Şəkidə yol polisinin saxladığı sürücü üstünə benzin tökdü, özünü bıçaqladı

16:20 - 29 İyul 2019 - HADİSƏ

Şəkidə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sürücü özünü yandırmaq istəyib.

Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, hadisə iyul ayının 10-da baş verib. Belə ki, sözügedən tarixdə Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən 55-BC-281 dövlət qeydiyyat nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, standartlara cavab verməyən qaynaq üsulu ilə hazırlanmış əlavə yük yerinin quraşdırıldığına, eləcə də dövlət qeydiyyat nişanının yaxşı oxunmamasına  görə “saxla” əmri verilib. 

Açıqlamaya görə, YPX əməkdaşı avtomobilin sürücüsü Akif Məsimova təlimata uyğun olaraq özünü təqdim edərək, sürücünün törətdiyi qayda pozuntularını ona normal və sakit tərzdə izah edib. 

Sürücü Məsimov üzərində heç bir sənəd olmadığını bildirdikdə yol polisi əməkdaşı bort kompüter vasitəsilə onun sənədlərinin yoxlanılacağını və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunacağını bildirib.

Məlumatda qeyd olunur ki, əvvəllər də yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş Akif Məsimov onun barəsində protokol tərtib olunacağını öyrəndikdə avtomobilinin yük yerindən şüşədəki benzini götürərək özünün və avtomobilin üzərinə tökməyə başlayıb. Yol polisi əməkdaşı həmin vaxt onun əlindəki yanacaq şüşəsini və alışqanı götürərək onu sakitləşdirməyə çalışıb. Lakin bir müddət sonra sürücü A.Məsimov qəfildən cibindən çıxardığı bıçaqla sol qarın nahiyəsinə zərbə endirib.

Yol polisi əməkdaşları tərəfindən o, təcili olaraq xəstəxanaya çatdırılıb.

“Vətəndaş Məsimov öz şikayətində həqiqətə uyğun olmayan ifadələr səsləndirsə də, YPX avtomobilində quraşdırılmış kameralarda qeydə alınan həmin görüntülər onun bu müraciətinin əsassız olduğunu sübut edir”, - deyə rəsmi açıqlamada bildirilir.

Qeyd olunan faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti