Şair Hüseyn (Nəbiyev Hüseyn Əhməd oğlu) 07.04.1917 - ildə Borçalı mahalının cənnət məkanlarından olan Ana-Xatır (Xram) çayından 4 kilometr aralıda – sərt qayalı dağların, məşhur bulaqları, qaynar çeşməli-bulaqlı sıx meşəliklərin ətəyində, Sağsağanlı dərəsinin sağ və sol vadiləridə yerləşən qədim Saraçlı kəndində anadan olub. Uşaqlıqdan güclü hafizəyə, fitri istedada malik olan Hüseyn kəndin mollaları İsa Əfəndi və Şeyx Sədidən dərs almışdır. O, Quranı və ərəb dilində yazıb-oxumağı da mükəmməl öyrənmişdir.
1934-cü ildə 17 yaşında ikən günorta çağı yatdığı yerdə haqq vergisi verilib. Bundan bir müddət sonra gözləri tutulub. El içində sinədəftər şair kimi ad çıxarıb. Bədahətən şeirlər söyləyib, dövrün tanınmış aşıqları ilə deyişib. Elə bununla da adına Şair Hüseyn deyiblər.
Şair Hüseynin ögey qardaşı, Aşıq Hüseyn Saraçlının atalığı Mahmud kişinin (1940-ildə rəhmətə gedib) məsləhəti ilə şair Hüseyn aşıqla bərabər toylara getməyə başlayır. Kənd-gənd gəzib məclislər yola veriblər. O vaxt Aşıq Hüseyn ustad Aşıq Quşçu İbrahimin yanindan şəyirdlikdən yenicə qayıtmışdı. Aşıq Hüseyn Saraclının ustadı Quşçu İbrahim, onun da ustadı şair Ağacan olub. Bir neçə il Aşıq Hüseyn Şair Hüseynə saz tutur.
Gecələr toy məclislərindən qayıdanda Aşıq Hüseyn evədək Şair Hüseyni ötürərmiş. Şair Hüseyngilin evinin qarşısından iri arx axırmış. Bu arxın üstündən keçmək üçün böyük sal daş qoyulubmuş. Həmin yerdə su şırıltı ilə axıb səs etdiyinə görə arxın adına Çır-çır deyirmişlər. Onlar Çır-çıra çatanda gəncliyindən zarafatcıl olan Aşıq Hüseyn irəli keçib Şair Hüseynə deyir:
- Ay şair, yaman qaranlıqdı. Çır-çırdan nətəhər keçəcəyik?
Şair Hüseyn çavab verir:
- Qorxma ,ətəyimdən tut, mən irəlidə gedim, buralara bələdəm.
Aşıq Hüseyn:
- Yaxşı ay şair, bəs geri qayıdanda kimin ətəyindən tutacam?..
- Onda yenə də səni qaytararam.
Dostlar arasında bu cür zarafatlar, hələ indi də unudulmayan söhbətlər çox olub. Bu əhvalatlarindi də yaddaşlarda yaşayır.
1936-ildə günlərin birində Şair Hüseynlə Aşıq Hüseyn Sarvana dərzidə aşıq libası sifariş eləməyə gəlirlər. Dərziylə libas məsələsini danışıb-barışdıqdan sonra adıbəlli bir çayxanaya gəlib çalıb-oxuyurlar. O zamanlar çayxanlara məşhur aşıqlar, varlı-hallı tacirlər, tanınmış bilici adamlar yığılarmış. Məclis əhli içərisində nüfuzlu şəxslər mərcləşib aşıqları deyişdirər, hansı aşıq bağlasa həm nəmərini, həm də üstəlik o biri aşığın sazını alarmış. Belə deyişmələr gecə yarısınadək davam edərmiş.
Aşıqla şair içəri girib bir az əyləşəndən sonra çayxanaya səs düşür ki, bəs deməzsənmi, Şair Ağacan gəlib. bunu eşidən Aşıq Hüseyn sakitcə Şair Hüseynin qulağina pıçıldayır ki, ay şair, evin yıxılmasın, biabır olacağıq. Bağlayıb, sazı əlimizdən alacaq, özümüzü də çayxanadan qovacaq.
Şair Hüseyn cavab verir:
- Aya, Aşıq Hüseyn, nə tez alt dabana düşdün? Narahat olma, mənə vergi verən Allah heç vaxt darda da qoymaz.
Şair Ağacan çayxanaya daxil olub hamıyla salamlaşır. Adamlar ona işarə verirlər, o da üzdən tanımadığı Şair Hüseynə yaxınlaşıb, kim olduğunu soruşur.
Şair Hüseyn cavab verənədək camaatın içindən Arxılı Əlləz adlı bir şəxs dillənir:
- Ustad, bu oğlan Saraçlıdandı, vergi verilib, haqq şairidi,- deyirlər. Adı da Hüseyndi.
Söhbəti eşidənlər birağızdan Şair Ağacandan təveqqə edirlər ki, Şair Hüseynlə deyişsin. Ustad Ağacan razılaşır, maraq da bir yandan ona ki, görsün bu nətəhr şairdi. üstün gəlir. Şair Ağacan Şair Hüseynə deyir:
- Oğlum bir-iki kəlmə de, feyziyab olaq. Sonra da mən deyərəm.
Şair Hüseyn Şair Ağacana hörmət əlaməti olaraq belə cavab verir:
- Ustad mən nə karəyəm ki, sizdən öncə söz deyəm. Buyurun, söz böyüyündü, öncə siz deyin, ustadsız.
Şair Ağacan, - ustadına bərəkallah, oğlum, - deyərək başlayır sözə.
DEYİŞMƏ 1
ŞAİR AĞACAN
Oğul, çıxma uca dağlar başına,
Tüpü-boran əsər, qar olar onda.
Əlini uzatma sən hər yuvaya,
Kürzə ilan olar, mar olar onda.
ŞAİR HÜSEYN SARAÇLI
Gəşt eylə, gəl eşqin gir baxcasına,
Gör ki, necə-necə bar olar onda.
Rüstəm tək pozaram pəryari-pərin,
Ağır mətahın tar-mar olar onda.
ŞAİR AĞACAN
Oğul, nə işin var, Rüstəm Zalınan,
Girəndə meydana qeylü-qalınan.
Dananı qoşsalar fil tək, kalınan,
Gör hansı birinə zor olar onda.
ŞAİR HÜSEYN SARAÇLI
Düşübsən, çıxmazsan çiskin, dumandan,
Cəngimə keçənlər düşər amandan.
Bir nərə çəkərəm sıdqı-dəhandan,
O var qulaqların kar olar onda.
ŞAİR AĞACAN
Gör nələr var bu ustadın canında,
İndi dayan, tavla qoç meydanında.
Əlli il qalan Ağacanın yanında,
Anlamaz ki, necə tor olar onda.
ŞAİR HÜSEYN SARAÇLI
Hüseynəm, heç kəsə olmaram tabı,
Sinəmdə haqq sözün yoxdur hesabı.
Ağam olub ərənlərin sahabı,
Meydanıma girən xar olar onda.
DEYİŞMƏ 2
ŞAİR AĞACAN
Çalxanıbdır aləmlər,
Gör necə tufan gəlir.
Qopubdur zəlzələlər,
San, axır zaman gəlir.
ŞAİR HÜSEYN
Götür qaç mətahını,
Gör necə talan gəlir.
Haqdan alıb dərsini,
Deməynən yalan gəlir.
ŞAİR AĞACAN
Sevdaya düşübsən, biçarə Məcnun,
Eşq bir fənarədir yanar, a Məcnun.
Dünyada Leyliyə divanə Məcnun,
Sevdaya bulunub, bir cavan gəlir.
ŞAİR HÜSEYN
Sanasan, qarşında bir aslan durur,
Keçibsən cənginə haçansa, budur.
Ağzı zəhərli bir əqrəb tək vurur,
Elə bil şahmardır, bir ilan gəlir.
ŞAİR AĞACAN
Məndə də oxuyuram bu urufatdan,
Qanan halı olsun, qoy mərifətdən.
Dərsimi almışam kamil ustaddan,
Kəməndi qurulmuş Ağacan gəlir.
ŞAİR HÜSEYN
Çox uca göstərmə belə özünü,
Həqiqətdən söylə, danış sözünü.
İpək yerinə xərc etmə bezini,
Müştəridi Hüseyn, can alan gəlir.
Söz tamama yetişir, çayxanadakılar təklif edirlər ki, indi də Şair Hüseyn desin, ustad Ağacan da çavab versin.
Aşıq Ağacan razılaşıb deyir:
- Oğlum indi söz sənindir, de gəlsin.
ŞAİR HÜSEYN
Bu günlərdə mən bir şəhərə vardım,
Kim bilə ki, onun yolları dörd-dörd.
Orda bir gözələ mən mehman oldum,
On iki buxaqda xallari dörd-dörd.
ŞAİR AĞACAN
İl bir şəhərdir, mən də gəşt eylədim,
Gördüm gözəldir, fəsilləri dörd-dörd.
On iki ay bir ilin buxağıdır,
Hər buxağında həftələri dörd-dörd.
ŞAİR HÜSEYN
Səndə gördüm hünəri, bu həvəsi,
Varıymış kəndində bir nər qüvvəsi.
Necə dəryadı ki, doqquz adası,
Hallanır, tökülür selləri dörd-dörd.
Şair Ağacan deyir: - Özün də bilmirsən, nə danışırsan. Elə də dəryamı olar, doqquz adası ola?! Elə bir dərya yoxdu.
Çayxanadakılar deyirlər: - Ustad Ağacan, o ki, deyirsiz, elə şey yoxdur, onda qoy açmasını da elə şair özü desin.
Şair Ağacan:
- Əgər elə dərya varsa, bilirsə desin, biz də bilək.
ŞAİR HÜSEYN
Özüm tapdım hünərə bu həvəsi,
Yoxuymuş kəndində bir nər qüvvəsi.
Cəsəd bir dəryadı doqquz adası,
Hallanır, tökülür selləri dörd-dörd.
- Deyə cavab verəndən sonra ikinci bəndi deyir.
Şair Hüseyn girəndə bu meydana,
Ərz eyləsin qoy Şair Ağacana.
Salamməlik verdim cəsədsiz cana,
On bir dahanında telləri dörd-dörd.
Bu yerdə Şair Ağacan rica edir ki, bunun da açmasını özün de.
ŞAİR HÜSEYN
Şair Hüseyn girəndə bu meydana,
Ərz eylədim bu molla Ağacana.
Saz - quru candı salamlar ona,
On bir pərdəsi var, dilləri dörd-dörd.
Deyişmə tamam olur. Ustad Ağacan şair Hüseynin alnından öpüb, “Bərəkallah” söyləyir. Şair Hüseyn isə artıq-əskik söz olduysa, ona görə Şair Ağacandan üzür istəyir.
Şair Ağacan:
- Oğlum, bura söz meydanıdır. Sən də ki, gözəl şair. Sözlərinin də misli-bərabəri yox. Adın dillərdə dastan olacaq. Hələ çox ustad aşıqlarla deyişəcəksən, deyib, əsəbi tərzdə papağını da çayxanada unudub gedir…
Deyilənə görə, o vaxtlar deyişmə Faxralı Şair Nəbinin qulağına çatır. Şair Nəbi Şair Hüseynin istedadına bələd olduğundan deyir ki, Şair Hüseyn haqq şairidi, işiniz olmasın, onunla hər adam deyişə bilməz.
Amma əfsus ki, ustad Ağacanın dediyi kimi, olmadı. Amansız ölüm haqq şairini 21.04.1937-ci ildə gəncliyinin parlaq vaxtında - 20 yaşında ikən öz dibi görünməyən ağuşuna alıb apardı… Yeri cənnət olsun!
Qələmə aldı:
Rəşad Saraçlı Əliyev
Qeyd: Deyişməni zamanında kağıza köçürən Borçalı rayon İcraiyyə komitəsinin Torpaq idarəsinin rəisi, Sarvan kəndindəki kollektiv təsərrüfatın sədri Səfərov Məhəmməd İsa oğlu olmuşdur.
Qləmə aldı: Aşıq Hüseyn Saraçlının həmişə söylədiyi bele bir deyişmənin Aşıq Sabir Saraçlıda olduğunu bildirən aşığın son beşik şəyirdi ustad sazbənd Aşiq Kövrək Murada, tapmaqda köməklik göstərən professor Mahmud Kamal oğluna, Bolnisi azərbaycanlılarının mədəniyyət mərkəzinin rəhbəri Əlixan Yəhya oğluna, ustad sazbənd aşıq Bafəliyə, deyişməni bizə verən aşiq Sabir Saraçliya və şair Hüseynin adını daşıyan Saraçli orta məktəbində 19 il direktor vəzifəsində çalışmış, şairin qardaşı oğlu Hüseyn Nəbiyevə təşəkkür edirik.
Bu deyışmənin bir qisimi Aşıq Hüseyn Saraçlının qardaşı Abdulla müəllim tərəfindən təqdim olunmaqla,Məmməd Sarvanın nəşr etdirdiyi Ulu Borçalı adlı kitabda yer alıb. Daha sonra isə deyişmə Süleyman Çobanov və Əflatun Saraçlının tərtib etdiyi “Mənim əzəl-gözəl Saraçlım” adlı kitabda çap olunub.