeydləri” tamaşasını ilk dəfə oynayanda universiteti təzə bitirmişdim, hələ personajla  baş verən problemləri o qədər də dərk etmirdim. Zaman keçdikcə obrazı daha dərindən dərk edirsən və daha dərindən oynamağa çalışırsan. Yaşın üstünə yaş gəlir, öz personajınla yaşıdlaşırsan. Ona görə də insanlar eyni tamaşaya dəfələrlə baxmağa gəlir. Axı eyni şeyə dəfələrlə baxmaq insanı yorar. Bəs niyə gəlib baxırlar? Deməli aktyor sıfırdan başlamağı və tamaşanı qoruyub saxlamağı bacarır.

-  Canlandırmaq istəyib amma canlandırmadığınız obraz varmı?
- Xeyr, elə bir nisgilim yoxdur. Çünki bir az bəxti gətirən aktyorlardan olmuşam. Dünya və Azərbaycan klassikasından ən gözəl rolları oynamışam və oynayıram. Hesab edirəm ki, aktyorun gələcək rolu barədə özünün fikirləşməsi bir az doğru deyil. Aktyorun əvəzinə mütləq rejissor fikirləşməlidir. Biz çox şey istəyə bilərik, amma səhv edə bilərik. Bəzən istəyəcəyimiz personajı oynamağa hazır olmarıq. Amma rejissor bunu daha dəqiq bilir. Hər zaman əmin olmuşam ki, rejissor mənə hansı rolu verirsə deməli bu mərhələdə o rolu oynamalıyam, yəni indiki vəziyyətim o rola uyğundur.

- Teatr fəaliyyətindən əlavə sizi film və seriallarda da görürdük. Son zamanlar deyəsən bu sahədə yoxsunuz...
- Sənətimə hansı bucaqdan yanaşsaq mən teatr aktyoruyam. Filmə və seriala da dəvət ediblər oynamışam. Amma son vaxtlar 4-5 ildir heç bir film və serialda yoxam. Təklif də yoxdur. Bəzən teatrla serial uyğun gəlmir. Çünki teatrda iş çoxdur, məşqlər, qastrollar olur. İşlərimin çoxluğuna görə son vaxtlar çəkilə bilmirəm.

- Özünüz evdə film və seriallara baxırsınızmı?
- 1999-cu ildən bu günə kimi dublyajda da çalışıram, filmlərin səsləndirilməsində də iştirak edirəm. O baxımdan evdə filmə, yaxud çəkildiyim seriala baxmağa həvəsli deyiləm. Vaxtımı daha çox internetdə hansısa gözəl tamaşaya baxmağa sərf edərəm.

- Son dövrlərdə teatrlara dövlət qayğısı artır. Bunun nəticəsini görə bilirsinizmi?
- Əlbəttə görürük. Bir neçə on illiklər əvvəllərə qayıtsaq, teatra tamaşaçı axını baxımdan böyük problemlər yaşanırdı. Son vaxtlar bütün teatrların yüksək səviyyədə təmin olunması, maddi-texniki bazasının düzəldilməsi, aktyorların güzəranın yaxşılaşması, məvaciblərinin artması böyük şərtdir və aktyorların öz işinə münasibətinə çox böyük stimuldur, dəstəkdir. Onsuzda biz işimizi görürük, amma nə gözəl ki, buna daha böyük diqqət və qayğı var. Ən əsas məsələ isə sənət adamlarının, aktyorların özlərinin öz sənətinə olan diqqət və qayğısıdır.

- Həyat yoldaşınız Şəbnəm Hüseynova da aktrisadır. Aktrisa kimi onun ifalarını bəyənirsinizmi?
- Vallah nə deyim, yaxşı aktrisadır (gülür). Müzakirələrimiz olur, danışırıq. Mənimlə məsləhətləşir, mən də arada onunla məsləhətləşirəm. Amma fikirləşirəm ki, ailəni teatra qatmaq olmaz, o başqa bir ailədir, teatr başqa ailədir. Hərəsinin yüksəkdə dayanan öz yeri var.

- Hər ikiniz eyni sahənin adamısız, işiniz demək olar ki eynidir. Bir-birinizi başa düşmək daha asan olar yəqin ki...
- Təbii ki daha rahatdır. Çünki aktyora dözmək bir az çətin prosesdir. Yəni başqa sahənin adamları aktyorun həyatına öyrəşənə qədər bir az çətinlik çəkə bilər. Çəkilişlərin gecəyə qədər davam etməsi, evə gəlməmə kimi hallar var. Amma sənət adamı bu işin içində olduğu üçün daha yaxşı anlayır.

- İşlərinizdən ailə-uşağa ayırmağa vaxtınız qalırmı. Uşaqların tərbiyəsi ilə yaxından məşğul ola bilirsinizmi?
- Təbii ki bacardığım qədər vaxt ayırmağa çalışıram. Amma bu işlə, əsasən, Şəbnəm xanım məşğuldur. 12 yaşında bir övladımız var. Allah bütün balaları qorusun.

Könül Oruc


Xəbər xətti