Şagirdlərin mənəvi inkişafında dərnəklərin rolu böyükdür

18:04 - 21 Avqust 2019 - KİVDF

Onlar mədəniyyət və incəsənətin təbliğinə xidmət edən müsabiqə, olimpiada və festivallarda fəal iştirak edirlər

Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, fiziki aktivliyin yüksəldilməsi, sağlam həyat tərzinin təmin olunması məqsədilə ümumtəhsil məktəblərində dərsdən sonra müxtəlif dərnək və qruplar fəaliyyət göstərir. Təhsil Nazirliyindən “Üç nöqtə” qəzetinin bununla bağlı sorğusuna cavab verdilər ki, təhsil müəssisələrində uşaq və gənclərin bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün lazımi şərait yaradılır, dərsdən sonrakı vaxtlarda şagirdlər arzu və istəklərinə, maraq və meyllərinə uyğun olaraq yaradıcılıq və idman profilli dərnəklərə cəlb olunur, onların idman yarışlarında, müsabiqə, seminar, aksiya, disput və toplantılarda iştirakı təmin edilir, muzeylərə ekskursiyaları təşkil olunur.

Cari tədris ili ərzində təhsilalanlar Breyn-Ring üzrə intellektual oyun və televiziya layihələrinə, ekologiya sahəsi üzrə müxtəlif respublika müsabiqələrinə, mühəndislik və robototexnika yarışlarına, hərbi-idman oyunlarına, rəqs və rəsm müsabiqələrinə, bədii və respublika yaradıcılıq festivallarına, idman üzrə birincilik çempionatlarına, beynəlxalq yarışlara, şahmat festivalına, futzal üzrə respublika birinciliyinə cəlb olunmuşlar.

Ümumtəshil məktəblərində “Yol hərəkəti qaydaları”, “Bədii qiraət”, “Rəqs”, “Rəsm”, “Məktəb teatrı”, “Əyləncəli fizika”, “İnformatika”, “İntellekt”, 28 idman növü üzrə dərnək və qruplar fəaliyyət göstərir.
Yeni tədris ilindən şagirdlərin dərsdənsonrakı vaxtlarda maraqlarına uyğun dərnəklərə cəlb olunması, mədəniyyət və incəsənətin təbliğinə xidmət edən müsabiqə, olimpiada və festivalların, gənc istedadların üzə çıxarılması məqsədi ilə intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsi istiqamətində layihələrin, idman yarışlarının həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin nazirliyin rəsmi saytında yer alan məlumatda bildirilir ki, məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər.

Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyən edir. Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Dərnək məşğələləri;

2.Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi;

3. Təlimati-metodiki işlər.

Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, yeniyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş aparılır. Təhsil Nazirliyi sistemində 374 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrə 332 120 şagird cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 11 751 pedaqoji işçi məşğul olur.

Hazırda Təhsil Nazirliyi sistemində 81 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6 691 qrupda 89 628 uşaq məşğul olur və 2 827 pedaqoji işçi çalışır. Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən «Bacarıqlı əllər», «Bədii qiraət», «Rəsm»,«Xalçaçılıq», «Dram», «Bədii özfəaliyyət», «Məktəb teatrı», «Rəqs», «Gənc idmançılar», «Naxışlı tikmə», «Texniki estetika», «Fortepiano», «Xor», «Nağara», «Tar», «Heykəltəraşlıq», «Kukla teatrı», «Coğrafiya-diyarşünaslıq», «Foto», «Ağac üzərində oyma», «Qarmon», «İbtidai texniki modelçilik», «Dəmir üzərində döymə», «Tarix-diyarşünaslıq» və s. adlarda dərnəklər təşkil olunur. Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Bu

müəssisələrin bir çoxunda «Sağlam həyat tərzi», «Etika qaydaları», yuxarı sinif şagirdləri ilə «Reproduktiv sağlamlığın əsasları» mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edilir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və s. mövzularda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir.

Respublikada 63 Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 5 141 qrupunda 66 909 uşaq məşğul olur və 2 157 pedaqoji işçi çalışır. Texniki yaradıcılıq mərkəzlərində əsasən «İbtidai texniki modelçilik», «Radioelektronika», «Elektrotexnika», «Bacarıqlı əllər», «İnformatika», «Texniki estetika», «Əyləncəli fizika», «Texniki ekologiya», «Gənc konstruktorlar», «Gəmi», «Avto», «Raket», «Təyyarə» modelçiliyi, «Robot texnikası», «Kimya - texnologiya» və s. adlarda dərnəklər fəaliyyət göstərir.

Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uşaq, yeniyetmə və gənclərin texniki yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olunurlar. Bu müəssisələrdə məşğul olan məktəblilər ümumtəhsil məktəblərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər. Texniki yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-texniki yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakları təmin olunur.

