“Bu gün üç övlad anası kimi iki yerdə çalışa bilirəmsə, bu anamın sayəsindədir”

13:02 - 15 İyul 2019 - Xəbər

Həmidə Rüstəmova: “Üç uşağını qoyub getməyinə dəyməz deyən adamlara inad jurnalistikada olmaq, mədəniyyətdən yazmaq mənim üçün böyük ayrıcalıqdır”

Jurnalistikaya ilk gəldiyi gündən etibarən mədəniyyət sahəsindən yazıb və yazmaqda davam edir. Deyir ki, bəziləri mədəniyyət sahəsindən yazmağı asan qiymətləndirsələr də əslində belə deyil: “Biz jurnalistikaya gələndə istər saytlarda, istər qəzetlərdə  mədəniyyətdən gün ərzində cəmi bir neçə xəbər olurdu. Əslində indi başa düşürəm ki, mədəniyyət sahəsindən yazmaq çətin olduğu üçün bu sahəyə meyillənməyiblər.

Çünki mədəniyyət sahəsindən yazmaq jurnalistdən çoxşaxəli bilik tələb edir. Mədəniyyət sahəsində çalışan insanlarla ünsiyyətdə olmaq, müsahibə almaq o qədər də asan deyil. 20 ilə yaxındır bu sahədə olan insanlarla müsahibə etmişəm. Onların ruh halını duymaq, onların əhvalına köklənmək çətindir”.

“Üç nöqtə” qəzetinin qonağı Mədəniyyət Nazirliyinin rəsmi orqanı olan “Mədəniyyət” qəzetinin əməkdaşı, Abdulla Şaiq adına Kukla Teatrının ədəbi-dram hissə müdiri Həmidə Rüstəmovadır.

- Söhbətə elə jurnalistikaya gəlişinizdən başlayaq. Neçə müddətdir jurnalistikadasınız?  
- 1998-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi verdim və “Mədəniyyətşünaslıq” ixstisasına qəbul oldum. Amma inad edərək bu ixtisasa getmədim. Çünki Bakı Dövlət Universitetinin jurnalistikasını istəyirdi. İkinci il sənədlərimi verdim və BDU-nun “Nəşriyyat işi və redaktəetmə” ixtisasına qəbul oldum. Bizim dövr tələbələrinin yaxşı yadındadır, 2000-ci illərdə “Tələbə press” adlı qəzet var idi, ora yazılarımızı verirdik. Bundan başqa “Panorama” qəzetinə yazırdıq, tələbələr üçün ayrıca qonarar ayrırırdılar.

BDU-da birinci korpusla, ikinci korpusun arasında “Pepsi” adlı kafe var idi, qazandığımız pulla orda yemək yeyirdik və bundan çox xoşbəxt olurduq, dünyanı xilas edəcəyimizi düşünürdük. Diplom rəhbərim İsmayıl Vəliyev məni redaktə işinə yönəltdi. “Bakı Universiteti” nəşriyyatında əvvəl korrektor, sonra isə redaktə ilə məşğul olmağa başladım. Sonra “Bakı Universiteti” qəzetində məqalələrim çıxdı.

Universiteti bitirəndən sonra əmək fəaliyyətimə Evlər İdarəsində kargüzar kimi başladım. Ora çox rahat idi. Arada həsədlə o illəri xatırlayıram, ancaq xanımlar idi, işləyirdik, söhbət edirdik, səbrsizliklə nahar fasiləsinin çatmasını gözləyirdik. Bir müddət sonra isə mətbəədə işə başladım. Bu iş oturaq iş olduğu üçün gördüm ki, mənlik deyil. Axı aktiv fəaliyyətlə məşğul olmaq istəyirdim. Beləliklə aktiv jurnalistikaya qayıtdım, “Elm və təhsil”, “Şərqin səsi” qəzetlərində redaktor kimi çalışdım. Sonra “Sərbəst düşüncə” qəzetində müxbir kimi fəaliyyət göstərdim.

- Bildiyim qədəriylə “Mədəniyyət” qəzetində işə başlamağınızın maraqlı tarixçəsi olub...
- Bəli (gülür). “Sərbəst düşüncə” qəzetindən uzaqlaşdım. Düşündüm ki, davamlı bu işlə məşğul olmalıyam. Azərbaycan nəşriyyatında ikinci mərtəbəyə düşdüm. “Azərbaycan” qəzetinin baş redkator kabineti orda yerləşirdi. Qapını döydüm, içəri daxil oldum və Bəxtiyar müəllimə dedim ki, mən burda işləmək istəyirəm. Dedi nə işləmək istəyirsən? Bu sahə üzrə təhsil aldığımı bildirdim və “Azərbaycan” qəzetində işləmək istədiyimi dedim.

Məni burda kimin yönləndirdiyini soruşdu. Mən də cavab verdim ki, özüm. Dedim ki, məgər bizim işləməyə ixtiyarımız yoxdur? Bəxtiyar müəllim eynəyinin altından bir qədər məni süzəndən sonra dedi ki, hazırda ştatımız yoxdur, amma sizinlə əməkaşlıq edə bilərik. Bu təbii ki məni qane etmədi. Burdan çıxandan sonra ikinci mərtəbədə yerləşən “Mədəniyyət” qəzeti qarşıma çıxdı. Qapını döydüm, içəri daxil oldum.
Günəşli yay idi və otağın  pəncərələri böyük olduğu üçün  içəri bol günəş düşürdü.  Gözümün birini qıyıb “Salam, Nemət müəllim” – dedim. “Nə lazımdır, qızım?” – deyə soruşdu.  Dedim ki, mən bu qəzetdə işləməyə gəlmişəm. Mənimlə xeyli söhbət etdi, fikirlərimi öyrəndi. Orda işləyən görkəmli jurnalistlərin adlarını sadaladı. Və dedi ki, sən burda onlarla baş-başa işləyə biləcəyini hesab edirsən? Dedim, əlbəttə. Mənim inadkeşliyimi bəyəndi və məni işə götürdü. Nemət müəllim hər dəfə danışanda deyirdi ki, mən bu qızı koridordan tapmışam (gülür).

- Hazırda mədəniyyətdən yazırsınız. Bəs jurnalistikada ilk dəfə hansı sahə üzrə yazmağa başlamısınız?
- Elə ilk yazmağa başladığım gündən mədəniyyət sahəsindən yazmışam. Başqa sahədə heç vaxt yazım olmayıb.

- Çox vaxt mədəniyyət sahəsindən yazmağı asan qiymətləndirirlər. Həqiqətən elədirmi?
- Adətən jurnalistikaya gələnlər ilk vaxtlar mədəniyyətdən yazmağa çalışırlar. Amma mənim mədəniyyət sahəsini seçməkdə məqsədim başqa idi. Mövzum ədəbi redaktə idi. Diplom işim Azərbaycan mətbuat tarixinin çap məhsulları idi. Tarixi işləyəndə gördüm ki, hər zaman mədəniyyət jurnalistikası, mədəniyyət sahəsi müəyyən mənada köməkçi sahə kimi qalıb. Ümumiyyətlə, biz jurnalistikaya gələndə istər saytlarda, istər qəzetlərdə mədəniyyət hətta şou-biznesdən də geridə qalırdı. Mədəniyyətdən gün ərzində cəmi bir neçə xəbər olurdu, sanki maraqlı deyildi.

Əslində indi başa düşürəm ki, mədəniyyət sahəsindən yazmaq çətin olduğu üçün bu sahəyə meyillənməyiblər. Çünki mədəniyyət sahəsindən yazmaq jurnalistdən çoxşaxəli bilik tələb edir. Bu sahə məhdud deyil və mürəkkəbdir. Mədəniyyət sahəsində çalışan insanlarla ünsiyyətdə olmaq, müsahibə almaq o qədər də asan deyil. 20 ilə yaxındır bu sahədə olan insanlarla müsahibə etmişəm. Onların ruh halını duymaq, onların əhvalına köklənmək çətindir.

- Fikrinizcə, mətbuat xidmətində işləmək üçün nə qədər təcrübə lazımdır?
-  Bu,struktura görə dəyişir. Amma mədəniyyət sahəsində mətbuat xidmətində çalışmaq üçün o sahəni, ən azından çalışdığın mədəniyyət müəssisəsinin fəaliyyətini bilməlisən. Teatrın nə olduğunu, teatrın faəliyyət istiqamətlərini, tarixini bilmək lazımdır. Texniki məsələlər - səhnə maşinistinin, quruluşcu rejissorun işindən tutmuş rejissorun işinə qədər bunların hamısından məlumatlı olmalısan ki, o teatrın mətbuat katibi işini davam etdirə biləsən. Çünki mətbuat katibinin işi təkcə press-reliz yazmaqdan, onu mediaya paylamaqdan, premyeralara jurnalist dəvət etməkdən və televiziyaya çağrılmaqdan ibarət deyil.

- Artıq neçə müddətdir Kukla Teatrındasınız?
- 2013-cü ildən Kukla Teatrında çalışıram. Kukla Teatrının direktorunun həyat yoldaşı yazıçı Səidə Haqverdiyeva ilə tələbə vaxtlarından bir-birimizi tanıyırıq. Kukla Teatrında Rəşad Əhmədzadə ilə müsahibəyə getmişdim. Dəhlizdə Səidə mənə yaxınlaşdı, xeyli söhbət etdik, keçmiş dövrləri xatırladıq. Çünki biz müəyyən vaxtı ayrı düşmüşdük. Bundan sonra mənim Kukla Teatrı ilə əlaqələrim genişləndi. Daha sonra mənə təklif olundu ki, teatrın mətbuat işləri ilə məşğul olum. Bu təkliflə dərhal razılaşdım. Çünki burda çalışmaq mənim üçün maraqlı idi. 2013-cü ildən həm də Kukla Teatrının Ədəbi dram hissə müdiri kimi fəaliyyət göstərirəm, yəni mətbuat xidmətində çalışıram.

- Deyirlər ki, uşaqlarla işləyən adamların ruhu gənc qalır. Bu sizdə də hiss olunur...
- Təşəkkür edirəm. Mənim 40-a yaxın yaşım var. Biz necə hiss ediriksə, o cür yaşayırıq. Uşaqlar dünyanın yeganə məxluqlarıdır ki, onları aldatmaq olmur. Uşaqlarla işləmək əslində çox çətindir. Deyək ki, tamaşa başlayıb, uşağı uzağı ilk beş dəqiqə susdura bilərik. Amma ondan sonra baxdığı tamaşaya, sənin ona təqdim etdiyin nümunəyə maraq göstərməsə onu sakit etmək mümkün deyil. Böyük adam etika xatirinə əlini çənəsinə qoyub, başqa şey haqqında düşünüb sənə baxa bilər. Amma uşaq sənə baxırsa emosiyasını mütləq bildirməlidir.

- Jurnalistin demək olar ki, yazdığı hər bir yazı onun üçün əzizdir. Bəs sizin ən çox sevdiyiniz, yazınız, müsahibəniz kiminlə olub?
- Bu günə qədər mən istər yerli, istərsə də xarici aktyor və aktrisalarla, müğənnilərlə, rejissorlarla müsahibələr etmişəm. Bunu konkretləşdirmək mənim üçün çox çətindir. Çünki içərisində dünyasını dəyişmiş sənətkarlarımız var. Deyim ki, çox çətin halda sevmədən müsahibəyə gedirəm. Çünki müsahib insanın ürəyinə yatmalıdır ki, müsahibə maraqlı alınsın.

- Bəs ilk yazınız hansı olub?
- Bu mənim yadımda deyil. Amma anam birinci qəzetdə çıxan məqaləmi, ilk korrektə etdiyim kitabı da bu günə qədər çox sevərək saxlayıb. Mən anam Mənzər xanıma təşəkkür edirəm. Bu gün üç övladımla iki yerdə çalışa bilirəmsə, bu anamın sayəsindədir. Evim şəhər mərkəzindən çox kənardadır. Uşaqlarımla bağlı əksər məsələləri anam həll edir. Əldə etdiyim bütün uğurlarımda onun əməyi olub. Ətrafdakıların sözlərinə baxmayaraq atam da mənə hər zaman inanıb. Çevrəmdə, qohumlarım arasında köhnə fikirli insanlar var. Deyirlər ki, jurnalistika qadın sənəti deyil. Hətta qızların ali təhsil almasına da pis baxırdılar. Valideynlərim mənim başqa sahə üzrə getməyimi istəyirdilər.

Amma mənim jurnalistikaya olan həvəsimi gördükləri üçün buna qarşı çıxmadılar və mənə dəstək oldular. Bu gün də atamın adını öz imzamda daşıyıram. Üç uşağını qoyub getməyinə dəyməz deyən adamlara inad jurnalistikada olmaq, mədəniyyətdən yazmaq mənim üçün böyük ayrıcalıqdır.

- Bir jurnalist kimi bu günün jurnalistikası sizi qane edirmi?
- Çağdaş zamanın insanı hər şeyin ən rahatına, ən yaxşısına qaçır. Bu mənada saytlar və onların sosial şəbəkə səhifələri, hər dəqiqə yenilənən xəbər ardıcıllığı çapar jurnalistikası bizim məşğul olduğumuz jurnalistikanı bir az ləngitmək istəyir. Amma onlar qəzet jurnalistikasını heç vaxt əvəzləyə bilməz. Çünki qəzet jurnalistikası tarixdir, qalıcıdır və peşəkarlıq tələb edir.

Saytlarda xəbərlərə baxanda 5 cümləlik xəbərdə 3-4 səhv görürsən. Amma bizim bunu qəzetdə etmək şansımız yoxdur. Ona görə də qəzet jurnalistikası tarixin bütün məqamlarında, zamanlarında qalıcılığını qoruyacaq. Qəzetdən jurnalistikanın istənilən istiqamətinə getmək asandır. Amma digər sahələrdən bura gələnlər üçün çətin olur. Çünki qəzet özü bir məktəbdir və jurnalist yetişdirən bir məkandır.

- Həm mətbuat xidməti sahəsindəsiniz, həm də jurnalist kimi fəaliyyət göstərirsiniz. Hər ikisinin çətin və maraqlı tərəfləri var. Müqayisə etsək, ən çətini hansıdır?
- Mətbuat katibi işləmək daha çətindir. Çünki jurnalistikada konkret gün ərzində görəcəyin işlər bəllidir. Amma mətbuat katibi işləmək, jurnalistlərlə çalışmaq, jurnalistlərin nazını çəkmək, onlara müsahibləri yönləndirmək çətindir. İş saatını uyğunlaşdırmaq baxımından çox rahatdır. Rəhbərlik sağ olsun, şərait yaradıb, işlərimi kənardan da idarə edə bilirəm.

- Jurnalistikaya başlayanda insana kömək edən, bu sahənin sirlərini öyrədən kimlərsə olur. Bu sahədə sizə dəstəkçi kimlər olub, o sirləri kimdən öyrənmisiniz?
- 2002-ci ildə bizim ixtisasımızı bitirən 26 nəfər idi və onlardan yalnız jurnalistika ilə məşğul olan mənəm. Bu da müəllimim rəhmətlik İsmayıl Vəliyevin xidmətidir. O, mənə hər zaman deyirdi ki, sən yaxşı jurnalist olacaqsan, bunun arxasınca get. Sağ olsun, məni yönləndirdi. Hələ universiteti bitirəndə məni işə də dəvət etdi. Amma aktiv jurnalistika ilə məşğul olmaq istədiyim üçün ora getmədim. Həmçinin daha sonra çalışdığım redaksiyadakı redaktorlar da mənə yol göstəriblər.

- İki işdə çalışırsınız, bəs ailəyə, övladlarınıza ayırmağa vaxtınız olurmu?
- Üç övladım var. Təbii ki məişət məsələləri müəyyən şeylərdə problemlər yaradır. Cəmiyyət üçün əsas missiyam övladlarımı düzgün yetişdirməkdir. Müəyyən mənada övladlarıma arzuladıqları şeylərdə vaxt çatdıra bilmirəm. Onlar üçün mənimlə gəzmək maraqlıdırsa, onları parka aparmağa söz verirəmsə, bəzən sözümü tuta bilmirəm. Bəzən uşaqlarımı götürmək üçün baxçaya vaxtında gedə bilmirəm.

Bir neçə gün əvvəl oğlum mənə deyir ki, “Mama, sən ölmüşdün?” Dedim, yox, oğlum. Deyir ki, axı müəllimim dedi ki, anan ölüb, harda qalıb? Deyir ki, mama, mən də elə bildim ki, sən ölmüsən. Oğlumun bu sözlərindən çox pis oldum. Tədbirlərin sıxlığı və mədəniyyət tədbirlərinin ən çox axşam saatlarında olduğu üçün bağçadan ən son götürülən də mənim uşağım olur, məktəbdə ən çox nəzarətçinin yanında qalan da mənim övladımdır. Onu da deyim ki, hər iki müəssisədə çalışdığım rəhbərlik mənim məişət qayğılarımı nəzərə alırlar və hər iki işin öhdəsindən gələ bilməyim üçün hər cür şərait yaradılar. Rəhbərliklərə, dostlarıma, iş yoldaşlarıma, həmkarlarıma öz təşəkkürümü bildirirəm.

Könül Oruc

 


Xəbər xətti