“Biliyim və təcrübəm birləşərək mənə çox şey qazandırdı”

13:29 - 7 Avqust 2019 - Müsahibə

Vəfa Qəhrəman: “Dağlara aşiq oluram, anlayıram ki, mənim başqa bir nəfəsim də var imiş”

Alpinist, müəllim, təlimçi-müəllim, marafonçu və s. kimi adları özündə birləşdirir. Əsas peşəsi müəllimlik olsa da bir çox hobbiləri var. Deyir ki, işləri çox olsa da ev işlərinə vaxt ayırır, çox gözəl ev səliqəyə salır, hətta paltarları elə sərir ki, ütüləməyə ehtiyacı olmur: “Ev işlərinin çox olmaması üçün evdə olan artıq əşyalardan qurtuluram. Və bir neçə gün yığışdırmağa nəsə tapmayacağıma ümid edirəm. Çox qəşəng paltar sərirəm, hətta elə sərirəm ki, ütüləməyə ehtiyac qalmır (gülür). Anam deyir ki, haqqın yolunu tapmısan”.

“Üç nöqtə” qəzetinin qonağı təlimçi-müəllim, alpinist, “həyat kouçu” Vəfa Qəhrəmandır.

- İlk olaraq özünüz və işiniz haqqında ətraflı məlumat verərdiniz. Oxucularımız sizi daha yaxından tanısın...
- Vəfayam, hər gün yenidən doğuluram. Ona görə 1 yaşındayam. Əsas işim dua və təşəkkür etməkdir. Qəlbən öyrənənəm, ancaq öyrədən adını daşıyıram. Daha çox körpələrdən öyrənirəm, onlardan öyrəndiklərimi böyüklərlə, yəni müəllimlərlə bölüşürəm. Buna görə də məni təlimçi-müəllim adlandırırlar. Dinləməyi sevirəm - hər bir insana, onun həyatına, baş verənlərə maraq göstərdiyim üçün onları dinləyib sual verirəm. Beləliklə, onlar hara gedəcəklərini və nə edəcəklərini özləri müəyyən edirlər. Buna görə də mən “həyat kouçu” adını daşıyıram.

Yenilənmək, “əziyyət çəkmək”, sonra əzalarımın necə dincəldiyinin həzzini yaşamaq üçün dağlara gedirəm. Buna görə də məni Alpinist çağırırlar. Qaçmaq mənə asan deyil, ancaq çox adama çatıram, çoxunu ötüb keçirəm, çoxunu da arxamca qaçırdıram (Gülür). Mənə marafonçu deyirlər. Həyatımda bir Reyhan yetişdirirəm, cənnətdəndir. Buna görə məni ana çağırır. Bu günə qədər etdiyim, etmək istədiyim, edə bilib və bilmədiyim bütün xeyirxahlıqların mükafatını həyat yoldaşım adlandırıram.

- Alpinistlik edirsiniz, dağlara çıxırsınız. Bizim xanımlarımızın belə hobbiləri nadir hallarda olur. Sizdə buna maraq necə yarandı?
- Eyni komandada çalışdığım dostlardan biri kiçik bir komanda ilə Heydər zirvəsinə gedirdi. Həmin vaxtlar dağlardan bixəbər idim. Onlar yola düşəndə xəbər tuturam və kövrəlirəm. Geri döndükdən sonra şəkil və videolarına baxıb ağlayıram ki, məni niyə aparmamısınız. Növbəti il aparacağına söz verdi. Lakin onda da dünyadan köçdü. Vaxt gəlir, vədə yetişir, tərəddüd edirəm. Dostum Fəridlə getməyi qərarlaşdırırdıq. Onun sözünü onsuz yerinə yetirirəm. Dağa gedirəm, geri dönürəm, amma başqa cür. Dağlara aşiq oluram, anlayıram ki, mənim başqa bir nəfəsim də var imiş…

- Bu işin öhdəsindən gələ biləcəyinizə inanırdınızmı? Yəni fiziki cəhətdən güclü olduğunuza artıq əmin idiniz...
- Ümumiyyətlə, mən insana, onun sonsuz enerjisinə, gücünə inanan biriyəm. Güc bizim daxilimizdədir və bunu hamıdan yaxşı özümüz bilirik. İçimizdəki əjdahanı, vulkanı bəzən kənardakılara göstərmərik, amma bir az cəsarət, özgüvən olanda insan ondan bolluca istifadə edir. İnsan yaşadıqca, təcrübə artdıqca, bəlkə də yaxşı mühitə düşdükcə bunu qazanır. O uğur, özünütəsdiq dəfələrlə təkrarlananda insanda özgüvən yaranır. Bu, yəqin ki illərin təcrübəsidir. Sən artıq nəyi bacarıb-bacarmayacağını özün dəqiq bilirsən.