Respublikada mövcud olan 5 Məktəbdənkənar tərbiyə işi mərkəzinin 477 qrupunda 6 472 uşaq məşğul olur və 195 pedaqoji işçi çalışır. Bu mərkəzlərdə əsasən «Bədii qiraət», «Debat» klubu», «Rəsm studiyası», «Uşaq parlamenti», «İnformatika», «Elektrotexnika», «Kimya texnologiya», «Tarix-diyarşünaslıq», «Fortepiano», «Texniki estetika» və s. dərnəklər təşkil

olunur.

Respublikamızda 10 Gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 797 qrupunda 10 835 şagird məşğul olur və 310 pedaqoji işçi çalışır. Aparılan işlərin əsas məqsədi tariximizi, soy-kökümüzü, mədəniyyət,

ədəbiyyat və incəsənətimizi gənc nəslə öyrətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır. Mərkəzlər nəinki uşaqlarla iş aparır, həmçinin metodiki tövsiyələr işləyib hazırlayır, şəhər, rayon təhsil şöbələrinə, təhsil müəssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri respublikamızın tarixini, flora və faunasını, mədəniyyət abidələrini

şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədilə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlərə milli dəyərlərimizin qorunması, torpağa sevgi, vətənə məhəbbət hissinin aşılanması istiqamətində mütəmadi iş aparır.

Təhsil Nazirliyi sistemində 157 uşaq-gənclər idman və şahmat məktəbi mövcuddur. Məktəblər uşaq və gənclər arasında yarışlar keçirir, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edir. UGİM-lərdə 27 idman növü inkişaf etdirilir. Onlardan 20-si Olimpiya idman (atletika, ağır atletika, akrobatika, boks, badminton, baydarka və kanoe, basketbol, bədii gimnastika, idman gimnastikası, üzgüçülük, velosiped idmanı, voleybol, futbol, həndibol, otüstü

xokkey, qılıncoynatma, sərbəst güləş, yunan-roma güləşi, cüdo, sambo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, şahmat, dama) növüdür. İdmanın bu növləri üzrə 4 477 nəfər

məşqçi-müəllim işləyir. Onlardan 766 nəfəri qadın, 30 nəfəri «Əməkdar müəllim», 37 nəfəri yüksək, 329 nəfəri I, 160 nəfəri II kateqoriyalı məşqçilərdir. Qeyd olunan 27 idman növü üzrə 7 856 qrupda 97 477 nəfər uşaq və gənc idmanla məşğul olur. Onlardan 16 990 nəfəri qızlardır. İdman məktəblərinin mövcud idman bölmələrində yüksək nəticələr əldə edilməsinə görə həmin məktəblərə 4 il müddətinə (Olimpiya Oyunları dövrü) İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi statusu verilir. Hazırda 10 ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Bu idman məktəblərində işləyən məşqçimüəllimlərdən 12 nəfəri müxtəlif idman növləri üzrə respublika yığma komandalarının məşqçiləridir.

İdman məktəblərində 2 693 nəfər məşqçi-müəllim işləyir. Onlardan 2 393 nəfəri ixtisaslı kadrlardır. Məktəblərdə 5 068 qrupda 63 484 nəfər idmanla məşğul olur. Onlardan 5 571 nəfəri qızlardır. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin (Uşaq-Gənclər İdman Məktəbləri-93, Onlardan: Kompleks Uşaq-Gənclər İdman Məktəbi-63)

əsas vəzifəsi sağlam, fiziki cəhətdən inkişaf etmiş gənc nəsil yetişdirməkdən və respublika yığma komandalarına layiqli ehtiyat qüvvələr hazırlamaqdan ibarətdir.

Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maarifləndirmə prosesinin

fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahəsində məqsədyönlü işlər aparılır. Prezident İlham Əliyevin 2006-cı il tarixli sərəncamları ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bioloji üxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli strategiya və fəaliyyət planı», «Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər», «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı» gənc nəslin ekoloji təlim və tərbiyə işinin müasir tələblər səviyyəsində həyata keçirilməsini tələb edir. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin fəaliyyəti gənc nəsildə erkən yaşlarından ekoloji təfəkkürün, mədəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin formalaşması baxımından əhəmiyyətlidir. Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyələnməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcılıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlərinin

formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir.

Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliyyət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi tədbirlərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir. Azərbaycan məktəblilərinin ekoloji hərəkatının inkişafındakı uğurlar ulu öndərimiz

Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı, uzaqgörənliyi sayəsində ekoloji mərkəzlərin şəbəkəsi genişləndirilib, maddi-texniki bazası zənginləşdirilərək dərnək, klub və digər birliklərin sayı xeyli artırılıb. Uşaq yaradıcılıq, texniki yaradıcılıq və mərkəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq, ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq-gənclər idman və şahmat məktəblərində uşaq, yeniyetmə və gənclərin dövlətçiliyə sədaqət, vətənpərvər, milli-mənəvi dəyərlərinizə dərin hörmət və ehtiram ruhunda tərbiyə

olunmaları, onların mənəvi, fiziki, ekoloji, hüquqi, estetik tərbiyəsinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görülür.

Xəbər xətti