Ana səhifə
19 Oktyabr 2018

2015-ci ilə hansı "baqajla" gedirik?

Zahid Oruc: «2014-cü ili Qarabağa görə itirilmiş il saymıram»

 

«Yeni ildə heç vaxt xaricdə olmamışam»

 

 

Yeni il gəlir. Dünyanın qlobal hadisələrinin yeniləşən təqvimə nə verəcəyi isə köhnə ildə yaranan bazanın hansı təməl üzərində qurulmasından asılı olacaq. Millət vəkili Zahid Oruc "Üç nöqtə" yə verdiyi müsahibədə bu və ya digər məqəmlara toxunub.

 

- Zahid müəllim, artıq 2014-cü ili başa vurmaqdayıq. Dünyada gedən gərgin proseslərin fonunda keçilən yola nəzər salaraq ölkəmizin bu ili hansı uğurları və problemləri ilə yola saldığını söyləyərdiniz. Biz 2015-ci ilə hansı baza ilə gedirik?

- 2014-cü ilə nəzər salarkən dünyada gedən hadisələrə toxunmadan ayrılıqda bir ölkənin yaşantılarını qiymətləndirmək yanlış olardı. Bu gün münaqişələrin keçmiş SSRİ sərhədlərinə daxil olduğu bir vaxtda 2014 cü ili ölkəmiz üçün təhlükəsizlilk və sabitliyin mövcudluğu baxımından ən böyük nailiyyət kimi vurğulamalıyıq. Əlbəttə bütün bunlar Azərbaycanın yürütdüyü ağıllı, sistemli bir siyasətinin hesabına mümkün oldu. Bütövlükdə beynəlxalq tendensiyaları, dövlət maraqlarımızın balansını yaxşı qoruya bildik və ona görə də 2014-cü il uğurlu oldu. Biz bunu siyasi, iqtisadi, mədəni, hərbi sahələrin hər birində bu məsələləri vurğulaya bilərik və onların nəticələri 2015-2020-ci illərdə də özünü hiss etdirəcək. Məsələn, Cənub Qaz Dəhlizi 2014-cü ilin əsas iqtisadi hadisəsi sayılmalıdır. Cənub xətti ilə yeni layihlər meydana çıxırsa, fərqli hədəflər qarşıya qoyulursa, deməli biz bu dəhlizi uzaqgörənliklə müyyənləşdirdik. Adətən mədəni inkişafı politoloji ədəbiyyatlarda yumşaq güc kimi xarakterizə edirlər. Bu mənada mədəni həyatımız da bizim maraqlarımıza uyğun işlədi.

Azərbaycanın xarici siyasəti, istər daxili hərbi addımları hesabına ermənilər Qarabağ cəbhəsində çox itirdilər. Azərbaycan ordusu ayaqda oldu və bunu 2015 ci ildə də davam etdirəcəyik. Problemlər oldu. Amma 2014-cü ildə ermənilər Qarabağ cəbhəsində nə hərbi, nə də siyasi uğur qazanmadı. Əksinə, Seyran Ohonyan ilin yekunları ilə bağlı qiymətləndirməsində etiraf etməyə məcbur oldu ki, bu il Qarabağ erməniləri və Ermənistan üçün çox böyük itkilərlə müşaiyət olunub və ağır il olub.

 

- Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə münasibətləri hansı müstəvilərdə özünü göstərdi?

- Biz istənilən ölkənin münasibətini Qarabağ məsələsindən keçərək qiymətləndiririk. Deyirik ki, ərazi bütövlüyümüzə münasibət göstər, biz də sizinlə davranışlarımızı quraq. Kimsə bunu səhv adlandıra bilər. Məsələn, Rusiyanın əsas müttəfiqləri olan Qazaxıstanın, Belarusun Krım məsələsinə münasibəti varmı? Yoxdur. Bu dövlətlər məsələ ilə bağlı müəyyən neytrallıq, manevr saxlayırlar. Hər halda biz "savaş cəbhəsi"nə bir mövqe ilə çıxmalı, müxtəlif ölkələrdə Azərbaycanın problemlərinin səslənməsi, ayrı-ayrı parlamentlərdə Xocalı hadisəsinə qiymət verilməsi səviyyəsində işlərin görülməsinə baxmalıyıq. Təəssüf ki, 2014-cü ilin ən böyük problemi, torpaqlarımzın işğalı öz həllini tapa bilmdi və biz onu gələcək ilə daşımalı olduq. Amma 2014-cü ildə müəyyən addımlar atıldı. Beynəlxalq əlaqələri bu problemə yönəltmək, iqtisadi əməkdaşlıqdan faydalanaraq düşmənə zərbə vurmaq, ordu birləşmələrini təlimlər vasitəsilə ayağa qaldırıb ermənilərin üzərinə yeritmək və sair məsələlər gerçəkləşdi. Yeganə düşmənə qarşı hücum, sürətli müharibə qalırdı. Ona görə də mən 2014-cü ili Qarabağa görə itirilmiş il saymıram. Əlaqələrimizin iqtisadi-siyasi imkanlarımızın möhkəmliyi bizə o zəmini yaradır ki, müəyyən bir şəraitdə biz torpaq bütövlüyümüzü tam qazana bilək. Mənim fundamental baxışım belədir ki, indiki gerçəklikdə nə mümkündürsə, Azərbaycan dövlət rəhbərliyi tərəfindən reallaşdırılır. Ona görə indi hər hansı avantüralara getmək olmaz. 90-cı illərdə bu bölgədə hamı müharibə istəyirdisə, indi müəyyən mənada sülh şəraitini qorumaq istəyirlər. Belədirsə biz bununla müəyyən mənada hesablaşmalıyıq. "Nəsillər dəyişir", "Qarabağı tanımayan insanlar meydana gəlir" və sair mesajlarla cəmiyyəti qorxutmaq olmaz. Məsələn, mən Göyçəni görməsəm də amma ora qayıtmaq ruhumu içərimdə saxlayıram. Ona görə müəyyən bir fobiyalarla, təhdidlərlə millətin üzərinə yeriyib onu öz iradəsindən kənar müharibəyə sürükləmək ağır nəticələr doğura bilər. Biz bilsək ki, ermənilər hərbi-siyasi meydanda təkdir, bu gün onların üzərinə yeriməklə Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını geri qaytaracağıq, dövlət başçısı sabah deyil, elə bu gün müharibəyə başlayardı.

 

- Zahid müəllim, bu gün Qərb və Rusiyanın bölgədə möhkəmlənmək istəyi regionda bəlli bir gərginlik yaradıb. Bu vəziyyətdən dolayı gərginləşən geopolitik vəziyyət 2015 -ci ilə nələr vəd edir?

- Əsas məsələ regionun əsas abu-havasını müəyyənləşdirəcək iki dövlətin, əslində Qərblə Rusiyanın arasında gedən davanın nə ilə sonuclanacağından asılıdır. Düzdür, 9 dekabrda Paraşenkonun elan etdiyi atəşkəs şəraiti əvvəlkilərdən fərqli olaraq qorunub saxlanır. Amma sanksiyalar daha da genişlənir. Tanımama, əlaqələrin üzərindən xətt çəkilməsi, soyuq müharibə stilində davranışlar ön plana çıxır. Dövlətlərdən mövqeyini müəyyənləşdirmək tələb edilir. Qruplaşma ab-havası hökm sürür. Kimin yanında olmaqla bağlı az qala təhdidlər səsləndirilməkdədir. Ona görə də o məqamı qiymətləndirməliyik ki, Ukrayna Rusiya tərəfindən bütövlükdə götürülərsə nə baş verəcəkdir. Luqansk və Donetskinin tanınması gerçəkləşməyəcək. Rejimi devirənə qədər də bu proseslər davam ediləcək. Bu halda Ukrayna Rusiyanın təsir dairəsinə qayıtmış olacaq. Düzdür, Qərbdə bir eyforiya var ki, Rusiya Krımı qaytarsa da Ukraynanı itirib. Amma mən hesab edirəm ki, bu proses hələ ki, böyük şahmat taxtasnın üzərində gedən mübarizə durumundadır. O üzdən biz addımlarımızı həmin şəraitə uyğun atmalıyıq. Əlbəttə biz məsələnin daha çox sülh vasitəsilə çözümünü arzulayırıq. Hətta bundan ötrü müxəlif vasitəçilik missiyalarında da bulunmaq potensialımız var. Çünki Rusiya və Ukrayna ilə normal münasibətlərə malikik və hər iki dövlətin rəhbərliyi Azərbaycan prezidentinin xarizmasını, onun missiyasını qəbul edə bilər. Amma söhbət fundamental Avropa arxitekturasının gələcəyindən gedir. Bu təhlükəsizlik sistemi dağılır. Bilirsizniz ki, Helsinki aktının yenilənməsi istənilir. Belə hesab olunur ki, ATƏT-in tərtib etdiyi hüquqi aktlar, sənədlər bu qitənin təhlükəsizliyini qorumaq gücündə deyil. Güclə ələ keçirilən ərazilər tanınmasa, onda gərək Qərb də Kosovanın müsətiqlliyindən geri dursun və qərarlarını ləğv eləsinlər. Buna gediləcəkmi, xeyir. Rusiya da bundan stimullaşaraq deyəcək ki, öz qərarlarından geri durmur və sair. Mən hesab edirəm ki, 2015-ci ilin siyasi mənzərəsi həddən artıq gərgin olacaq və mümkündür ki, proseslər daha geniş müharibələr səviyyəsinə qaldırılacaq.

 

- 2015-ci il eyni zamanda Türkiyəyə qarşı yönələn erməni təhdidi - "erməni soyqırımının" tanınması ilinə keçid kimi də tez-tez müzakirəyə çıxarılır. Bu aspektdə nələr gözlənilir?

- Diaspora və erməni rəhbərliyi arasında yaranan konfrantasiya fonunda mərkəzdən idarəçilik sistemi pozulub. Vaxtilə lobbi birlikləri erməni dövlətini təsis edib onu ayaqda saxlayırdı. İndi isə onlar əllərini çəkiblər. Bu az qala erməni xalqının mövcudluq ideologiyasına çevrilmiş saxta soyqırımının 100 illiyində də özünü gösərəcək. Amma milli qanın coşması, özünü tarixi borca görə ayaqda tutmaq, müxtəlif ölkələrdən ictimai kampaniyalar düzənləmək səviyyəsində müəyyən addımlar atılacaq. Bu Türkiyə üçün müəyyən risklər vəd edir. Nəzərə almaq lazımdır ki, sadəcə müdafiyə mövqeyindən çıxış edəndə arkestrdə ikinci rolu almış olursan. Bu gün ermənilər təəssüf ki, informasiya məkanında deaktivlik işini başladıblar. Türkiyənin burada sistemli müdafiyəsi olmalıdır. Hesab edirəm ki, bununla əlaqəli iki dövlət arasında müvafiq komissiyalar təşkil olunmalıdır. Mən çox arzu edirəm ki, Türkiyə və Azərbaycan eyni zamanda bizim dünya çapında olan bütün diaspora qruplarının imkanları bu istiqamətdə birləşdirilsin. Biz Türkiyə ilə birlikdə 130 milyona qədərik, hərə bir addım atsa, bu, dünyada mövcud olan ermənilərin səsindən, mövqeyindən daha üst səviyyədə olacaq. Ona görə də Türkiyənin qarşısını kəsmək üçün ermənilərin müxtəlif addımları olacaq. Yəqin ki, "soyqısımı"tanımağa başlayan bir neçə kiçik dövlətlə Qarabağın müstəqilliyini tanınması və əvəz kimi bu ərazilərin verilməsi istəkləri güclənəck. Amma aprelin 24-də Xocalı soyqırımının Türkiyə parlamentində tanınması, İslam ölkələrinin hamısının buna verdiyi qiymət ermənilərə daha sarsıdıcı zərbə olardı, nəinki sadəcə tarixi hesabları qabartmaq, kitabları ortalığa qoymaq, hadisələrin daha çox keçmişinə qiymət vermək. Əks sistem qurmaq lazımdır.

"Müsavat Partiyasının hakimiyyətlə normal münasibətləri Xalq Cəbhəsini tamamilə məhv edəcək"

 

- 2014 daxildə müxalifət partiyalarının fəaliyyətində nələri müşahidə etdik. Bəllidir ki, partiyalar daha çox öz aralarında olan ziddiyyətlərlə gündmə gəldilər. Belə deyilir ki, 2015-ci ildə gərgin situasiya yaranacaq. Müxalifət və onu toparlanması ilə bağlı nələr baş verir? Müxalifət 2015-ci ilə hansı baza ilə gedir?

- Ən azı sonuncu iqtidar-müxalifət dialoqunun baş tutması sübut edir ki, iqtidar gələcək siyasi prosesləri öz diqqət mərkəzində saxlaya bilər. Bu qüvvələrin xaricdən müyyən qüvvələrin təsirinə keçəcəyini iddia edənlər yanılırlar. Hətta ənənəvi təxribartların mərkəzi AXCP və Müsavatdan doğurdusa, o birlik də parçalanıb. Belə olan təqdirdə 2015-ci ilin parlament seçkilərinin əsas tendensiyası kimi toqquşmaların, küçə yürüşlərinin və meydan savaşlarının olacağını düşünmək sadəlövhlükdür. Əksinə, mən deyərdim ki, 2015də iqtidarla əməkdaşlıq etmək istəyən, normal tanınmaq üzrə olan müxalif partiyaların sayı artacaq. Siz ənənəvi olaraq çox davakar xətt tutan partiya rəhbərlərinin xeyli liberal xəttə yuvarlandığını görürsünüz. Qurultaydan sonra Müsavat Partiyası içərisindən gizli düşərgənin ortaya çıxmağı o səbəbə görə oldu ki, bu partiyanın sıralarında addımlamış məhdud səviyyəli adımlar hakimiyyətlə müqavilələrin tərəfindədirlər. Yəni istəyirlər ki, müxtəlif məsələlərdə konsersus tapsınlar, müxtəlif əməkdaşlığa getsinlər, bu qarşılıqlı inhisarçılıq, davakarlıq mühitindən çıxsınlar. Müsavat Partiyasının hakimiyyətlə normal münasibətləri Xalq Cəbhəsini tamamilə məhv edəcək. Çünki onlar bütün davakarların partiyası olmaq istəyirlər. Müsavatla birlik olmadan isə onlar bunu qazana bilməzdilər. O üzdən dünürəm ki, 2015-ci ildə Qərbin öz siyasi kapitalını hansı partiyaya qoyması əsas məsələ olmayacaq. Düşünürəm məsələ 2015-ci ilin parlamentində hakim partiyanın hansı tendensiyalar əsasında öz namizədlərini müəyyənləşdirməsi ilə bağlı olacaq - gənclik, sahibkarlar ordusu, qadınlar, yoxsa elm -təhsil kontingenti, menecerlər və sair . Yəni mən düşünmürəm ki, 2015-ci ilin əsas davası iqtidarla müxalifət arasında gedəcək. Hakim cinahda o qəqdər sıxlıq yaranıb ki, əsas məqsəd onların içərisindən qabiliyyətli insanları müəyyənləşdirməkdir ki, 5-ci çağırış qanunverici orqanın təmsilçiləri güclü olsun.

Müxalifət isə 2015-ci ild toparlana bilməyəck. Hətta onların indiki dövrdə məlum Şurası da ciddi bir komanda qurmaq imkanında deyil. Belə olan təqdirdə müxalifətin birliyi alınmayacaq. Amma maraqlıdır ki, müxalif cinahın "unikallığı" ondan ibarətdir ki, onlar nəinki ayrılanda, elə birləşəndə də zəifləyirlər. Çünki bir-birini sabataj edirlər. Hamsı düşünür ki, görəsən satqın kimdir, hansı qüvvə axşamlar iqtidar cinah ilə gizli görüşə və danışıqlara gedir.

 

- Siz özünüz Yeni ilə necə, hansı təəssüratlarla gedirsiniz, şəxsən Zahid Oruc olaraq?

- Bu il ərzində istər parlamentdə, istərsə də ondan kənarda ictimai-siyasi məsələlərə dair öz baxışlarımızı ortaya qoyub, ən aktiv düzeydə millətimizin işinə yararlı olmaq istədik. Bu müəyyən səviyyədə alındı. İndi bizim işimizi qiymətləndirən müxtəlif sorğu mərkəzləri də onu göstərir ki, buna obyektiv dəyər veriblər. Əlbəttə biz arzulayırıq ki, ən aktiv bir hakimiyyət qollunun təmçiləri içərisində içərisində ən önlərə çıxaq və hətta orta yerlərdə olsaq belə, bu, qəbahət sayılmayacaq.

Şəxsi həyataıma gələndə isə ailə üzvlərim sağ-salamtdırlar. Övladlarım bir az da böyüyüblər. Onlardan biri artıq orta məktəbi bitirərək xaricdə təhsil üçün ilkin addımlarını atıb. Əminəm ki, onu qazanacaq və bu mənada illərin zəhmətinin hədər olmadığını bizə göstərəcək və daxilimizdə bir mənunluq olacaq. Hər bir halda insanlar cəmiyyət, ictimai məsələlərə görə deyil, eyni zamanda şəxsi həyatlarına görə bədbəxt və ya xöşbəxtdirlər. Bu formul dəyişilməzdir. Nə qədər pafoslu qeyri-adi nəzəriyyələrlə yaşasaq da, açıq deməliyik ki, insanlar öz şəxsi həyatlarında faciələr yaşayanda milli həyat üçün aktiv fəaliyyət apara bilmirlər. Ona görə də bu sarıdan da işlər normal bir səviyyədə davam edib. İkinci övladımız da oxuyur, özünün şıltaqlığı, qaynarlığı ilə evimizə bir xoşbəxtlik qatır. Lakin ən başlıcası milli xidmətdir, onu 2015-ci ildə yaşamaq niyyətindəyik.

 

- Yeni ildə hansı xarici ölkəyə getmək fikrindəsiniz?

- Mən yeni ildə heç vaxt xaricdə olmamışam. Ya Bərdədə, ya da qohumlar, dostlarla birlikdə olmuşam. Bu ili də Bakıda qarşılayacam.

 

- Təşəkkür edirəm və sizə yeni ildə yeni-yeni uğurlar arzu edirəm.

- Təşəkkür edirəm, mən də sizə yeni ildə uğurlar, gümrahlıq, can sağlığı, könül toxluğu arzu edirəm.

 

 

Tahirə Qafarlı

Tarix
29 Dekabr 2014 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin