Bədii kitab uşaq və gənclərin mənəvi inkişafında önəmli rol oynayır

Bədii kitab oxumağın faydalarını saymaqla bitməz. Kitab oxumaq sadəcə gənclik üçün deyil, eyni zamanda uşaqlar, yeniyetmələr və yaşlılar üçün də lazımdır. Xüsusilə də kitab oxuma alışqanlığı uşaq vatlarından aşılanmalıdır. Bu alışqanlığın qazanılmasında isə məktəblərin əhəmiyyəti böyükdür. Ancaq təəssüf ki, hazırda cəmiyyətdə bu alışqanlıq olmadığı üçün kitab kifayət qədər oxunmur.

Xüsusilə şəxsiyyətin formalaşdığı gənclik dövründə bədii kitab oxumaq vacib şərtdir. Mütaliə edən gənc kitabı oxuduqca özünü tanıma fürsəti yaxalayır, istedadını kəşf etmiş olur. Düşüncə arealını genişləndirir, hadisələrə daha real yanaşır. Kitabla dost olan gənc, bu sayədə bir çox nailiyyətlər əldə edir.

Müasir dövrdə bilik əldə etməyin bir çox yolları var: Konfranslar dinləmək, seminarlara qatılmaq, sənədli filmlər izləmək… Ancaq, bunlar insanın düşünməyə, ehtiyac olduğu anda həmin biliyi bir daha əldə etmə imkanı yoxdur. Lakin oxuyarkən fikirləşmək və təkrar-təkrar həmin biliyi əldə etmək çox asandır.

 

Kitab oxumaqla əldə

olunacaq qabiliyyətlər

Kitab oxumağın eyni zamanda dərslərə də faydası var. Sadəcə ədəbiyyat dərsinə deyil, bütün digər fənlərə də faydası var, riyaziyyata da, biologiyaya, Tarixə də… Çünki hazırda bütün fənlərdən verilən imtahanlarda tərtib olunan sualların əksəriyyətinin geniş izaha, məntiqi araşdırmaya ehtiyacı var.

Uşaqlar böyüklərdən qat-qat artıq zehni qabiliyyətə və xəyal gücünə sahibdirlər və yaşlarına uyğun bədii kitablar oxusalar onların dərslərindəki və sosial münasibətlərindəki müvəffəqiyyətlərini qısa müddət ərzində izləməm mümkündür.

Mütəxəssilər kitab oxuma bacarığının uşaqlara faydasını aşağıdakı kimi sıralayır:

- Söz xəzinəsi çoxalır;

- Düşünmə bacarığı və bununla əlaqədar analiz qabiliyyəti inkişaf edir;

 - Dünyagörüşü artır;

- Qulaq asma və danışma qabiliyyəti inkişaf edir;

- İş həyatındakı müvəffəqiyyət səviyyəsi yüksəlir;

- Daha rahat sosial əlaqələr qurur;

- Oxuyub yeni bir şey öyrəndikcə maraqlanmağa və daha çox oxuyub yeni biliklər əldə etməyə başlayır;

- Mütəmadi kitab oxumaq hafizəni gücləndirir, diqqəti artırır.

 

Mənən zəngin

olmağın yolu

Mövzu ilə əlaqədar “Üç nöqtə” qəzetinə münasibət bildirən psixoloq Gülnar Orucova söyləyir ki, əvvəllər hər kəs özünü kitabla inkişaf etdirirdi. Amma indi sosial şəbəkələr həddən artıq inkişaf etdiyinə görə, insanlar kitaba çox müraciət etmirlər: “Ona görə də müşahidə edirik ki, insanlar mənən zəngin olmağın yollarını axtarırlar. Napoleon Hillin belə bir əsəri var, “Düşün və zəngin ol”, o əsərdə yazıçı özü deyir ki, bu kitabı ən azı on beş dəfə oxumalısınız ki, mənən zəngin olmağın yolunu tapasınız. Amma bu gün insanlar daha başqa yollarla mənəviyyatlarını zənginləşdirmək istəsələr də, buna nail ola bilmirlər”.

Gülnar Orucova vurğulayır ki, kitab oxuyan şəxslə, oxumayan arasında böyük fərq olur: “Onun zəkasında, düşüncəsində, nitqində, davranışında bu fərqlilik özünü büruzə verir. Diqqət etdikdə görürsən ki, kitab oxuyan insanın nitq qabiliyyəti daha yüksəkdir, nəinki oxumayanın. Hazırda insanları müşahidə etdikdə görürük ki, fikrini izah etməkdə çətinlik çəkən insanlar daha çoxdur. Səbəb isə odur ki, onlar bədii ədəbiyyatdan, digər kitablardan az istifadə edirlər, buna görə də  daha çox özlərini sosial şəbəkələrə həsr etdikləri üçün nitqlərində qüsur yaranıb”.

 

Uşaqlara kitab oxuma bacarığı aşılanmalıdır

“Elələri də var ki, nitqlərində qüsur olmaqla yanaşı, başqa bir problem də yaranıb. Bu isə insanlarla ünsiyyət qurma bacarığının zəifliyidir. Bu da sırf sosial şəbəkəyə aludə olmaq səbəbindəndir. Bu gün bir insan istəyirsə ki, övladının nitq bacarığı, düşüncəsi, qabiliyyəti artsın, digər uşaqlarla ünsiyyətə girsin, bunun üçün onda kitab oxuma bacarığı aşılamalıdır. Bu isə sırf uşaqlıq dövründən başlamalıdır. 6 yaşda şüuraltı tam formalaşdığı üçün bu yaşa qədər kitab oxuma vərdişini aşılamış olsaq, daha sonra onlar özü onu davam etdirəcək və mütaliə edəcək. Amma elə olur ki, çox zaman biz, uşaqda 6 yaşa qədər bunu formalaşdırmırıq, o böyüdükdən sonra isə deyirik ki, kitab oxumalısan və. s”-deyə psixoloq izah edir.

Onun sözlərinə əsasən, bu zaman uşaqda kitaba maraq yaranmır: “Çünki o, həmin marağı digər sahələrdə tapıb, sosial şəbəkələrdə, fərqli hobbilərdə öz maraq dairələrini birləşdirib. Bu gün həm də biz özümüz etmədiklərimizi övladımıza etdirmək istəyirik. Misal üçün uzun müddətdən sonra qida rasionumuza faydalı bir qida daxil edirik. Amma həmin qida faydalı olsa da uşaqlar, yaxud evdəki böyüklər onu yeməkdən imtina edəcəklər. Səbəb isə o qidanın rasiona sonradan əlavə edilməsidir. Eləcə də biz özümüz kitab oxumadığımız halda, uşaqlarımıza kitab oxutdurmağa çalışırıqsa, uşaq da buna əməl etməyəcək. Yəni 6 yaşa qədər və məktəbli dövrünə qədər bu vərdiş inkişaf etdirilməlidir”.

 

Uşaqlar kitabı sevsin,

ondan yararlansın

G.Orucova qeyd edir ki, əvvəlki illərdə məktəblərdə həftədə bir dəfə sinifdənxaric oxu təşkil olunurdu: “Sinifdənxaric oxu onun üçün təşkil olunurdu ki, uşaqlar kitabı sevsin, əlavə kitablardan yararlansın. Amma bu gün həmin sinifdənxaric oxular yox dərəcəsindədir. Hazırda dərslərdə o qədər əlavə summativlər, testlər var ki, sinifdənxaric oxular yaddan çıxıb. Əvvəlki illərlə müqayisə etsək və statistikaya nəzər salsaq görərik ki, bu gün kitabxanalara müraciət daha azdır. Oxu zallarında adamlar azlıq təşkil edir. Bu isə onun əsasında formalaşır ki, orta məktəbdə bədii ədəbiyyata, qiraətə daha az yer verilir”.

 

Kitab oxumaq

insan həyatına müsbət

təsir buraxır

Hər şeydən öncə kitabı bilik qazanmaq üçün oxuyurlar, kitabı həm də müxtəlif ideyalara sahib olmaq, dünyagörüşünü zənginləşdirmək üçün də oxuyurlar və bütün bunlar əslində insanın həyat tərzinə təsirsiz ötüşmür.  

Kitablar dünyagörüşünü formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır.

Kitab insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Kitablar bilmədiyimiz dünyaları bizə açır. Ağlının yeni tərəflərini sənə açır, əvvəl heç vaxt diqqət etmədiyin bacarıqlarını ortaya çıxarır.

Hər kəsə məlumdur ki, biz informasiya əsrində yaşayırıq və informasiyanın önəmi çox böyükdür, hər yandan məlumat alırıq. Beynimiz lazımlı, lazımsız hər cür informasiya ilə doludur. İnsan məcburdur ki, bilsin hansı məlumat ona lazımdır, hansı yox.

Ən maraqlısı odur ki, siz az da olsa hər gün kitab oxuyursunuzsa bu vərdiş halına gəlir və öz müsbət nəticəsini verir. Hər gün az miqdarda aldığınız bilik gün gələcək tam biliyə çevriləcək.

İndiki dövrdə insanlar qızıl vaxtlarının dəyərini bilmirlər, əvvəllər televizor, kompüter olmayan vaxtlarda insanlar daha çox kitab oxuyurdular. Ona görə də onlar daha maraqlı, təhsilli, savadlı və dərin olurdular. İstifadə etdiyiniz sözlər sizin həyat tərzinizə çox təsir edir.

 

Kitab oxumağı da

bacarmaq lazımdır…

Digər bir tərəfdən şəxsi həyat, fərdi inkişaf tərzi kitablar imkan yaradır ki, insan öz daxili aləmini tanısın.

Onu da əlavə etmək lazımdır ki, kitab oxumağı da bacarmaq lazımdır, beləki kitablar çox müxtəlifdirlər. İnsan var çox şey bilir, oxuyur, amma real həyatda bunu göstərmir, tətbiq etmir. Odur ki, kitab oxuyan hər kəs passiv deyil, həm də aktiv olmalıdır. Hərəkət etməlidir, biliyini paylaşmalı, tətbiq etməlidir.

Aparılan elmi tədqiqatlara əsasən, mütəmadi kitab oxumaq beyində yeni neyron əlaqələri yaratdığını isbatlayıb. Belə insanlar daha bilikli olurlar.

Kitab oxuyan zaman bəlkə də evinizdəki kkiçik bir otaqdasınız. Lakin zehninizdəki xəyal dünyası bəlkə də qitələri dolaşacaqsınız. Bəlkə də zamanı…. Bir anda keçmişdə və gələcəkdə bilinməyən qalaktikaları kəşf edəcəksiniz.

 

Kitablar olmasaydı…

“Sözlər olmasaydı, yazı olmasaydı, kitablar olmasaydı; tarix olmazdı, insanlıq anlayışı olmazdı”, bu fikirlər  Herman Hessenindir. Bəli, kitab oxumaq bir mədəniyyətdir. Kitab oxuyan cəmiyyət daha müdrik, daha mədəni, daha bacarıqlı, məntiqli, qabiliyyətlidir. Bu sahənin mütəxəssislərinin də dəyərləndirdiyi kimi, lap körpəlikdən uşaqlara bu dəyəri qiymətsiz vərdişi aşılamaq mütləqdir...

Gələcəyimiz olan uşaqların bu mənəvi xəzinəni kəşf etməsi üçün ailələrdə, cəmiyyətdə, təhsil müəssisələrində, hər yerdə kitabla bağlı təbliğatın aparılması, maarifləndirmə işinin  gücləndirilməsi mütləqdir...

Tarix
26 İyul 2019 [17:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-26 17:12:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin