Tarix qəhrəmanlarını unutmur!

19:17 - 17 İyul 2019 - Xəbər

Bir igidin ömrünə bərabər olur şanına layiq yaşayanların ömrü. Bir böyük tarixin zərrəsi olsa da, hər zərrə böyük tarixi yaradır. Ömürlərini dövlətçiliyə, millətə, torpağa fəda edənlərin yazdığı tarixlə öyünür nəsillər. Hamı kimi doğulub, Azərbaycan kimi davam edir qəhrəmanlar.

Qəhrəmanlar tarixi təkcə silahla yazmır. Amma Azərbaycan adlı məmləkətin bəlli bir tarixini həm işi, həm vəzifəsi, həm sədaqəti, həm də silahıyla döyüşərək yazan və bu gün adı gələndə bir elin ağsaqqalı olacaq zirvəyə qədər ucala bilən kadrları var. Və onlar canlı tarixdir. Bu tarixdən yararlanmaq üçün gec qala bilərik. Onları dinləməkdə, yaxın keçmişimizi bir də onların dilindən eşitməkdə yubana bilərik.
Tarixi iştirakçılarının dilindən eşidərək yazmaq üçün sonra fürsətimiz olmaya bilər.

Namiq Həsənov - Azərbaycanın ən yaxın keçmiş tarixini qələm və silahla yazan müəllim, polkovnik, siyasi kadr və nəhayət düşmənlə burun-buruna mübarizədən çəkinməyən sıravi mücahid. Bəlkə də ömrünün ən qayğısız illərini kəndi Cəhridə keçirib Namiq Həsənov.
Bəlkə də bir igidin ömrünün ən qayğısız illəri cəmi 17 bahara təsadüf edib. Və baharının 17-ci anında dövlətə sədaqət andını dərk edərək bütün qayğısız uşaqlığını və yeniyetməliyini elə kəndi Cəhridə qoyaraq yola çıxır. Uzun bir yol olacaqdı. Bu yol ona hər an bir tarix yazdıracaqdı.

Azərbaycan adlı məmləkətin böyük tarixinin bir zərrəsində imzası olacaqdı. Bu imza ən yaxın keçmişimizdə öyünə biləcəyimiz qəhrəmanımızı bu günümüzə daşıyacaqdı. Yolunda qanqallar bitəcəkdi, büdrəyəcəkdi. Yıxılmamaq üçün mübarizəsindən dönməyəcəkdi. Azərbaycan adlı şanlı tarixin ulu öndər Heydər Əliyev yoluna bütün sədaqəti ilə həmişə öndərin yanında olacaqdı.
Bu yola bütün təhlükələrə rəğmən dövlət və liderinə sədaqət andı ilə davam edəcəkdi.

1990-92-ci illərdə Naxçıvan Daxili İşlər Nazirliyinin polkovniki Namiq Həsənovun birbaşa müdaxiləsi, iştirakı və könüllüləri təşkilatlandıraraq Naxçıvanın ərazi bütövlüyünü bir polis zabiti kimi, sıravi əsgər kimi qoruması, onun vətən tarixinin ən çətin zamanında düşmənlə mübarizədə arxa cəbhədə deyil, öz vəzifə masası arxasında deyil səngərin ortasında dayanması bir tarix üçün ən uğurlu nümunədur. Ulu öndər bu tarixi missiyanı unutmadı. Yaddaşına həkk etdi və Azərbaycanın kadr siyasətinə qazandırdıqları siyahısında Namiq Həsənovun əməyini uca tutdu. Ulu öndər Heydər Əliyevin bir dövlətin kadr bazası üçün yanına topladığı həqiqi sədaqət və öz vəzifə öhdəliyini vicdanla icra edənlərin sırasında Namiq Həsənov da yer aldı.

Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsi oldu. Bu vəzifədə də, 75 illik ömrünün hər mərhələsində də Heydər Əliyev siyasi kursuna sadiqliyini və dövlətə sədaqət andını heç zaman pozmadı Namiq Həsənov.

Bu gün ömrünün 75-ci fəslini yaşayır. Qayğılarla dolu, çətinliklərlə mübarizədə keçən 75 il. Ancaq dövlət öz qəhrəmanlarını uca tutmağı və tarixi qəhrəmanlarını yaddaşlardan silməməyi bütün nəsillərə ötürsə də, bəzən yeni dünyanın yeni düzənində yaddaşımız informasiya axını selində unutqanlaşır.

Biz "Üç nöqtə" qəzeti olaraq unutmadıq. Namiq Həsənova, hər anı vicdanla, sədaqətlə və mübarizə ilə keçən ömründə bizi tariximizin bir parçası olaraq hələ neçə uzun illər öz nümunəsi ilə qürurlandırmağı diləyirik.

Tarix qəhrəmanlarını unutmur!

Züleyxa

Xəbər xətti