Ana səhifə
16 Oktyabr 2018

“AAAF Park”ın rəhbəri haradadır? - bacısı oğlu danışdı

Tofiq Heydərovla bağlı yeni iddialar ortaya çıxıb, iş adamının telefonuna isə başqa şəxs cavab verir

 

Ucnoqta.az Bizimyol.info-ya istinadən xəbər verir ki, redaksiyamıza Kamal Murad imzası ilə e-mail daxil olub. Yazılan məktubda "AAAF" yaşayış kompleksində baş verənlərdən söhbət açılır. Deyilir ki, kompleksdə dövri olaraq məlumat sızmasından narahat olan "AAAF İnşaat" rəhbəri, "Zirvə" İdman Kompleksinin prezidenti Tofiq Heydərov yaxınlarına məlumat sızmasının qarşısını almaq barədə göstəriş verib. Ancaq göstərişin uzaqdan və ya yaxından verildiyi qeyd edilmir. O, eyni zamanda narazıların işinin dərhal həll edilməsini tapşırıb. Media nümayəndələrini isə "yaxşı yola verin", deyib. 

 

Məktub müəllifi bu çaxnaşma və narahatçılığın səbəbini onunla izah edib ki, T.Heydərov hökumətdəki əlaqələri vasitəsi ilə Prezident İlham Əliyevin "AAAF" yaşayış kompleksini ziyarət etməsinə səy göstərir. Ona çalışılır ki, Prezident gələnə kimi kompleksdəki dini qruplaşmalar, iranpərəstlərin, vəhhabilərin təşkilatlanması barədə mətbuata məlumat sızmasın. Əsas odur ki,Prezident "AAAF Park"ı ziyarət etsin və sonra hamını bu arqumentlə susdursunlar. Yəni ki, burada dini elementlər olsaydı, dövlət başçısı kompleksi ziyarət etməzdi. 

 

Məktub yazan onu da bildirib ki, cənab Heydərov 2015-ci il parlament seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır. Guya Abşeron Rayon İcra Hakimiyyətinin başçısı rayonda ona çox işlərini gördürür və bunun əvəzində millət vəkili seçilməsi üçün "yuxarılar"la danışıqlar aparacağına söz verib. Məlumatı verən iddia edir ki, "AAAF"da  maliyyə fırıldaqları barədə də məlumatlar var və bu faktlar axırda Heydərov və şəriklərinin sonu ilə nəticələnə bilər.

 

İş adamı müəssisənin ərazisini qanunsuz və ucuz alıb

 

"AAAF" yaşayış kompleksi ətrafında baş verənlər bir müddətdir diqqətimizdədir. "AAAF İnşaat" rəhbərinin həbsi xəbəri yayılanda kiçik bir araşdırma aparmışdıq və ortaya məlumatları inkar etməyən inandırıcı faktlar da qoymuşduq. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi qanunsuz ləğv edilmiş "Bakı Quşçuluq" ASC-nin səhmdarının iddiası əsasında baxılacaq məhkəmə işini təxirə salıb. Səbəb kimi isə cavabdehin nümayəndəsinin xəstələndiyi əsas gətirilib. Lakin məlumatlar var ki, məhkəmənin təxirə salınmasına səbəb "AAAF İnşaat"ın başında dolaşan "qara buludlar"dır. Vaxtilə kompleksin indi sahib çıxdığı 46 ha torpaq "Bakı Quşçuluq" fabrikinə aid olub. Sonradan özəlləşdirilən müəssisə ləğv edilərək 100-dən artıq səhmdarının əlindən çıxarılıb, T.Heydərova verilib. Ortada olan alqı-satqı müqaviləsi isə qanunsuz bağlanıb. Yəni müəssisə ləğv olunmazdan əvvəl həmin müqavilə imzalanıb, ərazi bütövlükdə cənab Heydərovun nəzarətinə keçib. Müəssisənin 46 ha ərazisi, əmlakı ümumilikdə Heydərova 11 milyon manata başa gəlib. Əmlak eksperti isə hesablamalarla belə nəticəyə gəlmişdi ki, ASC-nin əmlakı dəyərindən 2-3 dəfə ucuz satılıb. Bu isə daha çox vergidənyayınmaya xidmət edir və ortada cinayət əməli var. Lakin şirkətin Beynəlxalq Bank prezidentinin himayəsindən tamamilə çıxıb başqa bir yüksək çinli məmur olan AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçməsi bu sahədə hüquqi addımları nəticəsiz edib. Bununla belə müəssisənin ruhdan düşməyən səhmdarları dövlət qurumlarına, KİV-ə müraciətlərini davam etdirib, məhkəmə çəkişmələrinin sayını artıq itiriblər. Hazırda müəssisə ətrafında qalmaqalı onunla izah edirlər ki, hökumət bu işə diqqət yetirmək qərarına gəlib. KİV-in də problemi daim aktual saxlaması onları bir qədər ümidləndirib. Hesab edirlər ki, T.Heydərov "Bakı Quşçuluq" ASC-nin mülkünü qanunsuz ələ keçirib və bağlanan alqı-satqı müqaviləsi də legitim deyil. Çünki satış müəssisənin səhmdarların ümumi yığıncağının ləğvi qərarı olmadan həyata keçirilib və müqavilədə göstərilənin əksinə, müəssisənin bir sıra öhdəlikləri olub ki, bu da onun əmlakının satışını qanunsuz edir. 

 

Heydərov millət vəkilliyinə iddialı deyilmiş

 

Bir müddət əvvəl T.Heydərovun həbsi xəbəri yayılanda köməkçisinə zəng eləmişdim. O, "AAAF İnşaat"ın baş direktorunun saxlanılması  xəbərinin yalan olduğunu, prokurorluğa çağırılmadığını demişdi, bu barədə şayiə yayan KİV-i məhkəməyə verəcəkləri ilə hədələmişdi. Hətta hüquqi prosedurlara başladıqlarını da söyləmişdi. Lakin heç bir hüquqi addım atılmadı. Onda mən T.Heydərova redaksiyaya zəng etməsi üçün köməkçisi vasitəsilə ismarış göndərdim və qarşı tərəfi də bir az təhrik etdim ki, "əgər həbsdə deyilsə, mənə əvvəl olduğu kimi zəng etsin". Amma cənab Heydərov zəng eləmədi. "AAAF Park"dakı supermarketin açılışında da Heydərovun nə izi vardı, nə sorağı. Hər halda yerli kanallarda gedən reportaj və şirkətin web-saytında o, yox idi. Məlum oldu ki, cənab Heydərovun adı hər yerdə çəkilsə də, özü meydanda görünmür. Odur ki, onun ya qaçdığı, ya da həbs olunduğu rəyi yaranırdı. T.Heydərovun prokurorluqda dindirilməsi və ya saxlanması indiyə qədər də rəsmi olaraq təsdiqini tapmayıb. Amma şirkət rəhbəri hazırda ortalıqda görünmür. Onun guya hansısa tədbirlərdə iştirak etdiyi barədə məlumatlar isə deyilənlərin şayiə olduğu görüntüsünü yaratmağa xidmət edir. 

 

Barəsində söhbət gedən məktub yenidən "AAAF Park" və onun rəsmi sahibi T.Heydərov ətrafında baş verənləri aktuallaşdırdı. T.Heydərovun telefonuna zəng elədim. Lakin telefona özü yox, Ruslan Xanverdiyev adlı şəxs cavab verdi. Bildirdi ki, T.Heydərov yaxınlıqda yoxdur, amma ona ünvanlayacağım bütün sualları özü cavablandıra bilər. Mən də suallarımı istədiyi kimi ona yönəltdim:   

 

- Ruslan, ölkə Prezidentinin "AAAF Park"ın ziyarətinə gələcəyi barədə məlumat nə qədər doğrudur?

 

- Hələ tam dəqiq bilinmir. 

 

- Amma dövlət başçısının gələcəyi barədə niyyət var?

 

- İnşallah. Amma tam dəqiq bilinmir. 

 

- Parkın açılışı olacaq, yoxsa Prezident dəvət olunub?

 

- Əgər gələcəksə, parkın açılışına gələcək.  

 

- Parkın açılışı nə zamandır?

 

- Hələlik o da bilinmir. 

 

- Orada işlər başa çatıbmı və ya başa çatdırılması nə vaxta planlaşdırılır?

 

- Bəli, işlər başa çatıb. 

 

- Prezidentin ziyarəti yanvara qədər gözlənilirmi? 

 

- Xanım, onu mən sizə dəqiq deyə bilmərəm. 

 

- Amma bu olmadı ki! Suallarıma cavab vermək öhdəliyi götürdünüz, lakin heç birinə cavab verə bilmirsiz. Deyin, dövlət başçısının yaşayış kompleksinə ziyarəti gözlənilirmi? 

 

- Yox, dəqiq bilinmir. 

 

- Yaxşı, onda sizdən cavab verə biləcəyiniz söz soruşum. Tofiq müəllim 2015-ci il Parlament seçkilərində 

namizədliyini verməyə hazırlaşır? 

 

- Yox, xanım, bunlar hamısı ora-bura yazılan şayiələrdir. Boş şeydir. Belə bir məsələ yoxdur. 

 

- Yəni qəti olaraq bildirirsiz ki, Tofiq Heydərov gələn il Parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməyəcək, eləmi? 

 

- Xeyr, xeyr!

 

- Tofiq müəllim özü şəhərdədir, yoxsa kənara çıxıb?

 

- Buradadır. 

 

- Bəs onda haqqında deyilənlərə niyə özü münasibət bildirərək reaksiya vermir? Sadəcə bir saytda onun mövqe bildirdiyi yazılır, amma doğrudur-yanlışdır, şəxsən mənə bəlli deyil. 

 

- Qəzetlər araşdırma aparmırlar, soruşmurlar, ağızlarına, beyinlərinə nə gəldi, yazırlar. Siz zəng edib araşdırırsız, onlar isə bunu eləmirlər. 

 

- Amma siz də araşdırmağa kömək eləmirsiz. Bəlkə də onlar ən yaxşısını edirlər? Çünki mən zəng vururam, soruşuram, özümü yoruram, faydası yoxdur, onsuz da düzgün cavab ala bilmirəm. Odur ki, mən də zəng etdiyimə peşmanam. 

 

- Nəyi yaxşı edirlər? İşlərini düzgün görə bilmirlər. Olmayan şeyləri yazırlar. 

 

- Yaxşı, olmayanları, böhtan, cəfəngiyyat yazırlarsa, bəs niyə təkzib vermir, susursuz? 

 

- O yazıların sabahısı gün Tofiq müəllim "intervyu" verdi. 

 

- Sadəcə bir sayta müsahibə verdi, onu başqa yerdə görən olmayıb.

 

- Yalan informasiyanı bütün saytlar götürüb yazdı, onu da götürüb yaza bilərdilər. 

 

- Niyə başqa saytlar verməlidir ki? Keçən dəfə zəng elədim, dediniz Tofiq müəllim açılışda olub, saytınıza da baxdım, yazılan məlumatda onun nitq söylədiyi bildirilirdi. Amma bütün şəkilləri ələk-vələk elədim, açılışda yoxdur. 

 

- Mağazanın açılışında Tofiq müəllim videoda düşüb. Videodan görünür ki, oradadır. Ondan sonra müsahibə də verdi.  

 

- Saytda mən video görməmişəm, sadəcə şəkillərdir və parkın marketinin açılışında onun rəhbərinin şəkli yoxdur. Tofiq müəllim şəkil çəkdiribsə, onda onun özünün olduğu şəkilləri sayta qoymayıblar. 

 

- Orda Tofiq müəllim var. 

 

- Bir şey də soruşacam. Sizdə vergi yoxlamaları başa çatdı?

 

- Onlar hamısı şaiyədir xanım, burada vergi yoxlama aparmır. Buranı gah vəhhabilərlə bağladılar, gah "İranla əlaqələri var" dedilər. Hamısı boş şeylərdir. 

 

- Vəhhabi, İran əlaqəsini siz özünüz deyirsiz, mən soruşmadım, heç maraqlanmadım da…    

 

- Şükür Allaha, bizdə heç bir problem yoxdur, hər şey qaydasındadır. 

 

- Tofiq müəllim "Bakı Quşçuluq"un məsələsində olduğu kimi, mənə yenə zəng vurub danışa bilər? Bizim bir-birimizlə salam-sağolumuz var. Heç olmasa, bir salam verək, təbii ki, əgər həbsdə deyilsə… 

 

- (Bir qədər pauza verir) Keçən səfər… Nə bilim xanım, deyərəm özünə, istəsə, zəng edər. 

 

- Bir də özündən soruşum, Parlament seçkilərində iştirak etməyi düşünürmü, namizədliyini verəcək ya yox?  

 

- Onlar hamısı şayiədir…

 

- Nə var ki? Tofiq müəllim millət vəkili ola bilməz? 

 

- Ola bilər, ancaq bu dəqiqə elə bir söhbət yoxdur. Olmayan şeyi niyə deyirlər? 

 

- Aldığımız məlumata görə, icra başçısının bəzi tapşırıqlarını yerinə yetirir, onun bir sıra sosial-iqtisadi məsələlərinin həllində iştirak edir…

 

- Mən sizə məlumat verdim…

 

- Ruslan, siz mənə heç bir məlumat vermədiniz. Tofiq müəllimin zəngini gözləyirəm.

 

- Yaxşı, sizinlə əlaqə saxlayar. 

 

- Siz orada nə işə baxırsız, yazıda sizi necə təqdim edim?

 

- "Zirvə" MMC-nin direktoru kimi təqdim edin. 

 

- Bəs niyə Tofiq müəllimin telefonuna özü yox, "Zirvə" MMC-nin direktoru olan siz cavab verirsiz? 

 

- Bu mənim telefonumdur, xanım. 

 

- Mən bu nömrəni "Bakı Quşçuluq" Səhmdar Cəmiyyətinin torpağının alqı-satqı müqaviləsindən götürmüşəm. O müqavilə ki, oraya əmlakı alan müəssisə "Xəzər Menecment Sistems"in rəhbəri kimi Tofiq Heydərov imza atıb. Sizin telefon nömrəniz həmin müqavilədə nə gəzir?  

 

- Mənim nömrəm?

 

- Bəli, indi sizinlə danışdığımız telefon nömrəsi mübahisəli müəssisənin müqaviləsində qeyd olunub… Onda siz Tofiq müəllimin qohumusuz… Ya telefon nömrəsini sonradan sizə bağışlayıb, ya da müqavilədə qohumu olaraq sizin telefonunuzu qeyd edib… 

 

- Bəli. 

 

- Lap yaxın qohumsuz?

 

- Nəyə lazımdır bu? 

 

- Onda gizlətmək nəyə lazımdır? 

 

- Bəli, bacısı oğluyam. 

 

- Sualımı bir də təkrarlayıram, "Bakı Quşçuluq"un müqaviləsində sizin telefonunuz hansı səbəbdən qeyd olunub? Müəssisə ilə o vaxt əlaqəniz bacıoğludan başqa hansı səviyyədə idi? Orada Tofiq müəllimin imzası var, sizin isə telefonunuz. 

 

- Ola bilər. Bütün məlumatları zəng edib məndən alırlar…

 

- Səhmdarlar sizə zəng edirlər? Onların hamısında bu telefon nömrəsi var, alqı-satqı müqaviləsində qeyd olunduğu üçün ola bilsin oradan götürüblər. 

 

- Səhmdarlar artıq bizlik deyil, onların öz cəmiyyətləri var.

 

- Hansı cəmiyyəti deyirsiz?

 

- Özü də o səhmdar söhbəti də çoxdan qurtarıb. Tofiq müəllim də sizə müsahibəsində bildirmişdi ki, biz buranı almışıq.    

 

T.Heydərov bu dəfə də mənə zəng eləmədi. Hesab edirəm ki, Tofiq müəllimin imkanı, ən azından yaxınında telefonu olsaydı, mənə mütləq zəng edərdi, birinci dəfə olduğu kimi. Çünki biz yaxşı həmsöhbət olmuşduq və "AAAF"ın prezidenti o tarixi müsahibəsini çətin ki, unutsun.  

 

Tarix
11 Oktyabr 2014 [13:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin