AQTA sədri tenderdə öz şirkətini qalib edib

10:34 - 18 İyul 2019 - Xəbər

Qida Təhlükəsizliyi Agentliyi və ona tabe olan qurum 643 min manatlıq iki tenderin qalibi olaraq "Medeks" MMC-ni elan ediblər. Diqqəti cəlb edən, Agentliyin sədri Qoşqar Təhməzlinin əvvəllər bu şirkətin Baş direktoru işləməsidir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderin qalibini elan edib. Ucnoqta.az xəbər verir ki, “Marja”nın “Dövlət satınalmalarının vahid elektron portalı”na istinadən məlumatına görə, qalib şirkət "Medeks" MMC-dir.

"Medeks" Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.
Həmçinin İyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.
“Wikipedia”da verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri  Qoşqar Təhməzli 2008-2016- cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bildirilir. "Medeks" MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.

Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən "Medeks" MMC barədə məlumat almaq mümkün deyil.
Portalda verilən məlumata görə, Agentliyə tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Qurban  bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqları almaq üçün “Novotrend” MMC ilə İyulun 11-də müqavilə bağlayıb. Müqavilənin məbləği 802 min 624 manatdır. Bu şirkət haqqında da Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən məlumat almaq mümkün deyil.


Xəbər xətti