- İlk dəfə dağa nə zaman çıxmısınız?
- Tarixləri o qədər də yadda saxlamıram. Təsəvvür edin, doğum tariximi belə xatırlamıram (gülür). İlk dəfə təxminən 4-5 il bundan əvvəl dağa çıxmışam. İndi beynimdə geri dönüş edirəm. Film lenti kimi geri verirəm ki, tarixi tapım. O qədər dağlar, o qədər yollar var ki… Yəqin ki, artıq tarixlər o qədər də vacib deyil, bəlkə də vacibdir.

- Dağda yəqin ki başınıza maraqlı hadisələr gələr... Bəlkə bizimlə bölüşəsiniz...
- Dağda hər şey maraqlıdır, hər şey bir xatirədir. Çörəyini, suyunu bölüşürsən, əl verirsən, əlindən tutursan, üşüyürsən, qızınırsan, zirvədə xüsusiləşirsən, adiləşirsən. Bundan maraqlı nə ola bilər axı... Hələ bir dəfə dağa çıxanda ordan üzüaşağı yuvarlanmışdım, bir dəfə ayı balası ilə rastlaşmışdım. Amma bunlar artıq mənim üçün adiləşib.

- Bəzi insanların “Əşi qadın nədir, dağçılıq nədir”- kimi fikirlər səsləndirdiyinin şahidi oluruq. İnsanların bu yanaşmasına necə baxırsınız?
- İnsanların yanaşmasına hörmətlə, anlayışla, sevgiylə baxıram. Onları başa düşürəm. Çünki elə mən də özümə o sözləri deyirəm ki, “Ay Vəfa, sənin dağda nə işin var, otur evdə. Di gəl, bu qız nə mənə, nə də xalqa qulaq asmır. Deyir ki, hər kəsin öz yolu, öz təyinatı var”.

- Bu səfərləri maraqlı edən həm də yol yoldaşlarıdır. Dağa kimlərlə gedirsiniz?

- Mən ilk yürüşümdən sonra müxtəlif insanlarla fərqli dağlara gedirdim. Amma sonra düşündüm ki, gedirəmsə, özümə elə bir yol yoldaşı tapmalıyam ki, həm peşəkar olmalı, həm dağları yaxşı tanımalıdır. İnsani tərəflər də önəmlidir. Çünki yol yoldaşları ilə mən bir çadırda yemək yeyirəm, bir yolu gedirəm, hər bir çətinliyi keçirəm.

Tale elə gətirdi ki, “Qartal” Dağçılıq Klubunun üzvlərindən biri ilə tanış oldum, sonra onların dağ yürüşlərinə qatıldım. Mən həm də “Alpinizm məktəbi”nin  məzunuyam. Dağa getdiyim adamlar o məktəbin məzunlarıdır. Dağlarda sınaqdan keçmişik, bir-birimizi yaxşı tanıyırıq. Ona görə yürüşlərimizi bir edirik.

- Hansı dağlara çıxmısınız, hansı zirvələri fəth etmisiniz?
- Vətənimizin bütün gözəl dağlarını –Tufan dağ,  Qızıl Qaya, Xınalıq, Savalan, Elbrus və s. dağlarına çıxmışam.

- Bəs hansı zirvəni fəth etmək istəyərdiniz?
- Hələki hamıya Everest deyirəm. 

- Gələcəkdə də hobbinizi davam etdirmək istəyirsinizmi? Yəni dağlara çıxmaq fikriniz varmı?
- Yaxın rəfiqəm Günay deyir ki, “Səni 15 ildir tanıyıram. Heç vaxt bu ilin ötən ilinə bənzəmir”. Yəni, bunu gələcək göstərəcək. Ancaq dağın mənə bəxş etdiyi dəyərlərə görə ömrümün sonuna kimi onu hər görəndə qəlbimdə baş əyəcəm.

- Yarı yolda yorulduğunuz, geri dönmək istədiyiniz vaxtlar olurmu?
- İstər dağ, istər başqa hansısa məsələ olsun. Həmişə yorğunluq hiss edəndə özümə sual verirəm ki, doğrudan gücün bu qədərdir? Daxilimdən cavab gəlir ki, yox, bu, sənin içində olan gücün 0,1 faizidir, indi sənə elə gəlir ki, yorulmusan, amma 99,9 faizin hələ var.
Və özümə deyirəm ki, sən bir az uşaqlıq, tənbəllik edirsən, bir az da irəli gedə bilərsən. Bəlkə gələcəkdə elə zirvələr olacaq ki, bu olacaq, amma indiyə qədər olduğum zirvələrdə geri dönmək istədiyim an olmayıb.

- Hobbiniz və peşəniz tamam fərqli sahələrdir. Müəllimlik və Alpinistlik... Bu ikisini bir arada tutdurmaq çətin olmur?
- Ümumiyyətlə, gördüyüm işləri müəllimlikdən kənar görmürəm. Bu məşğuliyyətlərim elə məni müəllim edir. Peşəmi də, hobbilərimi də çox sevirəm. Bunlar mənim həyatımın ayrılmaz hissələridir. Özümü bunlarsız təsəvvür edə bilmərəm.

- Müəllimlərə müəllimlik edirsiniz. Bunun nə kimi çətin tərəfləri var?
- Müəllimlərə müəllimlik (gülür)… Doğrudan da necə ağır və məsuliyyətli səslənir. Bilirsiniz, sizin qarşınızda hələ dünyanı, yaxşını, pisi yeni-yeni anlamağa başlayan məsum uşaqlar əyləşməyib. Sizin qarşınızda çiynində min bir zəhmət çəkən, lakin buna baxmayaraq, hər şeyi unudub var gücü ilə gələcək üçün insan yetişdirən, yaşca və təcrübəcə böyük insanlar oturub.

- Alpinistliklə məşğul olandan və dağlara gedəndən sonra müəllim kimi özünüzdə hansı xüsusiyyətləri kəşf etdiniz. Yəni bir müəllim kimi sizə nə verdi?
- Biliyin sənin təcrübələrinlə bütövləşəndə sənin əvəzolunmaz, özünəməxsus, xüsusi reseptlərin olur. Mənim də biliyim və təcrübəm birləşərək mənə çox şey qazandırdı.

- Müəllim işləyirsiniz, təlimçi kimi fəaliyyət göstərirsiniz və dağlara çıxırsınız. Bunlardan hansı sizə daha yaxındır?
- Hər biri içimdən gəlir. Onlar mənim üçün ayrılmaz parçalardır. Bütün bunlar bütöv bir Vəfa tablosunu təşkil edir.

- Bildiyimiz qədəriylə bir qız övladınız var. Gələcəkdə onun  alpinist olmasını istəyərdinizmi?
- Bəli, hələ ki bir övladım var.  Onun gələcəkdə nə olması barədə düşünmürəm, onun yalnız onun xoşbəxt olmasını istəyirəm.

- İşlərin çoxluğundan ev işlərinə ayırmağa vaxtınız qalırmı?
- Çox gözəl və səliqəli ev yığışdırıram. Çox qəşəng paltar sərirəm, hətta elə sərirəm ki, ütüləməyə ehtiyac qalmır (gülür). Ev işlərinin çox olmaması üçün evdə olan artıq əşyalardan qurtulub ümumiyyətlə, günlərin bir günü yığışdırmağa heç nə tapmayacağıma ümid edirəm. Anam deyir ki, haqqın yolunu tapmışam. Anama bütün qəlbimlə təşəkkür edirəm. O mənə hər zaman dəstək olur.

-  Xanım olaraq özünüzə vaxt ayıra bilirsinizmi?
- Xanım xanımdır. Gül kimi zərif və ətirli olmaq bizim bütün işlərimizdən daha vacibdir. İşlərin çoxluğundan asılı olmayaraq özümüzə ayırmağa zamanımız hər zaman olmalıdır.

- Əl qabiliyyətiniz necədir?
- Bax burda təvazökarlığın yeri yoxdur (Gülür). Möhtəşəm əl qabiliyyətim var, sanki anamın əlləridir. Hətta sizə Qarabağ xalçasını belə toxuya bilərəm.

Könül Oruc


Xəbər xətti